Səttar Bəhlulzadənin QARƏT OLUNAN YARADICILIĞI... - Hamı yaxasını KƏNARA ÇƏKİR...

2023-01-13 10:44:00

Səttar Bəhlulzadənin QARƏT OLUNAN YARADICILIĞI... - Hamı yaxasını KƏNARA ÇƏKİR...

Bu günlərdə Xalq rəssamı Səttar Bəhlulzadənin “Ebay” onlayn satış platformasında 650 əsərdən ibarət kolleksiyası satışa çıxarılıb.

Kolleksiya alıcılara 18.5 milyon dollara təklif olunub.

Satışı reallaşdıran “Tolga & Sons Art Gallery” şirkətinin sahiblərindən biri Deniz Bülent Tolqadır. Hər bir əsərin orijinallığının "Azərbaycan Dövlət Muzeyi" adlı qurumun təqdim etdiyi sənədlə təsdiq olunduğu bildirilir.

Lakin sənətşünas alim Ziyadxan Əliyev mətbuata açıqlanmasında həmin əsərlərin haradansa oğurlanmadığını, rəssamın öz evindəki minlərlə eskizlər, yəni cızma-qaralarının bir hissəsi olduğunu bildirib.

Mədəniyyət Nazirliyindən mətbuata məsələ barədə məlumatlı olduqlarını bildiriblər.

Satışa çıxarılan əsərlər Azərbaycan mədəniyyətinin bir parçası hesab olunurlar. Bu cür mədəniyyət nümunələri, rəssamların əsərləri ölkənin mədəniyyət və incəsənət muzeylərində, onlara məxsus olan əşyalar isə sənətkarların ev muzeylərində qorunub, saxlanır.

Xatırladaq ki, görkəmli rəssam Səttar Bəhlulzadənin Ev Muzeyi də doğulduğu Əmircan qəsəbəsində 1994-cü ildən fəaliyyət göstərir.

Hurriyyet.az-ın məlumatına görə, muzeydən Cebhe.info-ya bildirdilər ki, burada yalnız rəssama məxsus ev əşyaları sərgilənir:

“Bizim də xəbərimiz var, amma əsərlərin necə əldə olunduğu haqda məlumatsızıq”.

Məsələ ilə bağlı Azərbaycan Rəssamlar İttifaqı ilə əlaqə saxladıq.

Qurumdan bildirdilər ki, hazırda Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun tədbirdədir.

Quruma müraciətimizi yazılı şəkildə, məktub formasında poçtla göndərməyimizi istədilər.

Azərbaycan Rəssamlar İttifaqının digər əməkdaşı nəhayət ki, bizə elektron formada sorğu göndərməyimiz üçün "e-mail" ünvanı təklif etdi. Əlavə etdi ki, qurum rəhbəri imkan olduqda göndərilən məktuba baxacaq.

Ümumiyyətlə, rəssamların əsərləri necə qorunmalıdır? Bu əsərləri satışa çıxaranlar bunu necə əldə ediblər?

Hurriyyet.az-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya danışan Xalq rəssamı Sakit Məmmədov da məsələdən xəbərsiz olduğunu bildirib.

“Mənim belə şeylərdən anlayışım yoxdur. Azərbaycan Rəssamlar İttifaqı bu məsələləri əla bilir, yəqin ki, buna da dolğun cavab verəcəklər. Mən rəssamam, bilmirəm sabah mənim başıma nə oyun gələcək. İttifaq onun qanuni tərəfi, kim alır, kim satır, necə əldə olunması ilə maraqlansın. Biz rəssamlar, sadəcə öz emalatxanamıza qapanmışıq, işimizlə məşğuluq”.

Xatırladaq ki, Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakıda anadan olub. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub.

Əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib, Əmircan kəndində dəfn olunubdur. Rəssam heç vaxt ailə həyatı qurmayıb, tək yaşayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.264862