Saat:16:01
Haqqımızda

“Səsvermə” və “səs vermə”nin fəlsəfəsi – SƏRDAR CƏLALOĞLU YAZIR

2024-02-06 11:40:12

“Səsvermə” və “səs vermə”nin fəlsəfəsi – SƏRDAR CƏLALOĞLU YAZIR

(Kəramətin “Səs” romanı haqqında ayaqüstü düşüncələr)

Kəramətin nə özü, nə yaradıcılığı, nə düşüncə, nə də ifadə tərzi ümumi qəbul edilmiş standartlara uyğun deyil. Məncə, onu bəlli bir kəsim arasında populyarlaşdıran da məhz bu cür ipə-sapa yatmamazlığıdır. Mən onun “Çöl” romanını oxuduqdan və kütləvi mətbuatda, sosial şəbəkələrdə çıxışlarına qulaq asdıqdan sonra bu qərara gəlmişəm.

Standart – simmetriyadır, harmoniyadır, proporsiyadır, ətalətdir, kütlənin ümumi zövqünə uyğun olanlardır ki, bunlar da klassik gözəllik anlayışını təşkil edir. Amma “div qurbağaya aşiq olubsa”, qurbağadan iyrənən kimsə onu başa düşməz. Çünki “könül sevən göycəkdir”, nəinki göycək olan...

Çoxluq standartlığı xoşlayır. Çünki standartlar insanı düşünməyə, axtarış aparmağa, yeniliyi qəbul etməyə  məcbur etmir. Mən standartlığı kütlə zövqü kimi dəyərləndirirəm. Yəni hamının asanlıqla xoşlaya biləcəyi şey. Çoxluq standartlara standart, yəni eyni düşüncə ilə yanaşır. Belə düşüncə isə çox vaxt bir nəfərin düşüncəsinin kütləviləşməsi kimi meydana çıxır. Buna “avtoritar zövq” də deyə bilərik. Necə ki, cəmiyyətdə, elmdə avtoritarizm var, eləcə də zövqlərdə də avtoritarizm var. Zövq avtoritarizmi hər şeyə başqasının gözü ilə baxmaqdan meydana çıxır. Başqası sənin əvəzinə düşünür, seçir, hiss edir, sənlik bir şey qalmır. Başqa sözlə, düşünməyə tənbəllik edən adam üçün standart hər şeydən yaxşıdır.

Qeyri-standartlıq standartlığa üsyan etməklə meydana çıxır. Qeyri-standartlığın fəlsəfəsi “Yanlış da bir naxışdır” prinsipinə söykənir. Bəlkə, qeyri-standartlığın özü  də bir gözəllik və ya bir özəllikdir.

Burada nə simmetriya, nə proposiya, nə harmoniya, nə ənənə vardır. Qeyri-standartlıq viran olmuş ölkəyə, küləyin dağınıq hala saldığı saçlara, yeyilib-içildikdən sonra tərk edilmiş süfrəyə və ya zövqsüz insanın geyiminə bənzəyir. Onda çətin də olsa, nəsə yaxşı tapmaq mümkündür. Bu da insandan diqqət, müşahidə, düşünmə və axtarış tələb edir. Yəni gərək tənbəl olmayasan.

Kəramət fenomeni (mən bunu ona görə belə adlandırıram ki, müasir Azərbaycan ədəbiyyatında standartların əsarətindən çıxmağa cəhd edən olduqca çoxlu yaradıcı fenomenlər var ki, bunların hamısını ən ümumi şəkildə Kəramətin simasında anlamaq mümkündür) nəsil problemi ilə sıx bağlıdır. Ərəblər demişkən, “insanlar valideynlərindən daha çox zəmanələrinə oxşayırlar”. Biz bunu “müasirlik” də adlandıra bilərik. Yeni nəsil yaradıcı şəxslərimiz klassik yaradıcılıq ənənələrimizə oxşamırlar və ya azından oxşamamağa cəhd edirlər. Müxtəlif millətlərdən olan müasirlər bir-birinə daha yaxındır, nəinki öz millətinin əvvəlki nəsillərinə. Buradan da nəsillərin yadlaşması başlayır. Məhz bu yadlaşma gəncləri anlamaqda problem yaradır. Buna görə, yaşlı nəslin hər bir nümayəndəsi özündən sonrakını “pozulmuş, itirilmiş gənclik” kimi dəyərləndirir. Bu innovasiya xəstəliyi - yeniliyə sosial allergiyadan başqa bir şey deyil.

Əslində, hər bir nəslin öz zövqü, öncəlikləri, baxış bucağı, zövq dəsti, davranış manerası, həyat tərzi, hətta öz dili olmalıdır və vardır. Bunu onlara dövrlərinin tarixi çağırışları diqtə edir. Tarix də onun çağırışlarına vaxtında  cavab verənlərin ciynində inkişaf edir.

Yeni nəsil öz növbəsində yaşlı nəsli “gerilikçi”, özünü isə öz nəslində kəşf etmiş, məhz özünə məxsus orijinal bir yenilikçi güc kimi təsəvvür edir və bununla da fəxr edir. Buradan “nəsillər arası qovğa” başlayır. Bu qovğa ilk növbədə özünü yaradıcılıq sferalarında göstərir. Yəni zövq davası.

Kəramət yeni nəsil yazıçılarındandır. Yəni yaradıcılığında özündən əvvəlki nəsillə ədəbi dillə qovğa edən, onlara cəbhə açan bir yazıçıdır.

Kəramətin adət etdiyimiz klassik yazıçı görkəmi də yoxdur. Bu, təkcə onun yaşı ilə bağlı deyil, ilk növbədə yaradıcılıq üslubu, ritorik özəlliyi və yaşam stili ilə bağlıdır. Klassik ədəbiyyat həyalı, abırlı ədəbiyyat idi, orda açıq-saçıqlıq qəbahət hesab edilirdi. Ona görə, hər bir insani hissə xüsusi don geyindirilirdi. İnsani münasibətlər realıqqdan qoparılıb, irreal aləmə - romantik aləmə aparılırdı, hər şeyə atrubusiya edilirdi. Məhəbbət - qanadlı, nifrət - silahlı təsəvvür olunurdu. Amma müasir ədəbiyyat, əksinə, hər şeyi soyundurmaqla məşğuldur. Əvvəl insanın paltarını, sonra onun hisslərini soyundurmağa cəhd edir, bir sözlə, insanı “iç etmək” istəyir. Öz yataq məcaralarını ictimai tamaşaya çevirir. Sanki insana “sən busan, bundan artıq deyilsən” fikrini təlqin etmək istəyir.

Müasir ədəbiyyat bir növ avara insana oxşayır, nə istəyir, hara gedir, məqsədi nədir, özü də bilmir. Biz buna “bədii axtarış” deyirik. Axtaran insanla avaralanan insanın bir fərqi var. Avaranın məqsədi olmur, axtaranın məqsədi olur.

Kəramətin mənə hədiyyə etdiyi ikinci romani - “Səs” adlanır. Yadıma Füzulinin “Söz” şeri düşür. Və düşünürəm ki, “səs”lə “söz”ün nə fərqi var. Sözlər səsdən yaranır. Demək ki, səs yaradıcı, söz onun əsəridir. Bəs, söz yaradıcı, səs əsər olanda nə olur? - Kəramətin “Səs” romanı!

Səs nə deməkdir?!

Bu dünya işıq və səsin harmoniyasından başqa bir şey deyil. Səs formalaşdıran, yəni formanın özü, işıq onu nümayiş etdirəndir. Hər bir şeyin - toprağın, havanın, suyun, odun, insanın, heyvanın, bitkinin öz səsi var. Bundan başqa, insanın kəşfi olan danışıq səsi, musiqi səsi. Səssiz bir dünya yoxluqdan başqa bir şey deyil.

Bütün səslər birlikdə küy yaradır. Küy - səsin kütləvi formasıdır. Cəmiyyətdə bu hay-küy kimi meydana çıxır. Hay-küy küyə hay vermək, küyə qarışmaq, onda yox olmaq deməkdir. Yəni fərdin toplumda yox olması özü hay-küydən ibarətdir. Ayrıca səsi olan insan şəxsiyyətdir, o, cəmiyyətdə ərimir, itmir, cəmiyyət onu formalaşdıra bilmir, o, cəmiyyəti formalaşdırmağa, yəni səs verməyə cəhd edir.

Səsləşmək bu dünyanın ən qədim və ən möhtəşəm ünsiyyət vasitəsidir. Səsləşmək həmrəylik yaradır, həmrəylik isə güc.

Səs vermək özünün mövcudluğunu təsdiq etməkdir. “Mən də varam” deməkdir, fərqi yoxdur, ya təbiətdə, ya cəmiyyətdə. Təbiətdə səslənmək təbii formalardan çıxır, cəmiyyətdə səs vermə sosial forma yaradır.

İnsanlığın kəşf etdiyi ən ədalətli cəmiyyət səs verməklə forma alan cəmiyyətdir. Biz buna “seçki” deyirik. Cefersona görə, seçki təbii aristokratiyanı üzə çıxarmaq üsuludur, hansı ki, aristokratiyasız bir cəmiyyət məhvə məhkumdur. O cəmiyyətlərdə ki, səsverməyə haram qatılır, o zaman meydana süni aristokratiya çıxır. Belə aristokratiya cəmiyyətin ayaqlarına ağır kündə kimi bağlanır, onu inkişafdan saxlayır. Bu azmış kimi, qurd ağacı içindən yediyi kimi, cəmiyyəti daxildən yeyib tükəndirir.

Kəramət bu romanında deputat olmaq məcarası haqqında özünəməxsus şəkildə söhbət açır. Amma onun deputat olmaq arzusu özünün təbii aristokratiyaya aid olduğunu dərk etməsi ilə bağlı deyil. Bu arzunu Kəramətin beyninə başqası – qeyri-qanuni yaşadığı sevgilisi salır. Hüquqda belə bir prinsip var: qeyri-qanuni işlərin bütün nəticələri qeyri-qanunidir. Əslində, Kəramətin deputat olmaq istəyinin özü də məhz buna görə qeyri-qanunidir.

Demokratiyada könüllülük icbarilikdən daha faydalı olur. Ona görə, kim könüllü bir iş görmək istəyirsə, o, həmişə belə işi xarici məcburetmə ilə görənlərdən daha yaxşı, daha vicdanlı görür. Kəramətə deputatlıq sifarişi sevdiyi qızdan gəlir. Zatən Azərbaycanda bütün deputatlara deputat olmaq sifarişi kənardan gəlir, nəinki daxildən.

Bizim cəmiyyətdə insanların deputat olmaq ehtiyacı cəmiyyətin ehtiyaclarını ödəməkdən yox, öz ehtiyaclarını ödəməkdən yaranır. Yəni bir ehtiyacını ödəmək üçün başqa bir ehtiyac hiss edirsən. Buna görə də deputatların özlərindən, qohum-qardaşlarından başqa, cəmiyyətə heç bir xeyri dəyimir. Bizim Kəramət də “axı, mən niyə deputat olmayım?!” iddiası ilə işə girişir. Və etiraf edir ki: “Bəlkə xalqımın olmasa da, nəslimin (tayfamın) xilası mənəm”.

Sosiologiya sübut edir ki, ümimi fəlakətdən, təklikdən xilas olmaq cəhdi hamını fəlakətə sürükləyir. Hərə öz nəslini xilas etməyə cəhd edəndə, bütün xalq olaraq məhv olur. Kəramət bunun fərqində deyil.

Məni bir sual düşündürür: Kəramət yaxşı bir yazıçı olmağa cəhd etməkdənsə, niyə pis bir deputat olmaq istəyir? Axı, həqiqi deputat olmaq olduqca çətin, məsuliyyətli, əzabverici bir işdir. Və bir insanın deputat olması özündən çox seçicinin əhval-ruhiyyəsindən, bizim kimi cəmiyyətlərdə hakimiyyətin icazəsindən, amma gözəl bir yazıçı olmaq yalnız insanın özündən, onun istedadından və zəhmətindən asılıdır.

Kəramət özündən asılı olanların dalınca yox, başqalarından asılı olanın dalınca niyə gedir?! Və onun bütün seçki macəraları da burdan başlayır. Adam həm yazıçı, həm Tik-Toker, həm deputat, həm jurnalist, bir sözlə hər şey olmaq istəyir. Bir insan bir şeydə çox irəli gedə bilər, çox şeydə yox. Kəramət də deputat arzusunda çox uzağa gedə bilmir. Getməyi cəhənnəm, həm də başına seçkilərdə iştirakdan qaynaqlanan maraqlı macəralar gəlir. Bəs nə bilmişdin, icazəsiz deputat olmaq asandır?!

Yadıma Bəhlul Danəndə düşdü. Bir gün Bəhlul qardaşı Harunun taxtı olan otağa girir. Görür, taxt boşdu, keçir taxtda oturur. Fərraşlar bunu görən kimi Bəhlulu döyməyə başlayırlar. Bəhlulun şivəni sarayı ağzına alır. Harun ər-Rəşid səsə otağına gəlir. Görür ki, qardaşını fərraşlar kötəkləyir. Onlara kənara çəkilməyi əmr edir. Qardaşını əzizləyə-əzizləyə soruşur: “Səni çox döydüklərinə görə belə fəryad edirdin?!” Bəhlul cavab verir: “Yox qardaş, ona fəryad edirdim ki, mən bir neçə dəqiqə sənin taxtında oturduğuma görə bu qədər döyüldüm, sən bütün ömrün boyu bu taxtda oturmusan, indi gör axirət aləmində sən nə qədər kötəklənəcəksən, sənin gününə ağlayıram”.

Azərbaycanda deputat seçkilərində adamın başına bu qədər iş gəlirsə, gör deputat olduqdan sonra başı nələr çəkir. Kəramət deputat ola bilmədiyindən, bunlardan bixəbərdir.

Kəramət sevişdiyi qızın postel sifarişi ilə deptutalığa çırmanır və dərhal da deptatlığın keşiyini çəkənlərin kötəyi ilə üzləşir.

Kəramətin “Səs” romanı həm də xalqımızın səsvermə fəlsəsəfəsinə aydınlıq gətirir. Azərbaycanlılar nəyə görə  deputatlığa namizəd olur və kimə, niyə, necə səs verir? Əlbəttə, birinci təəssübə görə - hərə öz qohumuna. Axı, xalqımız demişkən: “Təəssübü itə atiblar, it yeməyib”.

Haşiyə çıxım ki, mən həmişə bu atalar misalını eşidəndə düşünürəm, görəsən, it bu təəssübü niyə yeməyib – pis bir şey olduğuna görə, yoxsa?..

İkincisi, üzgörənliyə görə. Hər gün üz-üzə gəldiyin qonşularına, dostlarına səs verməsən, sabah onların üzünə necə çıxarsan?!

Üçüncüsü, şəxsi tamahına görə. Yəni kim bir şey versə, ona. “Əl əli, əl də üzü yuyar” pronsipi. Vəd verənlərə o qədər də qiymət verilmir. “Kor at özünə kor nalbənd seçir”. Axı, kor korun ətəyindən tutmayana qədər hamı bilikdə uçurumdan aşağı dığırlana bilməz.

Kəramət “Səs” romanında atası ilə özünün eyni vaxtda deputat seçkilərində iştirakından yazır və tandem də  nəsil problemini çox məharətlə gündəmə gətirə bilir. Atası bir, Kəramət başqa bir yolla deputat olmağa cəhd edir. Elə bu cəhddə də biz çox aydın şəkildə nəsil problemini görürük. Həm də cox maraqlı. Çünki iki yaradıcı insan - ata və oğul fərqli nəsilləri təmsil edir. Kəramət bir vaxtlar Cəlil Məmmədquluzadəyə dil uzadanda, atası onun adından üzr istəməyə məcbur olmuşdu. Seçkilərdə də ata köhnə kişilərə xas təmkinlə, Kəramət yeni nəslə xas çılğınlıqla ətrafdakılara reaksiya verir... Nə qədər olmasa da, nəsil yaxınlığı var. Kəramətin vecinə deyil, o, bəzən danışıb, sonra düşünənlərdəndir. Çünki yaradıcı adam ilhamla yaratdığına görə, yaradıcılıq anında ağıl dincə qoyulur. Elə ki, ilham öz işini qurtardı, ağıl başlayır ilhamın verdiklərini saf-çürük etməyə, bazara yararlılığı müəyyən etməyə.

Kəramətin deputatlığa gedən yolu yataqdan başlayır. Sevgilisi ilə ehtiraslı anlar yaşadıqdan sonra, ehtiras kəllə-çarxa vurur, sevgilisi “sən mənə hakim ola bilmisənsə, xalqa niyə hakim olmayasan?!” məntiqi ilə Kəramətə deputat olmağı sifariş verir. İnsafla desək, yanılmır da, zatən pişiyin könlü samanlıqda olanda, it də vurub ora salanda hər şey asan görünür. Kəramət sevgilisinin təklifini göydə tutur. Axı, ucdan-qulaqdan deputat mandatının aşnalara və saxlamalara hədiyyə kimi verildiyi haqqında çox eşidib. Mandatı olanların beş-alt məşuqə saxladığını bilir. Burada bir şəxsin intim həyatı ilə sosial həyatının necə iç-işə olduğu aydın boyalarla oxucuya çatdırılır.

Kəramət əsərində bir tərəfdən özünün deputat olmağına, digər tərəfdən bir qadınla qeyri-qanuni yaşamağına haqq qazandırır. Əslində, “Cuppulu” adlandırdığı və qeyri-qanuni yaşadığı qız Kəramətin iç aləmi, onun deputat olmaq cəhdi xarici aləmidir. Hər ikisi ehtirasla bağlıdır. Yəni Kəramətin deputat olmaq arzusu da, əslində, intim həyatının uzantısından başqa bir şey deyil. “Deputatlığın verdiyi imkanlarla istədiyin gözəlçə ilə qeyri-qanuni yaşamaq olar” fəlsəfəsi Kəramətə hakim olub. Kəramət bu fürsəti niyə əldən verməlidir ki?!

Kəramət zahirdə özünü küçələrdə kitabsatan gənc yazıçı kimi təqdim edir... bir yaradıcının öz əsərlərini satması qədər normal bir şey yoxdur. Amma Kəramət həm kitablarını satır, həm də bunu cəmiyyətdəki ədalətsizliklərə bir üsyan, bir mübarizə kimi təqdim edir. Əksinə, Kəramətin kitab satması onun sadəliyindən daha çox mürəkkəbliyindən xəbər verir. Biz bunu “Səs” romanında daha aydın şəkildə görürük.

Kəramət seçki kampaniyasında  özünə qarşı yönəlmiş qüvvələrin seçilcilərə “Kəramətə səs vermə” çağırışlarının şahidi olur. Və “səsvermə” ilə “səs vermə”nin fərqinə varmağa başlayır. Ona görə də belə nəticəyə gəlir: “Səs səsdir, onu itirdinsə özünü, cəmiyyəti və ən axırda vətəni itirirsən...”. Kəramət bu mənəvi böhrandan xilas yolunu, əslində, onu bu böhrana salan “Cuppulu”larda görür. Kəramətin ümidi onu bu günə qoyanlara qalıb, cəmiyyətin də ümidi onu ümidsiz buraxanlara qaldığı kimi.

Kəramət deputat olmaq iddiasını alternativi Çingizə “iç etməklə” əsaslandırmağa cəhd edir. Halbuki, deputat olmaq istəyən alternativin kim olmasından çox, özünün kim olması ilə seçilməlidir.

Romanda Kəramət öz istedadı çərçivəsində öz alternativini “ağ yuyub, qara sərir”. Özünün sarkazmı ilə həm soldan, həm sağdan hücüm edir, Çingizdə iştahat qoymur. Əslində, Kəramət düz etdiyini düşünür, özünü  deputatlığa daha layiqli hesab etdiyindən, bu posta layiq hesab etmədiyi, amma saxta yolla deputat olacaq birisini biabir etməkdə özünü haqlı sayır.

Kəramət deputat olmağa cəhd edərkən məruz qaldığı qeyri-qanuni hallarla “Cuppulu” ilə qeyri-qanuni əlaqələri arasında bir rabitə görmür. Əslində, deputat seçkilərinin saxtalaşdırılması ilə bir qadinla qeyri-qanuni yaşamaq, yəni ailə həyatını saxtalaşdırmaq arasında heç bir fərq yoxdur. Hətta valideynlərinin “Cuppulu”nu bir gəlin kimi   qəbul etməmələrini də anlaya bilmir. Sən bir qadınla qeyri-qanuni yaşayıb qanunu pozursan, biri də qanunu pozaraq qeyri-qanuni yollarla deputat olur. Həqiqət bu qədər acı və bir o qədər də sadədir.

Biz özümüzdən başlamadıqca, heç vaxt cəmiyyətdə nəsə edə bilmərik. Arximed deyir: “Dünyanı yerindən tərpətmək istəyən insan özünü yerindən tərpətməyi bacarmalıdır”. Bizim üçün özümüzü tərpəmətməkdən daha çox cəmiyyəti tərpətmək buna görə asan gəlir. Bəzən özümüzün gözümüzdəki tükü seçmədiyimzdəndir ki, nə baş verdiyini anlaya bilmirik.

“Səs” romanının ilk səhifəsindən “Cuppulu” ilə yatağa girən Kəramətin sonra qatıldığı seçkilərdə kənara atılması məntiqi və ədalətli sonluqdur. Zatən ona deputat olmağı beyninə salan qeyri-qanuni yaşadığı “Cuppulu” bunu deputatın qeyri-qanuni imkanlarından istifadə etmək fürsəti ilə izah edir. Kəramət intim ehtirasla siyasi ehtirasın sərhədlərini ayırd edə bilmir. Xoşuna gələn hər şeyi qeyri-qanuni əldə etmək cəmiyyətin xəstəliyidir, ona görə, Kəraməti qınamaq olmur. O, sanki Azərbaycan cəmiyyətinin güzgüsü kimi çıxış edir. Bu güzgüdə hər bir oxucu özünü görə bilir. Elə buna görə, Kəramət kitaba son söz kimi yazır: “Biz buyuq - saxtası, gerçəyi, acısı, şirini ilə... Kitabı açın və ona güzgü kimi baxın. Özünüzü mütləq görəcəksiniz”. Buna əlavə edim ki, ya namizəd, ya seçici, ya seçki komissiyyasının üzvü, ya seçki saxtakarlığını qoruyan polis, ya da taleyinə laqeyd qalan və səsvermədən yayınan birisi kimi.

Kəramətin “Səs” romanında çox nəhəng bir mövzu fərdi davranışlarımzdakı qeyri-qanuniliklə ictimai həyatımızda qeyri-qanuniliyin bir-biri ilə nə qədər sıx bağlı olduğu ortalığa qoyulur. Bəlkə də heç Kəramət özü də bunun fərqində deyil. O, özünün can rahatlığı və ehtirasını söndürmək üçün bütün qeyri-qanuni hərəkətlərində özünü haqlı saysa da, cəmiyyəti idarə edənlərin öz rahatlıqları üçün seçkiləri saxtalaşdırmaları ilə barışa  bilmir. Yəni Kəramət dissonans vəziyyətinə düşüb, bir cür düşünür, başqa cür hərəkət edir. Məşhur filosof İnqe deyir ki: “İnqilab ya şüurlarda olacaq, ya da olmayacaq”. Fərdləri pozulmuş cəmiyyətin bütünlüklə pozğun olmaması təəcüblüdür, nəinki pozğun olması.

Romanda Kəramət bəlkə də fərqinə varmadan belə bir problemə aydınlıq gətirir: ictimai pozğunluğun kökü fərdi pozğunluqlardadır.

Hər bir əsər bir yazıçının səsidir. O, bu səsi ilə insan zövqlərini, düşünücələrini formalaşdırmağa cəhd edir. Əsəri oxuyub sevən oxucu da, əslində, yazıçının öz əsərində qaldırdığı səsə səs vermiş olur, yəni özünü yenidən həmin əsərə uyğun formalaşdırır: “Heyvan iyləşə iyləşə, insan səsləşə səsləşə”. Saxta səs saxta cəmiyyət formalaşdırır. Saxta cəmiyyət öz üzvlərinə əzabdan başqa bir şey verə bilmir və verə bilməz.

Kəramətin “Səs” romanı haqqında düşüncələrimi onun romanının başlanğıcında diqqəti çəkən cümlələrlə bitirmək istəyirəm. O yazır: “Bəlkə də insanı ən çox yoran, əldən salan, kədərləndirən, ona yaşamağa imkan verməyən arzulardır”. Mən belə düşünmürəm. Əksinə, “Quş qanadla uçar, insan diləklə”. Arzu insanı bu vahiməli həyatda inadla yaşamağa kömək edən yeganə insani hissdir. İnsan arzularından qabaq ölür. Kəramətin dedikləri saxta arzulara aiddir. Həqiqətən, insan nə qədər əsassız arzulara dalır, bir o qədər yorulur, əzab çəkir. Çünki gücü çatmadığı daşı qaldırmağa cəhd edir və gücə düşür. Elə bizim cəmiyyətimizi də yoran, onda insanı vahiməyə salan proseslərin getməsi də məhz mənəviyyatdan başlayıb, sosial həyatda başa çatan saxtakarlıqla bağlıdır. Kəramət də “Səs” romanında bu saxtakarlığı öz təcrübəsində bədii dillə, özünəməxsus tərzdə təsvir etməyə cəhd etmişdir. İnsafən, buna nail də olmuşdur.

Uğurlar yazıçı Kəramət, əlvida deputat ola bilməyən Kəramət!

Sərdar CƏLALOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR