Sirk və ayı üçün konfet - ALLAHEVRDİ EMİNOV YAZIR
![Sirk və ayı üçün konfet - ALLAHEVRDİ EMİNOV YAZIR](/frontend/uploads/files/baki%20sirki.jpg)
Pritça
Ötən əsrin 80-90-cı illərində uşaq və yeniyetmələrin Sirkə güclü meyli vardı, SSRİ-nin müxtəlif şəhərlərini təmsil edən sirk truppaları Bakıya müntəzəm qastrol səfərləri edirdilər. O vaxt məktəbli uşaqlarımı Sirk tamaşalarına aparırdım, həvəslə baxır, zövq alırdılar. Onların fikrindən nə keçirdi – soruşmurdum. İndi təəssüflənirəm səhvdə olmuşam. Bu, biz valideynlərin böyük səhviymiş. Axı, uşağın daxili fərəh və faciələrini heç vaxt yaşlılar anlaya bilməmişlər. Bu uşaqlar yaşa dolduqca hər şeyi başa düşəcəklər – bu ümidi varlığımızda yaşatmışıq.
Xatırlayıram: sirkin arenasına çıxan vəhşi heyvanlar uşaqları daha çox maraqlandırırdı. Atları qamçılayanlara hirslənir: “Ata, atların nə günahı var, qamçını havada oynadır, sonra yancaqlarında şaqqıldadırlar”, – pıçıldayırdı. Mən uşağın diqqətini yayındırmaq istəmirdim...
Atlar öz işlərini başa vurub, arenanı tərk edirdilər. Onları vəhşi şirlər, ayılar əvəzləyirdi. Təlımçilər isə şirləri, ayıları ram etmək üçün cibindən konfet çıxarıb heyvana verirdilər. Ağzı şirinləşən şirlər və ayılar təlimçinin göstərişlərini dərhal icra edirdilər. Beləliklə, uşaqlar sirkdəki “oyunbazlardan” zövq alırdılar. Bəli, bu tamaşaya baxan uşaqlar əl çalır, sevinirdilər, biz yaşlılar isə uşaqlaşırdıq. Ani olaraq həyatda baş verən hadisələri: ziddiyyətləri, haqsızlıqları xəyalımızdan keçirir, belə olayların “qamçılanmasını” arzulayırdıq. Halbuki, atların günahı nəydi? Şirləri və ayıları konfetlə aldadan təlimçiləri əvəz edən məmurlar bir konfetlə camaatın başını qatırlar.
Sirk mənim üçün həyatın canlı modeli kimi yaddaşımda yaşayır. Sirk mənim üçün əyləncə deyildi, sadəcə cəmiyyətin arenaya çıxarılan atributu idi. Sirk mənim üçün uşaqların əyləncə yeriydi. Sirk mənim üçün yaşından asılı olmadan diqqət mərkəzinə düşən incəsənətin bir növüdür. Çün, sirkdə uşaqlar sevinir, əl çalır, ayağa qalxıb vəhşi heyvanları alqışlayırlar. Sirk mənim yozumumda tamaşaçılar və uşaqlar üçün sevgidən başlayır, bu mənada kəndirbazlar, janqlyorlar, gimnastlar peşələrini nümayiş etdirirlər, balaca tamaşaçılarını “aldadırlar”. Hələlik bu uşaqlar üçün arenada baş verənlər yalnız əyləncə üçündür. Təlimçilər isə qamçı və konfetlə heyvanları aldadırlar, minbir oyundan çıxarırlar. Eyni zamanda özlərini aldadırlar.
Sirkdə əyləncələri musiqi müşayət edir, asta və təntənəli melodiyaların sədaları altında arenada kəhər atlar qaçışır – qamçılar şaqqıldayır, şirlər və ayılar bir konfetin sorağında ayaqlarını yuxarı qaldırır, ağızlarını açır, təlimçidən şirin nəsə umurlar. Musiqi isə səslənir...
İllər yetişdi, uşaqlarım mənim yaşıma çatdılar, kiçik oğlum mühəndis ixtisasına yiyələndi, fabrikdə sex rəisi vəzifəsini tutdu, işləri pis getmirdi. Yeni ildə köhnə direktoru vəzifədən götürdülər – iclasda “baş direktorun” aşını bişirmişdi, xəbər tutub oğluma dedim ki, nahaq belə danışmısan, indi “böyükləri” tənqid etmək dəbdə deyil, altını çəkirlər bu cür adamlar. Oğlum mənimlə razılaşmırdı, inadından dönmək istəmirdi:
– Ata, – astadan pıçıldadı. – Fabriki batırıbdır palçığa, gələndən ancaq geriləyirik, mukafatlardan məhrum oluruq. Günü xarici ölkələrə səyahətdə keçir, büdcəni sıfıra endirib. “Yuxarıdakı”nın yaxın qohumudur, həm də yerlisidir.
Oğlum ayağa qalxdı, yan otağa keçdi və əlində salafan torbada qayıtdı.
– Ata, dünən işçilərə verdiyi mukafat bir kilo konfet oldu. Budur!
Mən gülümsədim.
– Oğul, – dedim. – Yadından çıxmayıb ki?
Təəccüblə üzümə baxdı:
– Nəyi deyirsən, ata? Olmaya bizi sirkə apardığın illəri nəzərdə tutursan?
Yadındamı, təlimçi şirə, ayıya konfet verib oynadırdı!
– Xatırladım, ata, deyirsən təzə direktorun da!
– Deyirsən, qamçısız, konfetsiz dünya axtaraq. O dünya varmı?
– Yox, elə bu dünyada yaxşı şeyi, haqqı tapmaq olar, tələsmə. Sən də dilinin altına şəkər qoy. Ulu Nizami yazıb ki:
Bu cürə bəzəkli bir dünya varkən
Bir də başqa axtarmaq nədən?
Yaşamaq olursa harada mümkün,
Ayrı bir dünyaya köçmək nə üçün?
Əgər orda isə bizim yerimiz
Əvvəlcə bəs bura neçin gəldik biz?..
Allahverdi EMİNOV
![](/frontend/uploads/files_son/QAZ12.jpg)