Saat:00:15
Haqqımızda

Sərhəddə baş verən təxribatların pərdəarxası...

2021-07-27 10:35:00

Sərhəddə baş verən təxribatların pərdəarxası...

Ermənistanın atəşkəsi pozmaqda nə kimi marağı var?

Hulusi Kılıç: “Bu cür təxribatların nəticəsi ağır olacaq"

Qabil Hüseynli: "Erməniləri qızışdırırlar ki, ordu quruculuğuna kömək edəcəyik…"

 

"Azərbaycanın ayağına dəyən daş, bizim başımıza dəymiş kimi qəbul edərik. Bunu hər kəs belə bilməlidir. Dünya gördü ki, Azərbaycan-Türkiyə qardaşlığı nümunədir. Belə bir qardaşlıq nümunəsi də heç yerdə yoxdur…”

Son vaxtlar erməni silahlı qüvvələri Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsi pozur. Politoloqlar əvvəlki yazılarımızda bunu Ermənistanda baş tutacaq seçkilərlə əlaqələndirirdilər. Artıq gözlənilən seçkilər bitib, Nikol Paşinyan da yenidən öz postuna qayıdıb.

Bəs, yenidən Ermənistan tərəfi niyə Azərbaycana qarşı atəş açır?

Proseslər göstərir ki, indi erməni cəmiyyətinin gələcəyini qurmaq şansı olduğu bir zamanda bu ölkənin siyasətçiləri hələ də müharibənin yaratdığı yeni reallıqla barışmaq istəmir. Onlar erməni xalqını yenidən saxta iddialar və ümidlərlə aldatmaq niyyəti güdür.

Xatırladaq ki, iyulun 26-sı gecə saatlarında da erməni tərəfinin təxribatları davam edib. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib. Müdafiə Nazirliyindən verilən məlumata görə, gecə saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənilərin bu təxribatları onu göstərir ki, Ermənistanın daxilində vəziyyət hələ də gərgindir. Ermənistan ordusunda yaranmış özbaşınalıq “Qarabağ klanı”nı bölgədə bərqərar olmaqda olan sülhün pozulmasına yönəldib. Bəlkə də bu, "Qarabağ klanı"nın seçkilərdəki məğlubiyyətinin göstəricisidir. Yaxud Paşinyan KTMT-dən heç bir yardımın gəlmədiyini görüb, ümidini Avropa və Qərbə bağlayıb.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Ermənsitanın davamlı olaraq təxribat törətmək niyyətində olduğunu qeyd etdi: "Ermənistanın Kəlbəcərdə təxribatyönümlü addımlarını qınayırıq. Şəhidimizə Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Ailəsinə baş-sağlığı verirəm. Vətən sağ olsun. Ermənilər heç cür ağıllarını başlarına yığmırlar. Davamlı olaraq provakasiya törətmək niyyətindədirlər. Bunun sonunun ağır olacağını da bilməlidirlər. Ermənistan böyük məğlubiyyətinə rəğmən, davamlı olaraq terror fəaliyyətinə davam edir.

Biz terror dövləti istəmirik. Təbii ki, bütün bunların arxasında güc dövlətləri durur. Onlar da Ermənistanı buna məcbur edirlər. Amma hər kəs anlamalıdır ki, Azərbaycanın güclü lideri və ordusu var. Həm liderinin, həm də ordusunun arxasında güclü xalq dəstəyi dayanır. Bundan əlavə, güclü həmrəylik var. Ən əsası da qardaş Türkiyə var. Biz haqq və ədalətin yanındayıq. Azərbaycanın ayağına dəyən daş, bizim başımıza dəymiş kimi qəbul edərik. Bunu hər kəs belə bilməlidir. Dünya gördü ki, Azərbaycan-Türkiyə qardaşlığı nümunədir. Belə bir qardaşlıq nümunəsi də heç yerdə yoxdur. Bu baxımdan, bu cür təxribatların nəticəsi ağır olacaq.

Azərbaycan ordusu Ermənistanın atəşkəsi pozmasından sonra, düşməni susdurmaqda davam edir. Layiqli cavab verilir. Bu cavablar daha da ağır olacaq. Yəni bunu bilməlidirlər. Əgər Ermənistan arxasında başqa güclərin dayandığını deyirsə, onlara buna inanmamalıdır. Onlar bu gün var, sabah yoxdurlar. Ermənistan cənab Rəcəb Tayyib Ərdoğanın uzatdığı əli tutsun. Bizim qonşumuz terror dövləti ola bilməz. Onlar gələcəklə yaşamalıdırlar və reallıqla barışmalıdırlar. Artıq istəyirik ki, Ermənistan yaxşı dövlət olsun. Türkiyə və Azərbaycana yaxşı qonşu dövlətlərdən biri olmasını istəyirik. Əgər haqq və hüquq olarsa, bölgədə sülh olacaq. Bir daha Ermənistanın təxribatyönümlü addımlarını qınayıram. Ümid edirik ki, bu cür terror hücumları davam etməz".

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, Ermənsitanda orduya yeni təyinatlar olmasına baxmayaraq, Paşinyan rəhbərliyi tam özünə tabe edə bilməyib: "Sözsüz ki, erməniləri daxildən və xaricdən qızışdıranlar var. Avropa İttifaqı Şurasının prezidenti Mişel cənabları İrəvanda olarkən, ermənilərə Avropa İttifaqının böyük məbləğdə yardımını vəd etdi. Bundan əlavə, sərhəd münaqişəsində onlara dəstək ola biləcəyini də bildirib. Avropa İttifaqı Şurasının prezidenti çox qızışdırıcı çıxışıyla yadda qaldı. Halbuki, Şarl Mişel Bakıya səfər edəndə elə danışmamışdı. Görünür ki, onun ardınca Makron gələcək. Sanki, bölgədə sabitliyin olmasını istəmirlər.

Avropa İttifaqı Şurasının prezidenti olan fransız Mişelin təxribatyönümlü addımlarına niyə dözməliyik?! Erməniləri qızışdırırlar ki, ordu quruculuğuna kömək edəcəyik. Xüsusilə, "Qarabağ klanı"nın üzvləri ordu daxilində hərc-mərclik yaradıblar. Ordumuz bir daha onların cavabını verdi. Kəlbəcərdə düşmən cavab atəşiylə susuduruldu. Onların xeyli itkiləri də var. Demək olar ki, hər gün atəşkəs rejimini pozmağa cəhd edirlər və cavablarını da alırlar. Daha Kollektiv Müdafiəsi Təşkilatı da bu işə qarışa bilməz. Bu baxımdan da, üzlərini Avropaya çeviriblər ki, onlara kömək ediləcək.

Fikrimcə, Azərbaycan kifayət qədər təmkinli hərəkət edir. Özləri də yaxşı bilir ki, "dəmir yumruq" yenidən işə düşə bilər. Bunun qarşısında isə Ermənistan dövlətçiliyi tab gətirə bilməz. Ermənistanda ordu nəzarətdən çıxıb. Orduya yeni təyinatlar olsa belə, Paşinyan rəhbərliyi tam özünə tabe edə bilməyib. Bütün bunlar bölgədə yaranmış gərginliyin əsas səbəblərindəndir. Tezliklə, bu məsələ həll olunmalıdır. Belə davam edərsə, bölgədə müharibə təhlükəsi yarana bilər".

Qabil Hüseynli əlavə etdi ki, rus sülhməramlılarına sərhəd məsələlərinə müdaxilə edilməsinə səlahiyyət verilməyib: "Monitorinq Mərkəzinin əsas işi məlumatlar toplamaq, kəşfiyyat işi aparmaq və məlumatları ümumiləşdirib Azərbaycan, Türkiyə və Rusiya tərəfinə verməkdir. Onların ordu hissələri və patrul xidmətləri yoxdur. Ümid edirik ki, Rusiya sülhməramlılarıyla yanaşı, Türkiyə sülhməramlıları da bölgəyə yerləşdiriləcək. Onlar birgə patrul xidməti apara bilərlər. Amma Rusiya bu proseslərə mane olur. Sülhməramlılar yalnız Azərbaycan ərazisində ermənilərlə azərbaycanlılar arasında sülh yaradılması işini təşkil edirlər. Lakin sərhəd məsələsinə onların müdaxilə etməsinə səlahiyyət verilməyib. Onlar Laçın karidorundan başqa heç nəyə qarışa bilməzlər".

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR