Saat:04:48
Haqqımızda

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qurumun Azərbaycana qarşı qətnaməsinə etiraz etdi

2024-02-06 10:28:12

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qurumun Azərbaycana qarşı qətnaməsinə etiraz etdi

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti Assambleyanın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib. Belə ki, Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Hurriyyet.az-a məlumat verilib. 

Aşağıda müraciətin mətnini təqdim edirik:

“Zati-aliləri,

Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq.

Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib.

Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir.

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır.

Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz.

Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir.

Bilyana Pantiç Pilya - nümayəndə heyətinin rəhbəri, 

Dubravka Filipovski, Elvira Kovaks, Dunya Simonoviç Bratiç, Stefan Yovanoviç, Yelena Zariç Kovaçeviç, Aleksandar Markoviç”.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195281