Saat:02:32
Haqqımızda

SEPAH qəzəblənib, İran səfirinin başı dərddə: “Niyə vaxtında “Zəngəzur dəhlizi” sürprizini görməyib?”

2021-10-16 22:25:00

SEPAH qəzəblənib, İran səfirinin başı dərddə: “Niyə vaxtında “Zəngəzur dəhlizi” sürprizini görməyib?”


İranın xarici siyasət idarələrində Azərbaycan məsələsi ilə məşğul olan bütün strukturlarında kadr islahatı gözlənilir.
 
Ovqat.com-un məlumatına görə, SEPAH-a bağlı “İqtisadi-selam” nəşrinin İranın yüksək vəzifəli şəxslərinə xəbərdarlıq: Bakı işinin başında duran adamları dəyişdirin” sərlövhəli məqaləsindən belə anlaşılır.
 
Zəngəzur dəhlizinin İran üçün perspektiv təhlükəsindən bəhs edən məqalədə bu layihənin “Ərəb-İsrail-ABŞ” planı olduğu irəli sürülür. Müəllifin fikrincə, layihənin məqsədi İranın Avropaya çıxışının qarşısını kəsmək və ölkəni “Bir Kəmər, Bir Yol” layihəsindən uzaqlaşdırmaqdır.


 
“Ölkənin şimal-qərb sərhədlərindəki böhran və Pakistan-Türkiyə-Azərbaycan marşrutunun İran iqtisadiyyatına və milli təhlükəsizliyinə qarşı hərəkətləri bu sahədə bəzi daxili zəifliklərin olduğunu ortaya qoydu. Görünür, ölkədəki "Bakı" işinin ekspertləri və məmurları öz vəzifə borclarını lazımınca yerinə yetirməyiblər, əks halda İran əleyhinə olan ölkələrin indiki hərəkətlərinə yol verilməzdi”, - deyə məqalədə vurğulanır.
 
Nəşrin bildirdiyinə görə, yeni Ərəb-İsrail-Amerika marşrutu layihəsinin İranı “vuracağı” gün kimi aydındır. Bu layihənin həyata keçirilməsi missiyasının konkret olaraq 3 ölkəyə həvalə edildiyini vurğulayan müəllif həmin ölkələri belə sıralayır: Pakistan, Türkiyə və Azərbaycan. Qeyd olunur ki, bu 3 ölkənin iştirakı ilə Şərq-Qərb / Asiya və Avropa arasında malların nəqli üçün yeni bir tranzit xətti və dəhlizı yaradılır: “Sözügedən layihədə Azərbaycan (Bakı) Türkiyənin siyasi, İsrailin hərbi dəstəyi ilə İran və Ermənistanın ortaq sərhədinə hücum edərək bölgəni işğal etməli, bundan sonra iranlı sürücülərin və yük maşınının hərəkət yolunu bağlayaraq, onun şərqdən qərbə və şimaldan cənuba gedən tranzit xəttinin və dəhlizinin önünü kəsməli və İranı bölgədəki malların dünyaya tranzit dəhlizindən çıxarmalıdır.


 
Bu layihə həyata keçirildikdən sonra yük tranzit vasitələrinin yeni marşrutu Pakistan-Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Ermənistan-Türkiyədən keçməli və İran bu proyektdən kənarda saxlanılmalıdır”. 
 
Nəşrin iddiasına görə, Azərbaycan üzərindən keçən Orta Koridor guya İranın planlaşdırdığı Ermənistan-Gürcüstan-Qara dəniz dəhlizindən daha uzundur və bahalıdır, buna görə də iqtisadi yox, siyasi layihədir. Məqsəd isə İranı çəkdürməkdir: “İran əleyhinə olan ölkələr bizə ölümcül zərbələr vurmaq istəyirlər və bu baxımdan malların tranzit xərclərini belə, artırmaqdan çəkinmirlər”.


 
Haşiyə:
 

Halbuki, Azərbaycan üzərindən keçməsi planlaşdırılan və şərti olaraq “Lazurit yolu” adlandığımız Orta dəhlizin ən qısa və rentabelli layihə olduğunu bütün beynəlxalq ekspertlər də təsdiqləyirlər. Üstəlik, İranın təklif etdiyi Fars körfəzi-Qara dəniz marşrutu yalnız avtomobil yolu üçün nəzərdə tutulur, bu da tranzit xərclərini xeyli artırır. Ondan fərqli olaraq “Lazurit yolu” isə həm şimala, həm də Qərbə uzanan dəmir yolu ilə təchiz edilib. Bu baxımdan, dəmir yolundan məhrum və dolanbac yollardan keçən Fars körfəzi – Qara dəniz dəhlizi yalnız çəkidə yüngül, dəyərdə bahalı malların daşınması üçün rentabelli sayıla bilər. İranın yüngül, amma bahalı mallarının nə olduğuna isə Azərbaycan prezidenti İlham Əliyev MDB liderlər sammitində kifayət qədər tutarlı arqumentlərlə aydınlıq gətirib: "Təqribən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotik vasitələrin daşınması üçün istifadə edib".



 
Nəşr daha sonra yazır:
 
“Amma bu vəziyyətdə çox vacib sual ortaya çıxır: son 3 onillikdə İranın "Bakı" işinin mütəxəssisləri və məmurları, ölkənin müxtəlif təşkilat və orqanlarında çalışanlar niyə bugünkü vəziyyəti vaxtında proqnozlaşdırmayıblar!? Bu günlərdə mərhum Əkbər Haşimi Rəfsəncaninin hakimiyyəti dövründə bununla bağlı yol verilən nöqsan və səhvlər haqqında xəbərlər eşidirik. Ancaq sual olunur ki, hazırda və xüsusən də Xarici İşlər Nazirliyindəki "Bakı" işindən məsul olan məmurlar, təhlükəsizlik, hərbi və media qurumları bu böhranın ehtimalını əvvəlcədən niyə  görməyiblər və İran əleyhdarı ölkələrə nə üçün bu mərhələni irəlilətmək üçün fürsət veriblər?!
 
Görünən budur ki, "Bakı" işinin rəsmiləri, xüsusilə Xarici İşlər Nazirliyində və ən əsası İranın Bakıdakı səfirliyində işləyənlər lazımi bilik, bacarıq və qabiliyyətlərə malik deyillər, vəzifələrini layiqincə yerinə yetirmədilər. Buna görə də hazırkı vəzifələrinini davam etmək səlahiyyətləri yoxdur və dəyişdirilməlidirlər”.
 
Müəllif tələb edir ki, İranda Azərbaycanla bağlı xarici siyasəti müəyyənləşdirənlərin cəzalandırılmasına ilk əvvəl ölkənin “Bakıdakı səfirliyi”ndən başlanmalıdır. “Səfir, katib və müvəqqəti işlər vəkilini geri çağıraraq onları ixtisaslaşmış, bacarıqlı və yaradıcı qüvvələrlə əvəz etməliyik. Bu dəyişikliklər Azərbaycan Respublikası və "Bakı" məsələsində iştirak edən digər təşkilat və qurumlara da şamil edilməlidir”.


 
Müəllifin fikrincə, Azərbaycan siyasətini müəyyənləşdirənlər arasında MOSSAD-a, “Türkiyənin qorxunc və amansız təhlükəsizlik təşkilatı” (İfadə “İqtisadi-selam”a aiddir)  MİT-ə, digər anti-İran ölkələrinin kəşfiyyat və təhlükəsizlik xidmətlərinə işləyənlər də ola bilər.
 
“Qeyd etmək lazımdır ki, ölkənin şimal-qərb sərhədlərində yaşanan böhran zamanı İranın ərazi bütövlüyü, milli təhlükəsizliyi və makroiqtisadi maraqları da təhlükə altına düşür və İran İslam Respublikası həmişə olduğu kimi öz ərazi bütövlüyünün qorunması ilə bağlı lazımi tədbirlər görməlidir. 
 
Bu baxımdan şəhid general Qasım Süleymaninin əsgərlərinin, yoldaşlarının və silahdaşlarının çiyinlərinə çox ağır vəzifə və məsuliyyət düşür. Bu da xalqın təhlükəsizliyinin və İranın ərazi bütövlüyünün qorunmasında şəhadət yolunun davamıdır”.
 
Tərcümə və haşiyə Ovqat.com-a aiddir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR