Sinan Oğanın Ərdoğanı dəstəkləməsi SEÇKİNİN NƏTİCƏSİNƏ NECƏ TƏSİR GÖSTƏRƏCƏK?

Araz Aslanlı: ""ATA İttifaqı"nı qarşısına alacaq, Sinan Oğanın sərt şəkildə qarşı kampaniya aparacağı namizədin uduzma ehtimalı 100 faizə yaxındır"
Elxan Şahinoğlu: "Böyük ehtimalla, "ATA İttifaqı"nın namizədinin səsləri "Cümhur" və "Millət" ittifaqlarının namizədləri arasında bölünəcək"
Nazim Cəfərsoy: ""ATA İttifaqı"nın önündəki 3 variant da, yəni ya "Cümhur İttifaqı"na, ya "Millət İttifaqı"na dəstək vermək, ya da tərəfsiz qalmaq bərabər şansa malikdir"
Elxan Şükürlü: "Ərdoğan seçkilərin ikinci turunda da yenidən üstünlüyünü təkrarlayarsa, bu, Türkiyənin mövqeyinin ciddi şəkildə nəzərə alındığı geopolitik toqquşma bölgələrində Qərbin təsir imkanlarını xeyli zəiflədəcək"
Turab Rzayev: "Sinan Oğan gələcəyə oynayır, bu səbəbdən də heç kəslə anlaşmaq istəmir, çünki tərəflərin biri ilə anlaşmaq, digərinin seçicisini itirmək deməkdir"
Mayın 14-də qardaş Türkiyədə keçirilən seçkilərdə "Cümhur İttifaqı" parlamentdə çoxluğu qazansa da, onun, eləcə də "Millət" və "ATA" ittifaqlarının namizədləri 50+ səs toplamadığı üçün prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. Odur ki, ikinci turda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğludan hansı daha çox səs toplasa, qalib də o olacaq. Məhz elə buna görə də həm "Cümhur İttifaqı", həm də "Millət İttifaqı" "ATA İttifaqı"nın namizədi, seçkilərdə 5,14 faiz səs toplayan Sinan Oğanın dəstəyinə ehtiyac duyurdu.
Beləliklə, Sinan Oğan dünən axşam saatlarında öz qərarını açıqladı və “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan etdi. O, həmçinin seçiçilərini də Ərdoğana səs verməyə çağırdı. Sinan Oğan onu da vurğuladı ki, “Millət İttifaqı” “Ata İttifaqı”nı razı sala bilməyib. O, daha sonra "Biz heç kimdən vəzifə istəməmişik", - deyə bildirdi.
Qeyd edək ki, bir neçə gün öncədən artıq hər iki cinah "ATA İttifaqı"nın yetkili şəxsləri ilə görüşlər aparırdı. Belə ki, mayın 19-da "Millət İttifaqı"nın namizədi Kamal Kılıçdaroğlu "ATA İttifaqı"nda təmsil olunan və ittifaqda Sinan Oğan qədər həlledici mövqeyə sahib olan "Zəfər" Partiyasının sədri Ümid Özdağla görüşüb. Düzdür, Kamal Kılıçdaroğlu görüşü məhsuldar qiymətləndirsə də, Ümid Özdağ mətbuata açıqlamasında dəqiq qərarın, yəni tərəflər arasında razılığın əldə olunmadığına işarə edib. Nəzərinizə çatdıraq ki, məhz həmin vaxt "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan Dolmabaxça Sarayında Sinan Oğanı qəbul edib. Bu barədə açıqlama verən AKP-nin sədr müavini Numan Qurtulmuş Sinan Oğana səs verən insanların doğru seçim edəcəklərinə ümidli olduqlarını bildirib: "Bir tərəfdə terrorla çox təsirli mübarizə aparan Ərdoğan, digər tərəfdə isə "PYD bizə düşməndirmi?" deyəcək qədər ehtiyatsız davranan Kılıçdaroğlu var. Oğana səs verən insanların bunu çox gözəl dəyərləndirəcəyini bilirəm. Çünki onlar "Millət İttifaqı"na səs vermədilər. Səbəb isə FETÖ və PKK ilə olan təmaslardır".
Bu arada, Türkiyənin "Hürriyət" qəzeti Sinan Oğanın ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini iddia edirdi. Belə ki, qəzet "ATA İttifaqı"nın namizədinin ikinci turda "Cümhur İttifaqı"nın namizədinin lehinə dəstəyini bəyan etməyə yaxın olduğunu qeyd etmişdi: "Oğan 5 bəndlik protokol imzalayacaq və Ərdoğana dəstəyini ifadə edəcək. O, Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb".
