Şimali Koreya ard-arda raketlər atdı, Yaponiyada Təhlükəsizlik Şurası təcili toplandı

2021-09-15 10:54:00

Şimali Koreya ard-arda raketlər atdı, Yaponiyada Təhlükəsizlik Şurası təcili toplandı

Hurriyyet.az xəbər verir ki, Yaponiyanın dənizdə təhlükəsizlik xidməti dünən yerli vaxtla saat 12.43-də Şimali Koreya ərazisindən ikinci dəfə raket atıldığı xəbərini yayıb. Bu barədə məlumatı NHK kanalı verib. Mərminin hara düşdüyü hələlik bəlli deyil. Bundan 5 dəqiqə əvvəl isə Şimali Koreya ərazisindən bir raket də atılıbmış – yaponlar onun ballistik raket olduğunu güman edirlər. İki dəfə raket atıldığı barədə informasiyanı Cənubi Koreyanın Qərargah Rəislərinin Birləşmiş Komitəsi də təsdiq edib.

Yaponiyanın Baş naziri Esixide Suqa təcili təhlükəsizlik şurasını çağırmaq və gözlənilməz vəziyyətlərə hazır olmaq əmri verib. Suqa deyib: “Şimali Koreyanın atdığı ballistik raketlər ölkəmizdə və regionda sülhə və təhlükəsizliyə təhdiddir. Bu, BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması deməkdir. Biz kəskin etirazımızı bildirir və bu addımları qətiyyətlə pisləyirik”.

Ötən həftə Pxenyan yeni uzaq mənzilli qanadlı raket sınağını uğurla keçirmişdi. Sınaq zamanı raketlər 1,5 min km məsafədə yerləşən hədəfləri vura bilmişdi. Bundan əvvəl isə Şimali Koreya BMT TŞ qətnamələrinə məhəl qoymadan bu ilin yanvar və mart aylarında raket sınaqları keçirib.