Sərhədlərin açılmasında Azərbaycan faktoru: 1 və 15 sentyabrda nələr olacaq?

2022-07-25 21:56:00

Sərhədlərin açılmasında Azərbaycan faktoru: 1 və 15 sentyabrda nələr olacaq?

Bu gün Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç iki dövlətin sərhədinə baş çəkib.

Bu, artıq Türkiyənin Ermənistanla sərhədləri açması prosesinin sürətli şəkildə getdiyinin göstərir. Xatırladaq ki, Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə görə Türkiyə tərəfi sərhədi ermənilərin üzünə bağlamışdı. Hələ də sərhədlər qapalıdır. Normallaşma prosesində aparılan müzakirələr ictimaiyyətə tam açıqlanmasa da, bəllidir ki, yenə də həlledici faktor Azərbaycandır.

Söhbət ondan gedir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamasa, Türkiyə qapılarını ermənilərin üzünə açmayacaq.

Prosesdə Azərbaycan faktoru

Görünən odur ki, aparılan danışıqlarda bu məsələ razılaşdırılıb və artıq Ermənistan rəsmiləri tərəfindən də müsbət informasiyalar gəlməkdədir. Təsadüfi deyil ki, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan 18 iyulda Azərbaycanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə iclasının avqustda keçiriləcəyini açıqlamışdı. Eyni zamanda, ikinci görüşün Moskvada baş tutacağını da açıqlayan Mher Qriqoryan iclasın vaxtının məlum olmadığını bildirib.

Bunun ardınca isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibə verərək Qarabağda olan erməni silahlılarının avqustun sonuna qədər çıxarılacağını deyib.
O bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin bir sıra bölmələri Qarabağa göndərilib.

“Atəşkəs rejiminin yaradılmasından və Rusiya Federasiyasının sülhməramlı kontingentinin yeridilməsindən sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin çıxarılması tamamilə təbiidir”, -deyən Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, geri çəkilmə prosesi başa çatmaq üzrədir və sentyabrda tam yekunlaşacaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə ilə Ermənistan arasında gedən normallaşma prosesində əsas faktor yenə də Azərbaycandır. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın da ilk dəfə olaraq sərhədə baş çəkməsi artıq razılaşmaların olduğunu deməyə əsas verir. Səfərin mahiyyəti isə əslində aydındır: Türkiyə tərəfi bölgədə hansı işlərin görüləcəyi, infrastruktur layihələrinin planlaşdırılması, o cümlədən digər layihələrin hazırlanması ilə bağlı praktik işlərə başlayıb.

Maraqlı məqam ondan ibarətdir ki, prosesə Ermənistan tərəfindən rəhbərlik edən Ruben Rubinyan da işlərin müsbət yöndə inkişaf etdiyini bildirib. O, çıxışında konkret olaraq razılıqların olub-olmadığını deməsə də, müzakirələrin üçüncü ölkə vətəndaşları üçün sərhəd keçidlərinin açılması imkanları ilə bağlı getdiyini bildirib.

Ermənistanın çıxış yolu...

Yayılan informasiyalar onu göstərir ki, Azərbaycan tərəfinin də mövqeyi şərtlərinin qəbul olunması ilə Türkiyə-Ermənistan sərhədinin açılmasından yanadır. Azərbaycanın şərtləri isə aydındır: 10 noyabr üçtərəfli Bəyanatında və eyni zamanda Moskva və Brüssel razılaşmalarında Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi.

Ermənistan tərəfi öhdəliklərini yerinə yetirərsə, proses gözlənildiyi zamanda yekunlaşacaq. Zaman isə konkret olaraq 15 sentyabrdır. Yəni Ermənistan tərəfi 1 sentyabra qədər Azərbaycanla məsələlərini həll etməli, delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı razılığa gəlməli-öhdəliklərini yerinə yetirməli və müqavilə imzalamalıdır. Bu proses Azərbaycanın şərtlərinə uyğun gedərsə, sentyabrın 15-i Türkiyə Ermənistanla sərhədini açacaq. Sərhədin açılması prosesi isə mərhələli şəkildə gedəcək. İlk olaraq üçüncü ölkə vətəndaşlarının keçidi üçün sərhədlər açılacaq, sonrakı mərhələlərdə isə hər iki ölkənin vətəndaşlarına şamil olunacaq.

Ermənistan üçün tarixi şans: 1 sentyabr və 15 sentyabr

Proseslərin gedişatı, danışıqlarda nələrin müzakirə olunduğu, konkret razılıqlar barədə tərəflər məlumat verməsələr də, mediaya müəyyən informasiyalar sızır. Belə ki, Türkiyə mətbuatının yazdığına görə, əgər 1 sentyabra qədər Ermənistan Azərbaycanla müqavilə imzalayarsa, Türkiyə Ermənistanla sərhədlərini 15 sentyabrda rəsmən açacaq.

Sonda onu da qeyd edək ki, Türkiyənin xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Qarabağda düzgün və effektiv fəaliyyətdən asılı olduğunu deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında olan telefon danışığında da normallaşma prosesinin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Görünən odur ki, prosesin sonu gözlənildiy kimi olacaq. Yəni 1 sentyabra qədər Ermənistan Azərbaycanla müqavilə imzalayacaq, 15 sentyabrda isə Türkiyə bu ölkə ilə sərhədləri açacaq. \\Amia.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061930