“Şərurlu İsfəndiyar”: “Laba Mübariz” bıçağı çıxarıb boğazımı kəsdi, 70 faiz qan itirdim”

2022-06-17 09:16:00

“Şərurlu İsfəndiyar”: “Laba Mübariz” bıçağı çıxarıb boğazımı kəsdi, 70 faiz qan itirdim”

İsfəndiyar Axundov: “Aydın Talıbov belində çəkələk daşıyıb satırdı”

Hurriyyet.az jurnalist Samir Feyruzov və Vasif Həsənlinin “Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı İsfəndiyar Axundovdan aldığı, demokrat.az saytında yayımlanan müsahibəni təqdim edir:

“Şərurlu İsfəndiyar”ın dəyişməz görüş yeri var – “Hollivud” şadlıq sarayı… Özünə məxsusdur. Bu, onun biznes iperiyasının içərisində kiçik bir damladır. Bizi də ora dəvət etdi. Yolandıq… Qəbulunda xeyli adam gözləyirdi, yəqin ev alıb satanlar idi. İsfəndiyar müəllim yenə də həmin böyük və xüsusi ağacdan yığılan otağında əyləşmişdi. Amma xeyli arıqlayıb. Özünəməxsus əminlik onun əsas xarakteridir, elə bir sual yoxdur ki, ondan yayınsın, yaxud aqressiya göstərsin. Amma İsfəndiyar müəllimin çox kobud adam olduğunu az adam bilməyə bilər. 

— Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda ağır vəziyyət hökm sürürdü. Heydər Əliyev Naxçıvdan sonu qailibiyytlə nəticələnən böyük bir mübarizənin içində idi. Siz həmin vaxt Naxçıvanda idiniz. Həmin vaxt Heydər Əliyevə dəstək verirdinizmi? 

— Sizə deyim ki, həmin vaxt Azərbaycan xalqı çıxılmaz vəziyyətdə idi. Xalq öz müqəddəratını həll etmək üçün ümid yeri axtarırdı. O ümid də ancaq Heydər Əliyev idi. Xalqı bu vəziyyətdən çıxara biləcək başqa bir ümid, namizəd yox idi. Lakin o vaxtkı hakimiyyət Heydər Əliyevin Moskvadan gəlməsinə şərait yaratmırdı. Siz bilirsiniz, 20 Yanvarda milləti al-qana boyadılar. Həmin vaxtı Heydər Əliyev böyük vəzifəsinə baxmayaraq, Moskva şəhərində öz partiya biletindən imtina edərək bildirdi ki, bu Azərbaycan dövlətindən uca dövlət ola bilməz və  Azərbaycan öz müstəqilliyini elan etməlidir. Lakin hakimiyyət elə insanların əlində idi ki, onlar xarici qüvvələr tərəfindən idarə olunurdular. Buna baxmayaraq, Heydər Əliyev Azərbaycana gəlmək üçün qərar qəbul etdi. Lakin hava limanında onun Bakıya gəlişinə imkan vermədilər, o, Naxçıvana getdi. Cəbhəçilər imkan vermək istəmirdilər ki, Heydər Əliyev hakimiyyətə gəlsin. Bilirdilər ki, Heydər Əliyev gələrsə, onların sonu olacaq. Onlar Heydər Əliyevə hücum etdilər, amma millət ayağa qalxdı, “BTR”-ləri əlləri ilə aşırdılar. Çünki millət bilirdi ki, Heydər Əliyev olmasa, Azərbaycan da olmayacaq. Millət öz nicatını Heydər Əliyevdə tapırdı. Hər kəs bir nəfər kimi ayağa qalxdı, Heydər Əliyevi Naxçıvan Ali Məclisinə sədr seçdi. Təsəvvür edin ki, qaz, işıq yox və Heydər Əliyev də xalqla bərabər o şəraitdə yaşayırdı. Buna baxmayaraq, Heydər Əliyev öz nüfuzundan istifadə edərək xalqın yaşaması üçün lazım olanları xaricdən almağa başladı. İlk dəfə Azərbaycan, Naxçıvan və Türkiyə arasında ümid körpüsü tikilməsi qərara alındı. Bu hadisəni Naxçıvanı camaatı alqışla qarşıladı, sanki, bu körpü onlar üçün ümid işığı oldu. Məhz bu körpünün inşası Naxçıvanın həyatında müsbət dəyişikliklərə səbəb oldu. Naxçıvanda vəziyyət sabitləşdi, insanlar öz həyatını normallaşdırdı, lakin həmin zamanda Bakıda baş verənlər heç də ürəkaçan deyildi…

— Heydər Əliyevə Bakıya dəvət edən məşhur “91”-lərdən kimləri tanıyırsınız? 

— Vallah hamısı yadımda qalmayıb. Heydər Əliyev elə bir insan idi ki, amma ona zərrə qədər kimsə, hardasa dayaq dursa, onun min əvəzini çıxacaqdı. 

— Həmin vaxt sizinlə bərabər “Laba” ləqəbli Mübariz Pənahov də Heydər Əliyevə dəstək olduğu deyilir. Eşitdiyimizə görə, “Laba” ilə sizin aranızda böyük bir dava düşüb. Axı ikinizdə eyni məqsədə xidmət edirdiniz, necə oldu ki, aranızda savaş başladı?

— Düzgün danışmaq lazımdır. “Laba Mübariz” o vaxt məni bıçaqla vurdu və mən 70 faiz qan itirdim, üç ay xəstəxanada yatdım. Çıxandan sonra da geri çəkilmədim. Həmin vaxtı Heydər Əliyevin qəbulunda da oldum. Heydər Əliyev mənə dedi ki, bu gün onlar bizə lazımdır, biz onları həbs edə bilmərik. Çünki onlar bir qrup idi. Hətta “Qaqaş” ləqəbli bir nəfərlə (Rasim – red.) qarşımı kəsdilər, mən də onları bıçaqla yerlərinə oturtdum, sonra mənlə münasibətlərini normallaşdırdılar, daha prinsip aparmadılar. Yaşamaq uğrunda mübarizə idi, geri çəkilsəydim, bu gün burda olmazdım. 

— O, sizi hansı şəraitdə bıçaqlamışdı?

— O həmişə məndən mismar-filan istəyirdi, verirdim. Bu dəfə çox şey istədi, mən də vermədim. Mən Şərur Rayon İcra Hakimiyyətinin qarşısında – şəhərin mərkəzində minlərlə adamın içində, fikirləşdim ki, o, yenə gəlib dağıdacaq buraları, dedim ki, daşı vurum başına, ölərsə ölsün, ya da nə olursa olsun. Şəxsiyyətimdən artıq deyil ki?! O gələndə mən hazır idim. 3 ədəd böyük daş hazırlamışdım ki, gələndə onu vurub öldürüm, başqa yolum yox idi. Yoxsa o bunu edəcəkdi. O gəldi, maşınını saxladı, daşı atdım maşının şüşəsinə, şüşə qırılmadı, çat verib əyildi. Daş ona dəymədi. İkinci daşı götürüb düz Mübarizin başına vurmaq istəyəndə onun mühafizəçiləri qolumdan tutdular, amma daşı əlimdən ala bilmədilər. “Laba Mübariz” bıçağı çıxarıb boğazıma dirədi, dedi ki, sənin başını kəsəcəm. Bıçaq boğazıma girdi və mən böyük qan itirdim, Açığı, məqsədim “Laba Mübariz”i öldürmək idi, düz fikirləşmişdim, gələn kimi o məni öldrmək üçün bıçaqladı. Mənə dedi ki, səni öldürəcəm. Dedim, öldür, mən səni öldürmək istəyirdim, alınmadı, sən öldür, kişi ölümdən qorxmaz. 

— İndi münasibətiniz necədir?

— Yaxşı, normal. Görüşürük arada. 

— Siz Siyaqut kəndindənsiniz. O kənddən digər tanınmış iş adamları da var. Məsələn, Aydın Talıbov. Onunla münasibətləriniz necədir? 

— Qonşuyuq, qohumuq. 

— Necə qohumsuz, yaxın, uzaq? Münasibətiniz necədir?

— O da mənim kimi zəhmətkeş olub, çox əziyyətlə bu günlərə gəlib. Belində çəkələk daşıyıb satırdı. Kasıb bir ailədə böyüyüb. Həyatdı, insan istəyirsə, çalışarsa, varlana bilər. O insanın qabiliyyətindən asılıdır.

— İsfəndiyar müəllim, çox maraqlıdır, internetdə “Şərurlu İsfəndiyar” adını axtarışa verən kimi neqativ yazılar tapılır. Siz xeyriyyə işi məşğul olursunuzmu? Olursunuzsa, o zaman niyə təbliğatı aparılmır? Niyə sizin haqqınzıda bircə cümləlik də olsa, müsbət məlumata rast gəlmək olmur? 

— Bilirsiniz, mən reklamı sevmirəm. Nə sürücüm var, nə mühafizəçim. Bir telefon nömrəm var, qapım açıqdı, kim gəlir, qəbul edirəm. Düşmənim də yoxdur. Bir gün hətta mənfi yazanların birinə zəng elədim ki, niyə belə yazırsan? Dedi ki, sizin haqqınızda yazandan sonra 60 min oxucum artıb. Yəni, onların özlərinin maraq dairəsi var və mən də buna baş qoşmuram. Bilirsiniz, o vaxt oğlum dava elədi, vurdu, əslində onun orada etdikləri nahaq deyildi. Kimsə oğlumun gödəkçəsini geyinib, sonra da deyib ki, soyunmuram, get kişi gətir, bunu mənim əynimdən çıxartsın. Bu nə deməkdir?! Oğluma özü ilişib. Onlar öyrədilmiş adamlar idi. Həmin vəziyyətdə də kimsə istifadə edib, silah verib ki, vur, o da vurub. 

— Sualımıza da cavab istəyirik, xeyriyyəçilik xeyriyyə işləri görmüsünüzmü?

— Həmişə olub. Eləməsək, mümkün deyil axı. Təsəvvür edin ki, bu dəqiqə stolumun üstündə siyahı var, dövlət tərəfindən göstəriş verilib ki, zərər çəkən 1100 şəxsə köməklik edilsin. Mindən çox mənzil vermişəm, mindən çoxunu da verəcəm. Cəmi 2200 mənzil edir.  Həmin şəxsləri başqa şirkətlər aldadıblar, ödəniş etdikləri şəxslər indi həbsxanadadırlar, mən isə onların əvəzinə ev verirəm. 

— Heç olub ki, kimsəsiz, evsiz bir ailəyə təmənnasız olaraq ev bağışlayasınız?

— Bu yaxınlarda olub belə bir şey. Nömrəsini də verə bilərəm, əlaqə saxlaya bilərsiniz. Bir qadın gəlmişdi, dedi, şəhid ailəsiyəm, ev almaq istəyirdi, min manatı ödəyə bilmirəm dedi, ödənişi 250 manat elədim. Sonra mənə zənglər gəlməyə başladı. Gəlinin qaynatası, qayını inanmayıblar ki, belə bir şey ola bilər. Zəng edəndə dedim ki, gəldi, kömək elədim. İnanmadılar ki, 250 manat ödənişlə ev almaq mümkün olsun. Belə hallar çox olur. 

— Bəs niyə belə hadisələri mətbuatda işıqlandırmırsınız? Sizin mətbuat katibiniz yoxdur?

— Yoxdur, neyləyirəm ki? Əsas alıcılar məni tanıyır, güvənir. Bu dəqiqə sənədləri gətirsinlər, baxın ki, 60 milyon manatlıq ev təmənnasız vermişəm. 

— Onda sizi milyarder hesab etmək olar? 

— Yox. Milyarder olmaq fikrim də yoxdur. 

— Deyilənə görə, sizin əsas himayəçiniz Ramiz Mehdiyev olub. Bir də Əli Həsənovun adını çəkirlər. 

— Biz Naxçıvanda olanda Ramiz Mehdiyevlə görüşürdük. Ancaq o vəzifəyə gələndən sonra nə görüşdük, nə də danışdıq. Əli Həsənovu isə iki dəfə görmüşəm. Bir dəfə hüzür yerində, bir dəfə də məndən bir xahiş elədi, mən də yerinə yetirdim. Amma sonra mən ondan nə xahiş elədim, heç nə eləmədi. Halbuki yerliyik, eyni rayondanıq. Onu əvvəldən heç tanımırdım.

— İsfəndiyar müəllim, kiməsə borcunuz var?

— Hara? Kimə?

— Banka, dövlətə, kiməsə.. 

— “Zaminbank” bizim mülkümüzü götürüb. Deməli, evləri, restoranları girov qoyub, zərərçəkənləri evlə təmin etmək üçün 5 milyon pul götürmüşəm, amma bank 10 milyon borc yazıb mənə. Onun da böyük hissəsini ödəmişəm. 

— İsfəndiyar müəllim, Naxçıvanda Heydər Əliyevlə görüşə bilirdinizmi? 

— Naxçıvanda onunla hər kəs görüşürdü. 

— Bəs burada?

— Heç cəhd eləməmişəm. Amma həmişə onun dəstəyini hiss eləmişəm. Mən Şərurdan vaqonlarla materiallar gətirirdim. Mənə qarşı təxribat hazırlayırdılar. Hamısında Heydər Əliyev məni müdafiə edirdi. Hətta bir dəfə rayon icra başçısı sənəd vermişdi, mən xaricə mal aparmışdım. Rayon icra başçısı məndən xarakteristika istədi, mən də o zaman şirkət müdiri idim. Heydər Əliyev ona güldü, dedi ki, icra başçısına bax, şirkətdən xarakteristika istəyir. 

— Oğlanlarınız- Allahverdi, Tanrıverdi, Mehdi, Şahin.. Nə işlə məşğuldurlar?

— Biri Türkiyədə ev tikir. Biri burda ev tikir, o birisilər də başqa işlərlə məşğuldurlar. Obyektləri var, bizneslə məşğuldurlar. Əslində, o vaxt oğlum Mehdi Konstitusiya Məhkəməsində işləyirdi, hüququ bitirib. Məndən xahiş elədi ki, müstəqil iş adamı olum. Mən də razılaşdım, dövlət qulluğundan ayırdım.

— Qız övladınız yoxdur?

— Bir qızım var. Ailəlidir. Öz rayonumuzdan iş adamı ilə ailəlidir. 

— Neçə nəvəniz var?

— 10 nəvəm var. Biri artıq Amerikada ali təhsilini başa vurdu, o biriləri də göndərəcəm oxumağa. Mən özüm oxumamışam, əziyyət çəkmişəm, istəyərəm ki, onlar ali təhsil alsın. 

— Ölkədə böyük islahatlar prosesi həyata keçirilib. Köhnə məmurları yeniləri əvəz etdi. Şəxsən siz hansı dəyişiklikləri hiss edirsiniz?

— Bir zaman mən getmişdim xaricdən mal almağa, mənə o malı satmadılar, mən də əsəbiləşdim. Dedi haralısan, dedim azərbaycanlı, dedi azərbaycanlıya mal satmıram. Dedim, necə yəni?! Elə şey olar?! Dedi, səbəbi odur ki, bir dəfə azərbaycanlıya mal satdıq, gömrükdən keçirə bilmədi, qaytardı malı geri. Sən də keçirə bilməsən, qaytaracaqsan. Malı qaytarmaq olmaz. Amma şükür bu günə, xaricdən kim nə istəsə gətirə bilər, kim nə istəsə apara bilər. Təsəvvür edin ki, əvvəllər məmurlar bizə aylıq qoymuşdular. Ayda filan qədər verilməli idi.

— Nə qədər?

— Deyə bilmərəm kim və nə qədər… Bu gün isə heç kəs bir qəpik istəmir. Ayda 150 min manat gedirdi məndən, səbəbini bilmədiyim yerlərə. Bu gün hər şey çox yaxşı, şəffafdır, çox rahatıq. İstər rayon icra hakimiyyətləri olsun, istər prokurorluq olsun, bütün dairələr tamamilə dəyişib. 

— Bir zamanlar məlumatlar yayıldı ki, Sizə məxsus olan “Hollivud” şadlıq sarayı həm də kozino kimi fəaliyyət göstərir, məşhur qumarbazlar yığılır ora, hətta sizin özünüzün də yaxşı kart oynadığınızı deyirdilər. 

— Elə söz deyə bilməzlər. Mən səhər 10-da işə gəlirəm, günorta 1-də, 2-də evə gedirəm. Uşaqlarla, nəvələrimlə vaxt keçirirəm. Heç restorana da getmirəm. İldə bir-iki dəfə olar ki, mən restorana gedim. İdmanla məşğul oluram. Arıqlamışam xeyli, sağlamlığıma fikir verirəm. Günəşlənirəm. Hər gün 2 saat günəşin altında yatıram.

— Bir dəfə yazmışdılar ki, siz silah gəzdirirsiniz.

— Silahım var, 10-15 il bundan öncə üstümdə gəzdirirdim, amma indi yox. O zamanlar məcbur idim. Yolumuzu kəsirdilər, hədə-qorxu gəlirdilər. Təsəvvür edin ki, bir dəfə ofisdə oturmuşdum, telefonuma zəng gəldi, dedi, sizə zəng edən Muxtardı, Razindən zəng edirəm. Guya avtoritetdir. Dedi ki, mənə təcili 5 büküm göy (50 min dollar – red.) çatdırmalısan. Dedim, bu göyərtidir, nədir, nə istəyirsən? Sonra dedim, gəl apar. Dedi, biz gələ bilmərik, ver dayıoğluya. Mənim dayımoğlunu nəzərdə tuturdu. O işdə dayıoğlunun da əli var idi. Deməli, bunlar neylədi? Təsəvvür edin, 20 tonluq çən, içində yanacaq və “Siyaqut” restoranında toy gedir… O çən partlasa, 300 nəfər yox olacaqdı. Bu hadisə çox əvvəl baş verib. Sonralar belə hadisələr olmadı, silah gəzdirməyə də ehtiyac qalmadı. 

— Nə maşını sürürsünüz?

— Cip, “LEXUS”. Özüm sürürəm, sürücüm yoxdu. Övladlarım deyir ki, kaş bizə bahalı maşın almazdın, xaricə təhsil verəydin. Amma o zamanlar imkan yaxşı deyildi, mən onları yaxşı oxuda bilmədim. 

— Bacı-qardaşlarınız var?

— 8 bacı-qardaşıq, 3 qardaş, 5 bacı. Hamısı Bakıda yaşayır. 

— Onlarla münasibətiniz necədir?

— Çox yaxşı. Hər birinin övladının xeyir işində mən onlara ev bağışlayıram. 

— Naxçıvanda biznesiniz var?

— Yox. Evim var, ara-sıra gedirəm, qalıram orda, dincəlirəm. Amma yatırım qoymuram. 

— Deyirlər, Vasif Talıbov Naxçıvana getməyə hər adama icazə vermir.

— Yalan deyirlər. Orda tanıdığım adamlar var, biznesləri var. Tənbəl insan, işləmək istəməyən bəhanə axtarar. 

— Son olaraq, oxucularımıza nə demək istəyərdiniz? 

— Təəssüflər olsun ki, Heydər Əliyev dünyasını dəyişdi. Təsəllimiz odur ki, onun layiqçi davamçısı var, cənab Prezident. Onun sayəsində Azərbaycan haqqında bütün dünyada müsbət fikir formalaşdı. Onun sayəsində bir birləşdik, bütövləşdik. Bu gün regionda güc sahibiyik. Allah Heydər Əliyevə rəhmət eləsin. Azinforum.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya