Şər qüvvələrin Azərbaycan və Türkiyəyə qarşı birliyi - TƏHLİL

2022-07-26 14:23:00

Şər qüvvələrin Azərbaycan və Türkiyəyə qarşı birliyi - TƏHLİL

Türk faktoru ön plana çıxanda ABŞ da Rusiya və İranla ortaq olur…

Cənubi Qafqazın, Böyük Yaxın Şərqin nüfuz dairələrinə bölünməsi uğrunda mübarizə kəskinləşir və bu tendensiya hər keçən gün özünü daha çox biruzə verir. Belə demək olar ki, savaşın iki tərəfi kimi bir-birinə əzələ nümayişi göstərən Türkiyə ilə İran bu sahədə mübarizə aparan əsas qüvvələrdir. Və İranın aqressiv ritorikasının əsas ünvanı üzdə Azərbaycan, arxa fonda isə Türkiyədir.

Mövzusu Suriya, daha doğrusu Suriyanın bölünməsi olan Astana sammitindən sonra bu məsələ Tehran sammitinə də daşındı. İranın Azərbaycanla Türkiyəyə eyni baxış bucağından yayınlanan mövqeyi onu deməyə imkan verir ki, Tehran üzdə kiçik miqyasda Azərbaycanın, böyük miqyasda isə Azərbaycanın daha böyük illuminasiyası olan Türkiyənin güclənməsindən qıcıqlanır. Bəs, İranı Azərbaycanla Türkiyənin güc birliyində narahat edən nədir?

Bildiyimiz kimi, ötən həftə Tehranda "gündəmi Suriya olan" sammit keçirildi. İran prezidenti Rəisi Ərdoğanın PKK ilə YPG-yə qarşı birgə mübarizə çağırışının ardından Suriyada hərbi əməliyyatlara qarşı xəbərdarlıq etdi. Buna dəstək olaraqsa, "Bu ideya həm Suriyaya, həm Türkiyəyə, həm də bütün regiona mütləq zərər verəcək", deyə Xameneyi Ərdoğanla danışıqlar zamanı əməliyyatın həyata keçirilməsinin qeyri-mümkünlüyünü şərh edərkən dedi. “Suriya məsələləri dialoq yolu ilə həll olunmalıdır, Rusiya, İran və Türkiyə bu problemi danışıqlar yolu ilə həll etməlidir", deyə Xamneyi Ərdoganı fikrindən daşındırmaq məqsədilə "diqtə mahiyyətli" ifadələrini havaya sovurdu.

Sammitin iyulun 19-da keçirilməsinə və bitməsinə baxmayaraq İranın "qorxu çığırtıları"nın əks-sədası hələ davam etməkdədir. İranın müxətlif ranqlı rəsmiləri hələ də ənənəvi çığırtqanlıq üslubunu davam etdirirlər. Belə ki, İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan suriyalı həmkarı ilə birgə mətbuat konfransında Türkiyənin unvanına ismarıc səsləndirməyə ərinməyib və qardaş ölkənin Suriya ərazisinə "mümkün hərbi müdaxiləsi" haqda Ankara ilə məsləhərləşmələr aparıldığını, Astana formatı sammitinin iştirakçıları tərəfindən edilən tövsiyyələrin Ərdoğan hakimiyyəti tərəfindən diqqətə alınacağını vurğulayıb. İran XİN rəsmisi Kanani Çafinin, "İran İraqln təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir və bu sahədə istənilən köməyi göstərməyə hazırdır" ifadələri də Tehranın “dinc insanların qətli” ilə bağlı ittihamların Türkiyəyə yönəldilməsindən duyduğu razılığı ortaya qoyur.

İranın rəsmi şəxslərinin anti-Türkiyə ritorikası yetmirmiş kimi, “Telegram” kanallarının da Türkiyəyə yönəltdiyi kin-küdurət yüksək həddə əks olunur. Onlar İraqda törədilən terror hadisələrində Türkiyənin imperiya siyasətini ittiham edirlər.  

Əlbəttə, gun kimi aydındır ki, İran Türkiyənin Yaxın Şərqdə, Azərbaycan vasitəsilə isə Cənubi Qafqazda möhkəmlənməsini, Mərkəzi Asiyaya uzanmasını həzm edə bilmir. Tehran özünü Yaxın Şərqdə Türkiyəyə əsas rəqib görür.

Təbii ki, hegemon güc olmanın siyasi təməlləri olduğu kimi, iqtisadi təməlləri də vacib faktordur. Məlum olduğu kimi, artıq dəmir yol reysləri ilə tranziti reallaşan "Bir Kəmər Bir Yol" layihəsinin dəniz güzərgahı Türkiyədən Avropaya istiqamətlənib. İranın da uzun müddətdir ki, həyata keçirməkdən vaz keçə bilmədiyi, enerji resurslarını İraqdan Suriyaya keçməklə Aralıq dənizindən Avropaya çıxarmağı planladığı tranzit dəhlizi planı var. Amma Tehran bununla yalnızca öz enerji resurslarını və mallarını Avropaya çıxarmaq istəmir, eyni zamanda Çinin layihəsi olan Yeni İpək yolunun dəniz marşrutu kimi özünü Türkiyəyə alternativ olaraq təqdim edir. Bu səbəbdən Suriyada var olmağa və Türkiyəyə rəqib olmağa dirənən İran prezident Ərdoğanın Suriyada PKK-ya qarşı əməliyyat aparmaqda israrına qarşı mesaj kimi aqressiyasını ortaya qoydu və faktiki bölünmüş vəziyyətdə olan, sadəcə kağız üzərində inzibati olaraq hələ İraq adlanan dövlətin coğrafi ərazisində - Zaxoda terror aktı törədildi. Hərçənd, bu terror aktının PKK tərəfindən törədildiyi aydın idi, amma dünyanın məşhur media agentliklərində Türkiyənin adına çıxıldı.

Türkiyə öz təhlükəsizliyini təmin etmək və Suriyadan qaçqın axınının, insanların yerlərindən edilməsinin qarşısını almaqdan ötrü Suriyada 30 km-lik bufer zona yaratdığı kimi, İraqla sərhəddin də 30 km dərinliyində bufer zonası yaratmaq niyyətini ortaya qoyub. Bu məsələdə əsas nöqtələrdən biri Sincardır. Ankara ABŞ-ın layihəsi olan İŞİD-in varlığı dövründə Sincardakı insan qırğınının qarşısını aldığı üçün nüfuz qazandı. Sincar coğrafi mövqeyinə görə, həm də Suriyadakı YPG ilə İraqdakı PKK-nın koordinasiyası üçün mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən, Ankara Sincarın "yeni Qəndil" olmasına imkan verməyəcəyini xəbərdar edirdi. Sincar Suriyanın şimalı ilə İraqın şimalı arasında yerləşir və həm yezidilərin, həm PKK-nın, həm peşmərqənin, həm şiə birliklərinin mövud olmağa çalışdığı əsas nöqtədir. Çünki Sincar Suriya-İraq sərhədini ayıran Təlafər şəhərinin də üstündə olduğu, avtomobil yollarının bir-birinə bağladığı, İraq türkmənlərinin məskunlaşdığı Mosul, Ərbil, Kərkük şəhərlərinə çıxan 47 nömərli magistral yolun üzərindədir. Belə demək olarsa Türkiyə Mosul, Ərbil, Kərkükü nəzarətdə saxlamaq istəyirsə, Sincarı və 47 nömrəli yolu əlində saxlamalıdır. Türkiyənin Sincara nəzarəti həm də Suriya YPG-si ilə İraq PKK-nın bağını kəsmək anlamına gəlir. Əslində, Türkiyənin türkmənlərn yaşadığı bölgələrdə varlığı bu insanların təhlükəsizliyinin təminatı deməkdir. 90-cı illərdə Avropanın göbəyində “mədəni dünya”nın Serebrenitsada minlərlə dinc insanın qətlinə səssizliyi, İraqda, Suriyada başına bombalar səpələnərək insan qırğınlarının laqeyd qarşılanması bölgənin məhz Türkiyənin nüfuz dairəsinə keçməsinin insan həyatının təhlükəsizliyi baxımından nə qədər labüd olduğunu ortaya qoyur.

Əlbəttə, ortada hələ Əbdülhəmid dövründə Osmanlının gündəmində olan Mosul-Kərkük enerji resursları məsələsi də var. Türkiyənin öz nüfuz dairəsində olan enerji resurslarına sahiblənməsi olmazsa-olmazdır və Türkiyənin iqtisadi baxımdan qarşısıalınmaz şəkildə irəliləməsi üçün zəruridir.

Əslində, “terrora qarşı olduğunu” mötəbər tribunalardan səsləndirən İranın məntiqlə Türkiyəylə həmrəy olması gərəkərkən rəsmi Ankaranın terrorçulara endirdiyi zərbələrin ah-naləsi, yaxud da ABŞ-ın İraqla Suriyada elan etdiyi hədəflərin yerinə yetirilməsi uğrunda çalışmalar İran tərəfindən biruzə verilir. ABŞ-ın bölgəni qan çanağına döndərmək istəyi qarşısında Türkiyənin bölgəni sülh məkanına döndərməsi səylərinə İran müqavimət göstərir. Sanki pərdə arxasında ABŞ İraqla Suriyada Türkiyənin qarşısına dikilməsi üçün İrana "pas verir", yaxud "top ötürür".

Maraqlıdır ki, İranın gözlənilən yeni nüvə qanlaşmasına yaxın durmamasına baxmayaraq Tehrana yüksək ranqlı ABŞ rəsmiləri tərəfindən "yumşaq yanaşılır" və hələ İranın yola gələcəyinə ümidlər ifadə edilir. Məsələn, ABŞ-ın MKİ-nin rəhbəri Vilyam Berns İrana nüvə bombası üçün zəruri xammalın toplanması üçün vur-tut bir neçə həftə vaxt lazım olduğunu bildirsə də, iranlıların nüvə silahı yaratma çalışmalarını bərpa etmədiklərini əminliklə iddia edir. 

Üstəlik, Rusiyanın da Tehran sammitinin üstündən bir gün keçməmiş İdlibdə dinc insanların üzərinə bomba səpələməsi İranın da, Rusiyanın da pərdə arxasında ABŞ-ın maraqlarını təmin etmək üçün "şahmat taxtası üzərində piyada" rolunu oynamasını göstərir. İran həm ABŞ-la, həm Çinlə "dodaq dodağa"dır.

Tehran Ankaranın Suriya ilə İraqın şimalını nüfuzu altına almasına yol vermək istəməyərək özünü yeni İpək Yolunun namizədi görür. Digər tərəfdən, Avropa bazarına çıxmanın bir marşrutu kimi Ermənistandan Gürcüstana, oradan da Qara dənizə çıxmaq fikrindədir. Bu səbəbdən, Azərbaycanın ünvanına hədə-qorxu xarakterli təhdidlər sovuran İran Ermənistanla sərhədinin min il yaşı olduğunu iddia edərək gah Xomeyninin, gah cürbəcür rəsmilərin timsalında sərhəd dəyişikliyinə dözməyəcəyini səsləndirir. Bakını Gürcüstan vasitəsilə Çindən və Mərkəzi Asiyadan gələn məhsulları Qara dənizdən Avropaya istiqamətlənən tranzit marşrutundan da kənarlaşdırıb, oyundan kənar vəziyyətə salmaq Tehranın "beynini didən" fikirdir. Bu səbəbdən Türkmənistandan quru yolu ilə Mərkəzi Asiyaya bağlanmağa ciddi-cəhd göstərən Çin və Mərkəzi Asiya üçün bu istiqamətdə də alternativ marşrut olmaq fikrindədir. Avans olaraq irəli sürdüyü şərt isə quru yolunun təhlükəsizlik və səmərəlilik baxımından sərfəliliyidir. Ermənistanla sərhədini itirəcəyi halda İran bu planını rahat reallaşdıra bilməyəcək. Hərçənd, Azərbaycana Naxçıvana quru yolu ilə birləşmək üçün öz ərazisindən (əslində isə Güney Azərbaycandan) yol verməsi Tehrana daha çox sərf edir, amma bu faktor Tehranın əlinə Türkiyə ilə Azərbaycana rıçaq kimi təsir etmək imkanı verər. Bu səbəbdən Mehridən Azərbaycanın Naxçıvana bağlanması mütləq alternativsizdir.

Daha bir yanaşma - Türkiyənin Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya, oradan da Çinə bağlanması faktoru var. İranın da Mərkəzi Asiyaya sızması və bu məsələdə də Türkiyəyə rəqib olmasını Qazaxıstanla Türkmənistana yaxınlaşmasında görə bilərik. Xəzər Türkiyənin Azərbaycandan keçərək Mərkəzi Asiyaya bağlanmasında körpü rolunu oynayır. Belə ki, Xəzər regionu Çinlə Avropanı birləşdirən yeni İpək Yolunun (“Kəmər və Yol”) mühüm hissəsinə çevrilir. Türkiyə, Azərbaycan və Qazaxıstan Rusiyanın nəqliyyat mövqelərini zəiflədərək regionda əsas rollarını möhkəmləndirməyə çalışırlar. Belə olan halda Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin əsas tranzit ölkələri kimi bu ölkələrin geosiyasi rolu artır.

“Xəzər üçlüyü” ölkələri arasında liderlik obyektiv olaraq Türkiyəyə məxsusdur və onun üçün bu layihənin həyata keçirilməsi son dərəcə vacibdir. Xəzər regionunun "Bir Kəmər, Bir Yol" nəqliyyat marşrutunda strateji əhəmiyyətini nəzərə alsaq, bu, əhəmiyyətli iqtisadi dividendlər gətirə bilər. Beləliklə, “Böyük Turan” layihəsi təkcə sivilizasiya və ideoloji deyil, həm də iqtisadi əsaslandırma alır. Yuxarıda da dediyimiz kimi hegemon güc olmanın siyasi təməli olduğu kimi iqtisadi təməli də var. Türkiyə regional güc olmanın siyasi və iqtisadi təməllərini atdığı kimi, İran da Türkiyənin yolunu kəsməyə çalışaraq özünün regional güc olmasının siyasi və iqtisadi təməllərini formalaşdırmağa çalışır.

Tehran sammitinin səhəri günü rus təyyarələrinin adəti üzrə İdlibi bombalaması Moskvanın da Türkiyənin Suriyanın ardınca İraqda da bufer zonası yaratmasına qarşı reaksiya verməsi kimi anlaşılmalıdır. Olanlardan da görünür ki, ABŞ-ın İran və Rusiya ilə düşmənçiliyi "kontrollu düşmənçilik", yaxud "danışıqlı döyüşdür".

Çin də öz növbəsində “Kəmər və Yol” layihəsinin həyata keçirilməsi üçün “Xəzər üçlüyünün” əhəmiyyətini anlayır. Çin 2023-cü ildə 1 trilyon dolları keçə biləcək Aİ ölkələri ilə artan ticarəti üçün quru yollarında maraqlıdır. Malakka boğazı və Süveyş kanalı vasitəsilə dəniz nəqliyyatı dəmir yolu ilə müqayisədə daha uzundur. Həm də transxəzər yolu Çin və ABŞ arasındakı gərgin münasibətlər səbəbindən daha az təhlükəsizdir. Rusiya ərazisindən quru tranziti tədricən azalır: Belarus vasitəsilə Avropa İttifaqı ilə nəqliyyat əlaqələri praktiki olaraq bağlanır, Rusiya ilə Aİ arasında dəniz əlaqəsinə Qərb tərəfindən müdaxilə olunur və istənilən vaxt tamamilə kəsilə bilər, Rusiya ilə Çin arasında münasibətlər fonunda Baltikyanı ölkələr öz limanlarından tranzit üçün istifadə etməyə icazə vermirlər.

Eyni zamanda, görünür, çinliləri ÇXR-in “Xəzər üçlüyü” ilə əməkdaşlığının Rusiyanın maraqlarına cavab verməməsi sualı o qədər də maraqlandırmır. Bütün tərəfdaşlıq təminatlarına baxmayaraq, Pekin Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı son dərəcə ehtiyatlı davranır. Çin mallarının Rusiyaya ixracı sürətlə azalmaqda davam edir: 2021-ci ilin eyni dövrü ilə müqayisədə bu, 38% azalıb. Göründüyü kimi, Çin Qərb texnologiyalarına və perspektivli bazarlara çıxış imkanlarını itirməkdən qorxur. Şübhələr yaranır: Pekin sonda Rusiyanın hesabına Qərblə razılığa gələcəkmi? Belə olan halda “Xəzər üçlüyü” ilə əməkdaşlıq onun üçün strateji əhəmiyyət kəsb edir.

Rusiyalı ekspertlər ÇXR-in Rusiya ilə əməkdaşlığa marağını artırmağının lazım olduğunu, bunun üçün Rusiyanın Şimali Qafqazı vasitəsilə Qara və Xəzər dənizlərini birləşdirən kanal layihəsini canlandırmağı təklif edirlər. Belə hesab edilir ki, kanal beynəlxalq statusa malik olmalı idi; bu halda Rusiya öz ərazisinin bir hissəsi üzərində suverenliyini itirəcək, bu isə onun üçün qəbuledilməzdir. Ancaq sahibi Rusiya olacaq kanal çəkilsə, bu, ilk növbədə Türkiyənin bölgədəki planlarına zərbə vuracaq; ikincisi, həm Çinin, həm də Qazaxıstanın Rusiya ilə əməkdaşlığa marağını kəskin şəkildə artıracaq. Üçüncüsü, lazım gələrsə, Qara dəniz regionundan Xəzər regionuna qoşunların köçürülməsini asanlaşdıracaq, bu da Rusiyanın strateji mövqeyini yaxşılaşdıracaq. Paralel olaraq Rusiya öz tranzit layihələri olan İranla əməkdaşlıq etməlidir. İstənilən halda “Xəzər üçlüyü” ölkələrinin yaxınlaşmasına qarşı çıxmasa, bir müddətdən sonra Rusiya bundan irəli gələn bütün nəticələrlə regionda “artıq” vəziyyətə düşəcək. Mərkəzi Asiya-Azərbaycan-Türkiyə tandeminə Özbəkistanı da əlavə etmək lazımdır ki, artıq Daşkəndin də Rusiyadan uzaqlaşması, Türk Dövlətləri Birliyinə yaxınlaşmasının bəlirtiləri açıq-aydın sezilir. Təsadüfi deyil ki, prezident İlham Əliyev qardaş Özbəkistan prezidenti Şövkət Mirzyoyevi ad günü münasibətilə təbrikin ardınca Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvətə müsbət cavabın verilməsinə prezident Putinin simasında Rusiya tərəfindən həmişəki kimi ənənəvi qısqanc reaksiya ifadə olunub. Belə ki, prezident üstündən çox keçməmiş Şavkat Mirzyoyevə zəng edərək, ondan "rus tərzində hal-əhval tutub", Rusiya-Özbəkistan əlaqələri haqda fikir mübadiləsi aparıb.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, Tehrana "dron dilənməyə" gedən Moskva Xəzərdə öz hərbi donanmasını artırmağa icazə vermir. İranın Nəqliyyat Müəssisələri Mərkəzinin İdarə Heyətinin üzvü deyib ki, Rusiya İrana Xəzər dənizində öz hərbi donanmasının sayını artırmağa icazə vermir.

Amma Moskvanın bu tutumu İranın ona diləndiyi dronları verməsinə mane olmur. Çünki Türk faktoru mövzu olunca şər qüvvələr əlbir olurlar. Belə ki, "Tsenzor.net" saytının yazdığına görə, İran artıq Rusiyaya "Şahed 129" zərbə və kəşfiyyat PUA-ları təhvil verib. İran pilotsuz təyyarələrinin bir partiyası Xəzər dənizi vasitəsilə Rusiyaya göndərilib. Qəzet yazır ki, gələcəkdə hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədinə çatdırılması planlaşdırılır. Yüklərin əsasən “Şahed 129” ağır hücum dronlarından ibarət olduğu məlumdur. Onun ərsəyə gəlməsində İsrailin "Hermes 450" PUA-sı və Amerikanın "MQ-1 Predator"u əsas götürülüb.

“Şahed 129”un gövdəsinin uzunluğu 8 m, qanadlarının açıqlığı isə 16 metrdir. Elan edilmiş döyüş yükü 400 kq-a qədərdir. Uçuş sürəti - radiusla 150 km / saata qədər - 200 km-ə qədər. İddia edilən uçuş məsafəsi 1700 km-ə qədərdir. Tərtibatçılar iddia edirlər ki, dron 24 saata qədər havada qala bilir.

Hal-hazırda ABŞ-ın forpostu Yunanıstanın hərbi müstəvidə qeyri-bərabər səviyyədə olduğu Türkiyəyə qarşı Vaşinqtonun fitvası ilə müharibə hazırlığında olması, Ankaraya qarşı İranla Rusiyanın bərabərzamanlı hərəkətə keçməsi hər üç ölkəyə "arğacın Vaşinqtondan keçməsi" ideyasını doğurur.

Nəticə: Bölgədə Türkiyəyə qarşı aparılan qaralama və terror aktlarının məqsədi odur ki, qardaş ölkə Suriyada təmin etdiyi bufer zonanı İraqda təmin edə bilməsin. Vaşinqton YPG-nin simasında Suriyada cücərtməyə çalışdığı Suriya Kürdüstanını İraqdakı Kürdüstana yapışdırmağa çalışır. Dediyimiz kimi, Türkiyənin Suriyanın ardınca İraqda da 30 km-lik təhlükəsizlik zolağı bufer zonasını yaratmaqda məqsədi bu bağlantının qurulmasına imkan verməməkdir. Baş verənlərin müəllifi və dirijoru ABŞ, şahmat taxtasındakı alət piyadalar isə İran, Rusiya, Yunanıstandır. Yunanıstanın "kəndirbaz meydanına hoppanması"nın altındakı niyyəti Türkiyənin başını mübahisə predmeti olan adalarla qarışdırıb məşğul etmək, onu İraqın nüfuz dairələrinə bölünməsinin təsdiqindən uzaqlaşdırmaq, eləcə də türkmən əhalini Türkiyənin hərbi müdafiəsindən məhrum etmək, İranın məzhəb fitnəsindən istifadə edərək Yaxın Şərqdə möhkəmlənməsinə şərait yaratmaq, Türkiyə ilə İranın timsalında iki məzhəbi üz-üzə qoymaq, gələcəkdə sünni-şiə çatışmasının bazasını formalaşdırmaqdır.

Ülviyyə ŞÜKÜROVA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054829