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, "Millət İttifaqı"nda təmsil olunan Əhməd Davudoğlunun rəhbəri olduğu "Gələcək" Partiyasının 11 qurucu üzvü ötən gün istefa verib. Bununla bağlı axar.az-ın məlumatında deyilir ki, "Gələcək" Partiyasının Təsisçilər Şurasının üzvü, sədrin baş müşaviri Bayram Zilan ikinci turda "Cümhur İttifaqı"na dəstək verəcəklərini bəyan edib: "Biz bu partiyanı əvvəlcə ümidlərlə qurduq, lakin zaman keçdikcə çox məyus olduq. Partiyanın proqramı ilə partiya praktikası arasında ziddiyyətlər yaranmağa başladı. O, ləyaqətin gözdən salındığı, zəhmətin nəzərə alınmadığı partiyaya çevrilib. Məqsədimiz təmiz siyasət aparmaqdır. 14 may seçkiləri dərslərlə dolu nəticələr verdi. Biz immiqrasiya əleyhinə və insan ləyaqətini tapdalayanlara qarşı olacağıq. Ölkəmizə sığınan qaçqınları təhqir edən bir dilin qarşısında olacağıq. Qaçqınları faşistlər kimi yük maşınlarına doldurub deportasiya edəcəyinə söz verənlərə qarşı duracağıq. Zorakılıq, terror, qan və nifrətə qarşı olacağıq".
"İkinci turunda "ATA İttifaqı"nın namizədi Sinan Oğanın dəstəkləyəcəyi namizədin qalib gəlmə ehtimalı yüksəkdir"
Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlının qənaətincə, seçkilərin mayın 28-də keçiriləcək ikinci turunda "ATA İttifaqı"nın namizədi Sinan Oğanın dəstəkləyəcəyi namizədin qalib gəlmə ehtimalı yüksəkdir. Lakin bunun mütləq olmadığını deyən siyasi ekspert qeyd edib ki, zəif də olsa reallaşmama ehtimalı da var: "Düşünürəm ki, "ATA İttifaqı"nı qarşısına alacaq, Sinan Oğanın sərt şəkildə qarşı kampaniya aparacağı namizədin uduzma ehtimalı isə 100 faizə yaxındır. Bununla yanaşı, onu da vurğulamaq lazımdır ki, Sinan Oğanın ikinci tur üçün təsir edəcəyi səs potensialı birinci turda aldığı qədər deyil. Əlbəttə ki, birinci turda Sinan Oğana səs verənlərin hamısı onun istəyi ilə hərəkət etməyəcək. Onların Sinan Oğana səs verməsinin müxtəlif səbəbləri olub, hamısı mütləq sosial baza deyil. Amma buna rəğmən, Sinan Oğan və "ATA İttifaqı"nın səslərinə təsir edə biləcəyi kütlə 5 faizdən daha çoxdur. Bunların arasında birinci turda ən çox səs toplamış iki namizədə səs verənlər, yəni Kamal Kılıçdaroğluna etiraz olaraq Rəcəb Tayyib Ərdoğana, Ərdoğana etiraz olaraq Kılıçdaroğluna "tepki oyu" verənlər, eləcə də seçkiyə getməmiş olanlar da var".
Hazırda geniş kütlələrin ən maraqla izlədiyi şəxsin məhz Sinan Oğan olduğunu bildirən Araz Aslanlı hesab edir ki, bu mənada Sinan Oğanı yanına almaq qədər qarşıya almamaq da önəmlidir. Onun sözlərinə görə, ikinci turda yarışacaq hər iki namizəd bu nüansa xüsusi diqqət edirlər.
"Kılıçdaroğlu qələbə çalmaq üçün 8 milyon insanın ikinci turda seçki məntəqələrinə getməsinə nail olmalıdır, bunu isə qısa müddətdə reallaşdırmaq son dərəcə çətindir"
"Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu da bu fikirdədir ki, birinci turda Sinan Oğana verilən 5 faizin içində namizədliyini geri götürən Məhərrəm İncənin, Rəcəb Tayyib Ərdoğana və Kamal Kılıçdaroğluna etiraz edənlərin də səsləri var: "Siyasətdə riyazi hesablamalar hər zaman özünü doğrultmur. Odur ki, Sinan Oğanın Kamal Kılıçdaroğlu ilə mümkün razılaşması birincinin 5 faiz səsinin ikinci turda dəstək verəcəyi siyasətçinin xanəsinə yazılacağı anlamına gəlmir. Birincisi, həmin 5 faizin tamamı Sinan Oğana verilən səs deyil. 5 faizin içində namizədliyini geri götürən Məhərrəm İncənin, Rəcəb Tayyib Ərdoğana və onun əsas rəqibi Kamal Kılıçdaroğluna etiraz edənlərin səsləri var. Bu hesabla ikinci turda Sinan Oğanın səsləri böyük ehtimalla, Kamal Kılıçdaroğlu ilə Rəcəb Tayyib Ərdoğan arasında bölünəcək". Politoloqun sözlərinə görə, Kamal Kılıçdaroğlu qələbə çalmaq üçün birinci turda seçkiyə qatılmayan təxminən, 8 milyon insanın ikinci turda seçki məntəqələrinə getməsinə nail olmalıdır: "Qısa müddət ərzində bunu reallaşdırmaq isə son dərəcə çətin vəzifədir".
"İlk tur seçkilərindən sonra "Millət İttifaqı" milliyyətçi bir kampaniya aparmaq qərarına gəlib, bunun isə effektiv olub-olmayacağı bilinmir"
Türkiyə siyasətində ikinci tur seçkiləri öncəsi maraqlı taktiki həmlələrin olduğunu vurğulayan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy isə qeyd edib ki, ilk tur seçkilərindən sonra "Millət İttifaqı" milliyyətçi bir kampaniya aparmaq qərarına gəlib: "Artıq Kamal Kılıçdaroğlu bu istiqamətdə iki açıqlama verib. Lakin hələlik bunun effektiv olub-olmayacağı bilinmir. Bundan başqa, "6-lı masa"nın digər liderləri geri plana çəkilib. HDP cəbhəsində isə hələlik susqunluq hökm sürür. "Cümhur İttifaqı" isə ikinci tura da mövcud kampaniyanı sürdürəcək formada hazırlaşır". Bütün bunları nəzərə alan politoloqun qənaətincə, "ATA İttifaqı"nın önündəki 3 variant da, yəni ya "Cümhur İttifaqı"na, ya "Millət İttifaqı"na dəstək vermək, ya da tərəfsiz qalmaq bərabər şansa malikdir.
"Azərbaycandakı və Ermənistandakı Qərb şəbəkəsi 28 maya sönük ümidlərinin möcüzəylə gerçəkləşə biləcəyi son tarix kimi yanaşırlar"
Mövzuya bir qədər fərqli prizmadan yanaşan siyasi şərhçi Elxan Şükürlü isə hesab edir ki, Qərbin 14 mayda Türkiyədə ilk raundu uduzması bu seçkilərə böyük ümid bəsləyən Ermənistandakı və Azərbaycandakı Qərb şəbəkəsini də hədsiz məyus edib: "Ermənistanda ümid edirdilər ki, Rəcəb Tayyib Ərdoğan uduzacaq və Kamal Kılıçdaroğlu qalib gələcəksə, bu, Türkiyənin yenidən tam şəkildə Qərbin iradəsi altına qaytarılması demək olacaq. Bu halda isə Azərbaycanla sülh danışıqlarında və Rusiya ilə münasibətlərdə Nikol Paşinyanın mövqeyi güclənəcək. Eyni qaydada, Azərbaycandakı Qərb şəbəkəsi də ona köklənmişdi ki, 14 mayda Ərdoğan uduzacaq, Kılıçdaroğlu qalib gələcək və nəticədə, ölkə başçısı İlham Əliyevin beynəlxalq müstəvidəki əsas siyasi dayaqlarından biri sıradan çıxacaq. Beləliklə, Azərbaycan hakimiyyəti təklənəcək və zəifləyəcək, onu yıxmaq asanlaşacaq. Elə bu səbəbdən, hələ də Azərbaycandakı və Ermənistandakı Qərb şəbəkəsi Türkiyə müxalifətindən daha çox seçkilərin saxtalaşdırıldığı iddiasını durmadan tirajlayır, Türkiyə dövlətinin və xalqının qazandığı böyük bir uğuru gözdən salmağa, ləkələməyə çalışır, 28 maya isə sönük ümidlərinin möcüzəylə gerçəkləşə biləcəyi son tarix kimi yanaşırlar".
Siyasi şərhçinin fikrincə, Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda da yenidən hər hansı toqquşma olmadan üstünlüyünü təkrarlayarsa, bu, Türkiyənin mövqeyinin ciddi şəkildə nəzərə alındığı digər geopolitik toqquşma bölgələrində - Qara dəniz hövzəsində gedən Rusiya-Ukrayna savaşında, Cənubi Qafqazda Ermənistan-Azərbaycan danışıqlarında və Mərkəzi Asiya ölkələriylə münasibətlərdə Qərbin təsir imkanlarını xeyli zəiflədəcək: "Qərbpərəstlərin məyusluqları və depressiyanın yaratdığı qeyri-sabit davranışları həm də bununla bağlıdır".
"Sinan Oğana səs verənlərin seçimində daha çox millətçi və ya sekulyar Aatatürkçü damarın ağır basması rol oynayacaq"
Siyasi şərhçi Turab Rzayev isə bildirib ki, Sinan Oğanın oynaya biləcəyi rolu, seçkinin taleyinin həll edilməsində onun yığdığı səsin əhəmiyyətini başa düşmək üçün ilk növbədə seçkilərin arifmetikasını başa düşmək lazımdır: "Prezident seçkisi parlament seçkisi deyil, burda səsləri, partiyaların səslərini və yaxud da seçilmiş deputatları bir bloka toplamaq olmur. Bu o deməkdir ki, Sinan Oğan 3 milyona yaxın səs yığıb, amma o səsin sahibi deyil. Bu 3 milyon seçici HDP seçicisi kimi ağa, şeyx və ya terrorçu barmağını qaldırdı deyə bir partiyaya səs vermir. Bu kütlə əsasən millətçi və atatürkçülərdən ibarətdir. Millətçi olduğu üçün HDP ortağı Kamal Kılıçdaroğluna səs verə bilmir. Eyni zamanda, Atatürkçü olduğu üçün dindar AKP namizədi onlara doğma gəlmir".
Turab Rzayev qeyd edib ki, bu kütlənin seçimində Sinan Oğan və ya "Zəfər" Partiyasının istiqamət verməsi deyil, daha çox millətçi və ya sekulyar Aatatürkçü damarının ağır basması rol oynayacaq: "Bu kütlə elə parlament seçkisində "Zəfər" Partiyası yerinə səsini MHP və "İYİ Partiya"ya verməklə, seçimini göstərib. Bütün bunları Sinan Oğan bilirmi? Bilir. Bəs niyə onda qəbul edilməyəcək dərəcədə ağır şərtlər irəli sürür? Artıq Türkiyə Böyük Millət Məclisində olan "HüdaPar" üzvləri geri qayıtmayacaq, bunu bilir. Ərdoğan yenidən parlamentar sistemə qayıtmayacaq, bunu da bilir. Ya da Kılıçdaroğlu ən yüksək səs topladığı HDP seçicisini tərk edə bilməyəcək, bunu da bilir. Kılıçdaroğlu HDP səsləri olmasaydı, heç 40 faiz də yığa bilməzdi. Bir də bu ağır şərtlərin üstünə, əlavə olaraq bir neçə nazirlik, ordu və polisə nəzarət istəyir. Bilir ki, verilməyəcək. Əslində, elə istədiyi də budur. Heç kəslə anlaşmamaq. Tərəflərin biri ilə anlaşmaq, digərinin seçicisini itirmək deməkdir. Sinan Oğan gələcəyə oynayır. Hakimiyyətə gələcəyi təqdirdə yerinə yetirəcəyi şərtləri göstərir. Eyni zamanda, uzlaşmadan qaçan adam olmaq istəmir. İstəyir ki, qarşı tərəflər qaçsın. Özü də demişdi, biz 20 illik iqtidarı istəmirik, ancaq 20 illik iqtidar qarşısında da 20 illik bacarıqsız müxalifəti istəmirik. Çünki Sinan Oğan Türkiyə siyasi səhnəsindəki boşluğu görür. Bu seçki ilə Kamal Kılıçdaroğlu arxivləndi, tarixə qovuşdu. Ərdoğan və Bağçalı isə həm qocadır, həm də uzun müddət hakimiyyətdədir, ya iqtisadiyyatdakı problemlər, ya təbiət - yaşlarının çoxluğu, ya da növbəti seçki. Birində büdrəyəcəklər, əvvəl axır. Artıq yaş 70-i keçib. İncənin də yaşı az deyil, həm də ikinci dəfə geri çəkilməsinə görə bir az vəziyyəti çətindir. Meral Akşener isə siyasi xarizmasını çizdirdi. Qumar masası, notariat masası dediyi yerə geri qayıtdı, hətta nəinki öz partiyası, CHP-dən belə fərqli namizəd, ya Yavaş, ya da İmamoğlunu namizəd kimi təsdiqlədə bilmədi. CHP-nin əlavəsi olduğunu göstərdi, səslərini əritdi".
Türkiyədə siyasi vitrinin mütləq dəyişəcəyini iddia edən siyasi şərhçinin qənaətincə, Sinan Oğan doğru yerdə doğru vaxtda ortaya çıxıb: "Özü də dediyi kimi, bu seçkiyə yox, iqtisadi və ya siyasi vəziyyətin diqtə edəcəyi növbəti seçkiyə hazırlıq görür. Özünün dediyi kimi, köhnə siyasət artıq köhnəlib, yeni siyasəti isə o təmsil edir. Odur ki, bu seçki onun üçün sadəcə reklam xarakteri daşıyır. Düşünürəm ki, Sinan Oğan özünü bitirməsə, böyük siyasi səhv etməsə, növbəti 15-20 ilin önəmli siyasi xadimi olacaq".
Vazeh BƏHRAMOĞLU
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya