Şərqi Avropada proseslərin gedişini Türkiyə müəyyənləşdirəcək - Analiz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Roma Papası XIV Leonla birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün lazımi dəstəyi verməyə hazırdır.
O bildirib ki, Ankara son zamanlar müharibənin bitməsinə yönəlmiş fəaliyyətləri yaxından izləyir və prosesə töhfə verməyə hazırdır.
Məlum olduğu kimi, Türkiyə Rusiya- Ukrayna müharibəsinin ilk günündən etibarən sülhün təmin olunması üçün çalışır. Ankara hər iki tərəflə normal münasibətlərə malik nadir aktorlardandır. Bu isə o deməkdir ki, Türkiyənin vasitəçilik imkanları kifayət qədər çoxdur.
Əvvəl də dediyimiz kimi, Rusiya- Ukrayna müharibəsi artıq ABŞ- Avropa qarşıdurmasına çevrilib. Belə bir vaxtda Türkiyə hələ də proseslərdəki açar rolunu qoruyur. Çünki Ankara nəinki Kiyev və Moskva, həm də Avropa və ABŞ arasında neytral oyunçulardandır. Bu, Türkiyəyə ehtiyacı artırır.
Düşünürəm ki, Rusiya ilə Ukrayna arasında sülh Türkiyəsiz mümkün olmayacaq. Bunu tərəflər özləri də başa düşür.
Ankaranın proseslərdəki rolu getdikcə artacaq. Hətta yaxın zamanda Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşün keçirilməsi də mümkündür.
Türkiyənin rolunu Rusiya da, Ukrayna da, Avropa da, ABŞ də anlayır. Ankara hazırkı durumdan öz xeyrinə istifadə etməyə çalışacaq. Məsələ burasındadır ki, Türkiyənin bütün tərəflərlə bağlı maraqları var. Odur ki, Ankara perspektivdə bu məsələni siyasi ticarətə çevirib, öz gözləntilərinin reallaşmasına çalışa bilər.
Hazırkı situasiyaya əsasən demək olar ki, Şərqi Avropada proseslərin gedişini məhz Türkiyə müəyyənləşdirəcək.
Kənan Novruzov
