Səudiyyədə Trampa bağışlanan kürk saxta çıxdı! Xəncər də yoxlanılır

2021-10-13 13:32:00

Səudiyyədə Trampa bağışlanan kürk saxta çıxdı! Xəncər də yoxlanılır

Hürriyyet.az xəbər verir ki, 2017-ci ildə o dövrün ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı kral ailəsinin hədiyyə elədiyi, pələng və hepard dərisindən hazırlandığı deyilən kürklərin saxta olduğu aşkara çıxıb. “Nyu-York Tayms” qəzetinin əldə elədiyi hesabatda hədiyyə edilən xəncərin də yoxlanıldığı bildirilir. Xəncərin  fil dişindən hazırlandığı deyilirdi.

Xatırladaq ki, Tramp prezident kimi ilk rəsmi xarici səfərində Səudiyyə Ərəbistanına getmişdi.  

ABŞ Xarici İşlər Nazirliyinin hesabatına görə, ABŞ Daxili İşlər Nazirliyi “Nəsli kəsilməkdə olan növlər qanunu”nu pozduğuna görə Səudiyyə kralının ailəsinin Trampa hədiyyə elədiyi kürkləri müsadirə edib.

“Nyu-York Tayms” nəşrinə müsahibə verən ABŞ DİN mətbuat katibi Tayler Çerri deyib: “Ekspertlər cübbələrin astarlarının pələng və hepard naxışlarına bənzər şəkildə boyandığını, kürklərin mühafizə edilən növlərin dərisindən düzəldilmədiyini aşkar edib”. Kral ailəsinin bundan xəbərsiz olduğu, kürkləri satanlar tərəfindən aldadıldığı ehtimal edilir. Brukinq İnstitutunun əməkdaşı kürklərin saxta çıxmasını Səudiyyə kral ailəsi üçün utandırıcı hadisə kimi qiymətləndirib: “Onlar üçün ən mühüm iki şey dünya fiqurları kimi görünmək, varlı olmaq və sərvətlərini nümayiş etdirməkdir”.

ABŞ qanunlarına görə, prezident də daxil olmaqla yüksək vəzifəli dövlət işçiləri xarici səfərlər zamanı onlara verilən qiyməti 390 dollardan artıq olan hədiyyələri “dövlət malı” kimi təslim eləməlidirlər. Lakin məmur istəsə, bu hədiyyələri öz maaşı vasitəsi ilə dövlətdən satın ala bilər. Hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanına səfəri zamanı ümumilikdə 82 hədiyyə almış D.Tramp iqtidarı kürklər və xəncər də daxil olmaqla ən bahalı 9 hədiyyə barəsində keçmiş prezidentin son iş gününə qədər ümumi xidmətlər idarəsinə məlumat verməyib. Sonra Tramp hədiyyələri təhvil verib, lakin bəzi hədiyyələri son iş gününə qədər niyə “gizlədiyi” bilinmir.

Trampın dövründə Ağ Evdə müşavir olmuş kürəkəni Cerad Kuşnerə də həmin səfər zamanı 2 qılınc və 1 xəncər hədiyyə edilsə də, əvvəl bu barədə rəsmi olaraq bəyannamə verməyib, sonra isə Kuşner 48 min dollar ödəyərək həmin bəxşişləri dövlətdən satın alıb.

Hürr Tərcüman