Sibirdə ön cəbhəyə göndərilən 10 hərbçi hərbi hissədən qaçıb
Sibirdəki Koçenevodakı hərbi hissədən qaçan on hərbçidən yeddisinin kimliyi açıqlanıb. Məlum olub ki, onlardan ən kiçiyinin 19 yaşı var.
Hurriyyet.az xəbər verir ki, bölməni icazəsiz tərk edən ən böyük döyüşçünün 44 yaşı olduğu üzə çıxıb. Onlardan beşi Krasnoyarsk diyarında, biri Novosibirsk vilayətində, biri Tomsk vilayətində anadan olub.
İndiyədək 4 hərbçi saxlanılıb. Qalanlarını axtarırlar.
NGS.RU internet nəşrinin məlumatına görə, əsgərlər dərhal xüsusi əməliyyat zonasına göndərilmək üçün hazırlanırdı. Açıq mənbələrə görə, kənddə 35-ci qvardiya briqadası yerləşir.
Hərbi hissəyə təyin edilmiş hərbi qulluqçuların üçdə birinin (cəmi 30 nəfər idi) qaçması çərşənbə günü, noyabrın 13-də səhər saatlarında məlum olub. Qaçışın özü dünən axşam təşkil olunub - kişilər taksi ilə fəhlə kəndini tərk ediblər.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 338-ci maddəsinə əsasən, fərariliyə görə maksimum cəza 15 ilə qədər həbsdir. Bununla belə, hərbi qulluqçular əvvəlcədən razılaşdırmadan bölməni silahsız tərk edərlərsə, bu müddət iki dəfə az, 7 ilə qədər ola bilər./musavat.com/