“SƏXAVƏT ORUCOVU HƏBS ETDİRƏNLƏR TÜRMƏDƏ ONA İŞGƏNCƏ VERDİRİRLƏR” – Vəkil 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan müvəkkili haqda yazır…

2022-05-04 16:19:00

“SƏXAVƏT ORUCOVU HƏBS ETDİRƏNLƏR TÜRMƏDƏ ONA İŞGƏNCƏ VERDİRİRLƏR” – Vəkil 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan müvəkkili haqda yazır…

Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Səadət Seyidli tərəfindən Hurriyyet.az-ın redaksiyasına məktub daxil olub. Müvəkkili, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Orucov Səxavət Oruc oğlunun qarşılaşdığı haqsızlıqlardan yazan vəkilin yazını olduğu kimi dərc edirik:

“Müvəkkilim – 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Orucov Səxavət Oruc oğlu 27 aprel 2022-ci il tarixdə gecə saatlarında qaldığı kupedən müəssisənin işçiləri tərəfindən götürülərək, 12 sutkalıq cərimə təcridxanasına salınmışdır.

Bildirim ki, Səxavət Orucov həmin günlərdə xəstə olub, ona tibb heyəti tərəfindən tibbi yardım göstərilirdi. Səxavət Orucov bütün Ramazan ayı boyunca oruc tutmuş, lakin son günlərində səhhətindəki problemlərlə əlaqədar oruc tuta bilməmişdir.

Səxavət Orucovun heç bir əsas olmadan, onun tərəfindən heç bir qanun pozuntusu törədilmədiyi halda gecə vaxtı 12 sutkalıq cərimə təcridxanasına salınması, hesab edirəm ki, ona cinayəti yükləyən şəxslərin sifarişidir.

Belə ki, Səxavət Orucov 21 dekabr 2016-cı ildə tutularaq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində qanunsuz olaraq 27 dekabr 2016-cı il tarixədək saxlanılmış, ona işgəncələr verilmiş, törətmədiyi iki cinayəti etiraf etməyə məcbur edilmişdir. Sonradan işgəncələr Tərtər rayon Polis İdarəsində davam etdirilmişdir.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2018-ci il tarixli hökmü ilə Səxavət Orucov hər iki ölümdə bəraət qazanmışdır.

Bu hadisədən sonra hər dəfə yuxarı instansiya məhkəmələrində işə baxılması ərəfəsində Səxavət Orucov cəzaçəkmə müəssisələri, istintaq təcridxanalarında qanunsuz olaraq cərimə təcridxanalarına salınmış, bu müddətdə daima əlləri qandallı olmuşdur. Səxavəti iki cinayətdə yükləyən şəxslərin sifarişi ilə “əvvəllər məhkum edildiyindən cinayət törədə bilər” versiyası ilə Gəncə Apelyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədov ittiham hökmü çıxarmışdır.

Səadət Seyidli

Hazırda Səxavət Orucovun kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır. Səxavət Orucov bu gün də sifarişçilərin və ya əsl qatillərin, cinayətlərin üstünün açılmasını istəməyən şəxslərin sifarişi ilə təzyiqlərə məruz qalır, saxlanıldığı 12 saylı CÇM-də qanunsuz olaraq cərimə təcridxanasına salınır, bu zaman onun xəstə olması nəzərə alınmır, Ramazan ayında oruc tutmasına baxmayaraq müqəddəs bayramı keçirmək imkanı əlindən alınır, hətta açıq havada 1 saat gəzmək hüququ da kobudcasına məhdudlaşdırılır”.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu araşdıracağıq. Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya