Saat:03:15
Haqqımızda

Səngər generalının yetirməsi - Ölümsüzlər

2021-10-19 12:13:00

Səngər generalının yetirməsi - Ölümsüzlər

Vətəni sevmək azdır, onu qorumaq gərək,

Vətənim demək azdır, Vətənin olmaq gərək!

44 günlük Vətən müharibəsində imzası olan, Vətəninə, bayrağına, millətinə, elinə-obasına sonsuz sevgiylə yoğrulmuş qəhrəmanlardan biridir kapitan Nurlan Mustafayev.

 Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Vətənə aid hər şeyi sevirdi. Millətini, insanlarını, torpağını... Deyirdi, qisas alınmasa, övladıma qalacaq.

 Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Hamlet və Rahilə Mustafayevlərin ailəsində anadan olub. 1997-2005-ci illərdə Nəsimi rayonunun P. Saleh adına 159 nömrəli tam orta məktəbində, 2005-2008-ci illərdə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM), 2010-2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.

Məktəbdə çox yaxşı oxuyub. 8-ci sinifdə məktəbdən ayrılıb, Cəmşid Naxçıvanski adına hərbi liseyə gedəndə müəllimləri onu buraxmaq istəməyiblər. Narazılıq ediblər ki, niyə uşağı məktəbdən çıxarırsız. Hərbi liseyə yüksək balla, ikinci nəticə ilə daxil olub. Ali hərbi təhsilini Almaniyada alıb. Orada 3 il oxuyub. Buraxılışın ən yaxşı əcnəbi kursantı, atıcılıq üzrə qızıl medal, qaçış üzrə birincilik və çoxlu sayda birinciliklərlə geri qayıdıb.

Təyinatını Murova veriblər. Dörd il düşmənlə üzbəüz Murovda olub. General Polad Həşimovun rəhbərliyi altında xidmət ediblər. Polad Həşimov şəhid olanda Nurlana  çox pis təsir edib. Ondan sorusanda ki, Nurlan, generalı belə tərifləyirlər, bu qədərmi yaxşı insan idi? cavabı, “ana, hələ az deyirlər” olub.

Polad Həşimovun anası müsahibəsində bildirmişdi ki, Polad bir dəfəyə 70 papaq, corab alırdı və hamısını da əsgərlərinə paylayırdı.  Nurlan  da generalının yoluyla gedib. Murovda olanda tağımda 14 nəfər idilər. Hər şeyi 14 ədəd alırmış. Deyirmiş, “ana, dağın başında mən geyinim, əsgərim üşüsün?”. Əsgərini çox sevirdi. Əsgərləri deyirmiş, komandir təlimdə sərt idi, təlimdən sonra qardaşımız olurdu. Nurlanın həmişə sözü bu olub: "rahatam ki, mənim yanımda bir əsgərin burnu qanamayıb. Onları qoruya bildim”. Atışma olanda əsgərlərinə , siz təhlükəsiz yerdə gözləyin əmri verib, gizirləri götürüb özü düşmənə layiqli cavab verirmiş”.

Sonuncu dəfə ailəsiylə oktyabrın 11-də əlaqə saxlayıb. Rahilə xanım deyir ki, hamıya da eyni cavabı verib : “ Hər şey yaxşıdır, qaydasındadır, biz irəliləyirik, narahat olmayın”. Səsində  yorğunluq, əzginlik, ruh düşkünlüyü hiss etdirməyib. Əksinə  olduqca əzimli, döyüş əhval-ruhiyyəsində olub.

“Həmin gün, bizimlə danışandan bir neçə saat sonra şəhid olub. Digər oğlum bunu bilib, səhərə kimi evə gəlməyib ki, birdən mən hiss edərəm. Səhəri gün gəlib dedi ki, qardaşım yaralanıb. Axşama kimi gözlədim. Allaha yalvardım ki, əli, qolu olmasın, amma nəfəsi gəlsin. Axşam bildim ki, məni aldadıblar. Deyirlər, ən yaxşı dərman zamandır. Amma övlad yarasının məlhəmi yoxdur. Onu heç bir həkim, loğman sağalda bilməz”.

Nurlan və Günay xanım 2020-ci ilin mart ayında evləniblər. Şəhid xanımının sözlərinə görə, həyat yoldaşı ailəcanlı, üzügülər, pozitiv insan olub.

“Cəmi 7 ay evli olduq. Həmişə mənə deyirdilər ki, hərbçi xanımı olmaq çətindir. Ailə qurandan sonra başa düşdüm ki, mənə nə demək istəyirmişlər. Onu hər təlimə, işə yola salanda narahatlıq, bir daha görməmək, itirmək qorxusu yaşayırdım. Sonuncu dəfə də bu hisləri keçirdim. Sentyabrın 25-i onu yola saldım. Sentyabrın 26-sı telefonla danışdıq, 27-si artıq ona zəng çatmırdı. Bir neçə gün əlaqəmiz olmadı, heç bir yerdən xəbəri gəlmədi. Ayın 30-u zəng vurub yaxşı olduğunu dedi. Ara-sıra zəng edib bir kəlmə yaxşı olduğunu deyirdi. Sonuncu dəfə şəhid olduğu gün danışdıq. Ata olacağını eşidəndə çox sevinmişdi. Qız üçün ayrı, oğlan uşağı üçün ayrı planları var idi. Oğlu olacağını eşidəndə dedi, onun gələcəyi üçün planlarım çoxdur. Nurlan mükəmməl bir insan idi. Çox istəyirəm ki, övladımız ona bənzəsin. Böyüyüb elə atası  xarakterdə olsun”, - deyə şəhid xanımı vurğulayıb.

Nurlan Mustafayev Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Torpağa su qarışanda çamur, şəhid qanı qarışanda Vətən olur!!!

 

Ayşə OZAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR