Silah anbarına ayrılmış 7,3 milyon yeyilib? - BU NƏDİ BELƏ?

2023-01-13 10:36:00

Silah anbarına ayrılmış 7,3 milyon yeyilib? - BU NƏDİ BELƏ?

Azərbaycanda Müdafiə Nazirliyinin sifarişiylə rayonlardan birində mərkəzi silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin çəkilməsi, mebellərin quraşdırılması, ərazinin abadlaşdırılması və s. məsələlərlə bağlı müqavilədə nəzərdə tutulan işlər yerinə yetirilməyib.

Nəticədə 7 milyon 353 min manat büdcə vəsaiti mənimsənilib.

Bu, Müdafiə Nazirliyinin tenderində qalib elan edilən "Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovla bağlı cinayət işində öz əksini tapıb.

Üzeyir Həsənov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona silah-sursat anbarıyla bağlı mənimsəmədən əlavə, Tarix Muzeyinin təmir-bərpa işləri zamanı da təxminən 1,8 milyon manatlıq yeyinti ittihamı verilib.

Cinayət işinin materiallarında iddia olunur ki, 2018-2019-cu illərdə Üzeyir Həsənov baş mühasiblə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Azərbaycan Tarix Muzeyinin ekspozisiyasının yüksək texnologiyalar əsasında təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Nəticədə muzeyin təmir-bərpası işində 1 milyon 706 min manat vəsait mənimsənilib.

1967-ci il təvəllüdlü Üzeyir Həsənova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə yanaşı, həm də 313-cü (vəzifə saxtakarlığı) maddəsilə ittiham verilib. O, sənədlərə bilərəkdən saxta məlumatlar yazmaqda – qiymətləri şişirtməkdə təqsirləndirilir.

Onun ittiham olunduğu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Lakin ümumilikdə 9 milyon manatdan çox yeyintidə ittiham olunan şirkət rəhbəri özünü təqsirli bilmir. O, məhkəmədə deyib ki, niyə həbs olunduğunu özü də bilmir.

Üzeyir Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Uzun müddət bu qurumun istintaq təcridxanasında saxlanılıb. Sonradan Penitensiar Xidmətin tabeliyində olan və Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüb. Hazırda da orada saxlanılır.

"Mən niyə həbs olunmuşam, heç özüm də bilmirəm. Məni Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. Halbuki, mən artıqlamasıyla pul xərcləyib, iş görmüşəm. Buna baxmayaraq, əgər nəsə çatışmazlıq varsa, mən yenə də ödəməyə söz verirəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram?”, - Üzeyir Həsənov məhkəmədə belə deyib.

Onun vəkilləri də ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıblar.

Deyirlər ki, Həsənov nüfuzlu şəxsdir, 2020-ci ildə 44 günlük müharibə dövründə öz hesabına orduya xeyli kömək edib. Ondan öncə məcburi köçkünlərə mütəmadi yardım göstərirdi.

Vəkillərin sözlərinə görə, onun istintaqdan yayınmaq niyyəti yoxdur, daimi yaşayış yeri var: "Üstəlik, özünü təqsirli bilməsə də, ödəniş etməyə hazırdır. Bunun üçün özü azadlıqda olmalıdır ki, həmin məsələləri həll eləyə bilsin”.

Lakin hakimlər onun ev dustaqlığına buraxılmasını məqsədəuyğun hesab etməyib.

Vəkillərin daha bir istəyi isə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsidir. Onlar hesab edir ki, işin içindəki ekspert rəyi obyektiv və əsaslı deyil: "Kökü olmayan sübutlar əsasında şəxsə ittiham verilib. Mütləq təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməlidir. Maliyyə Nazirliyinin yoxlama aktını köçürüb, ekspert rəyi hazırlayıblar”.

Təkrar ekspertiza ilə bağlı vəsatət isə hələlik baxılmamış qalıb.

Hakimlər deyir ki, hələ dindirmələr keçirilsin, sənədlərin tədqiqi mərhələsində o məsələyə baxılacaq.

Üzeyir Həsənovun vəkilləri məhkəmə prosesinin qapalı keçirilməsini, jurnalistlərin bu işi ictimailəşdirməməsini istəyir.

Ona görə də məhkəmədə vəsatət qaldırıblar ki, proses qapalı keçirilsin.

Vəsatəti belə əsaslandırıblar ki, bu işdə kommersiya sirri, hərbi sirr hesab olunan məlumatlar ortaya çıxa bilər.

Hakimlər razılaşmayıb.

Onlar bildirib ki, əgər sirr sayılan məlumatlar ortaya çıxsa, o hissədə məhkəmə iclasları qapalı keçirilər. Amma bütövlükdə məhkəmə prosesi qapalı keçirilməyəcək.

Mənbə: Açıq Azərbaycan 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144509