Sərhəddə silahlar işə düşür: “Tezliklə sülhün olacağını gözləmirəm”

2022-09-09 13:13:00

Sərhəddə silahlar işə düşür: “Tezliklə sülhün olacağını gözləmirəm”

Bir həftəyə yaxındır ki, təmas xəttində atəşkəs mütəmadi olaraq pozulur. Bəzi ekspertlər bunu Əliyev-Paşinyan görüşündən sonra ermənilərin ikinciyə sürprizi kimi qiymətləndirir. Digər bir kəsim isə Ermənistanda hərbi rəhbərliyin Paşinyana tabe olmadığı düşüncəsindədir. 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzuya münasibət bildirib. 

O, Yenisabah.az-a açıqlamasında Azərbaycanın zəfər qazanıb ərazi bütövlüyünü bərpa etməsinin Ermənistana dərs olmadığını deyib:

“Hər zaman Azərbaycan-Ermənistan danışıqları vaxtı təmas xəttində atəşkəs pozulur. Təxribatlara əl atan ermənilərə qarşı ayıq-sayıq olmaq üçün əlavə tədbirlər həyata keçirilir. 44 günlük Vətən müharibəsi üçtərəfli bəyannamə ilə sona çatdı. Bəyannamədə bəhs olunan müddəalar hər kəsə aydındır. Proseslər sülhə istiqamətləndirilmiş şəkildə inkişaf etməlidir.

Tarixə nəzər yetirsək bütün müharibələrin sülhlə nəticələndiyini görə bilərik. Sülh sayəsində müəyyən müddəalar tərtib olunur. Tərtib olunmuş müddəalara riayət olunarsa, hər iki ölkə inkişafa doğru irəliləyir. Söylədiklərim Ermənistana aid deyil. Ermənilər hər zaman sözdə bir, əməldə başqa olub. Bundan sonra da belə olacaqlar.

Gah Kəlbəcərin, gah da Tovuzun sərhədyanı bölgələrində atəşkəsin pozulmasına üstünlük verirlər. Bu təxribatlar danışıqlarla bağlı ola bilər. Müxalif revanşist qüvvələr Qarabağ klanını təmsil edir. Onlar Azərbaycan-Ermənistan arasındakı münasibətlərin sivil şəkildə davam etməsini istəmir. Sülh müqaviləsi bağlandığı halda prezidentimizin dediyi kimi “revanşist Qarabağ klanı zibil yeşiyinə atılacaq”. Ona görə təxribatların törədilməsində bilavasitə iştirak edirlər. Xaricdən maliyyələşdirilən bu klanın məqsədi Azərbaycan-Ermənistan arasında gərginliyi saxlamaqdır”.

Polkovnik qeyd edib ki, Cənubi Qafqaz regionunda gərginliyi saxlamaq üçün bir sıra təsir mexanizmlərindən istifadə edilir:

“Hazırda dünyada gedən proseslərin də atəşkəsin pozulmasında rolu var. Atəşkəsin pozulmasında dildə bir, əməldə başqa olan Paşinyanın və Ermənistan hərbi rəhbərliyinin böyük rolu var. Ermənistan müstəqil siyasət sahibi deyil. Xaricdən gələn sifarişləri yerinə yetirərək regionda gərginlik saxlanılır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz gücləndirilir. Məhz onun siyasətinin nəticəsidir ki, “Vətən” müharibəsi və “Qisas” əməliyyatı uğurla başa çatdı. Azərbaycan Ordusu hər şəraitdə törənə biləcək təxribatlara qarşı hazır vəziyyətdədir. İlham Əliyev hər zaman sübut etdi ki, Qarabağın və Azərbaycanın bir sahibi var, o da Azərbaycan dövlətidir.

Dövlət sərhəddində olan münasibətlər başqadır. Ermənistan təxribatlar törədərək KTMT-ni məsələyə cəlb etmək istəyir. Azərbaycan bu tərxibatlara susmayıb və hər zaman adekvat cavab verib.

Paşinyan beynəlxalq arenalarda özünü sülh tərəfdaşı kimi göstərir. Lakin gördüyü iş tam başqadır. Yaxın zamanda sülh müqaviləsinin imzalanacağını gözləmirəm. Bəlkə də siyasi yönümlü bir addım ola bilər. Bunun səbəbi iki ildir Paşinyan hökumətinə qarşı keçirilən mitinqlər ola bilər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.081869