Saat:23:46
Haqqımızda

Səs eləmə, millət yatsın - ŞEİR

2023-05-28 11:30:00

Səs eləmə, millət yatsın - ŞEİR

Aralı dur, cəng eləmə,
Çənə yorma, əng eləmə,
Şeir yazıb dəng eləmə,
Səs eləmə, millət yatsın.

Çox ağıllı olmaginən,
Yat, geriyə qalmaginən,
Heç vecinə almaginən,
Səs eləmə, millət yatsın. 

Hacı müğənni bəsləsin
Efir yuxuya səsləsin,
Lazım olsa, hey əsnəsin,
Səs eləmə, millət yatsın.

Nə işinə kim, nə satsın,
Ver, başı telefon qatsın,
Elm, təhsil, məktəb batsın,
Səs eləmə, millət yatsın.

Bazar dolu, cib boş olsun,
Lap qiymətlər ərşə qonsun,
Nə işin, acından ölsün,
Səs eləmə, millət yatsın.

Sənə yaxşı olsun deyə,
Baxma, kefi qaldır göyə,
İstərsən balan yeyə,
Səs eləmə, millət yatsın.

ŞAMİL

20.05.2023

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR