Saat:04:37
Haqqımızda

Sənədsiz evlər sökülməyəcək – Yarım milyon evin aqibəti necə olacaq?

2024-05-01 16:34:57

Sənədsiz evlər sökülməyəcək – Yarım milyon evin aqibəti necə olacaq?

Hazırda ölkədə yarım milyona yaxın sənədsiz fərdi evin olduğu bildirilir. Bu ilin fevralında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev sənədsiz ev probleminin aradan qaldırılması üçün icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlandığını, işçi qrupunun yaradıldığın bildirmişdi.

Artıq aradan 3 ay keçib, amma layihənin aqibəti ilə bağlı heç bir açıqlama verilmir.

Mövzu ilə bağlı TNS-ə danışan daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev sənədsiz evlərlə bağlı problemin uzun illərdir, mövcud olduğunu bildirib: "Sovetlər dönəmində tikilmiş iri yaşayış massivlərinin böyük əksəriyyətinin çıxarış sənədləri hələ də yoxdur. Müstəqillik əldə etdikdən sonra bu problem daha da kəskin xarakter aldı. Bu evlərin tam sənədsiz olduğunu demək düzgün deyil. Çünki hər birinin hansısa bir dövlət qurumu, yəni rayon icra hakimiyyətləri, bağlar idarəsi, kolxoz, sovxoz, sonradan bələdiyyələr, yerli icra nümayəndələri tərəfindən verilmiş müvafiq sənədləri var. Vətəndaşlar da onların əsasında torpaq sahəsi alıb, ev tikərək yaşamağa başlayıblar. İndi həmin sənədlər aidiyyəti dövlət orqanları tərəfindən tanınmır. Hazırda əsas problemlər ya torpağın təyinatı, ya verilmiş sənədlərin artıq heç bir hökmünün olmaması, ya da sürüşmə zonalarında yerləşmələri ilə əlaqədardır. Bu problemlər ucbatından sakinlər çıxarış (kupça) ala bilmirlər".

Onun sözlərinə görə, bu məsələdə vətəndaşın heç bir günahı yoxdur: "Vətəndaş yuxarıda adları çəkilən qurumlara inanaraq, torpaq alıb və yaşamaq üçün ev tikib. Əllərindəki sənədlər təkrar satışlar zamanı əldən-ələ keçməyə başlayıb. Yəni, bir ev bir neçə dəfə satışa çıxarılıb və ayrı-ayrı şəxslər alıb. Çıxarış və ya lazımi sənəd olmadığına görə, evi ya etibarnamə, ya öz aralarında imzalanmış müqavilə, ya da sayğacları bir-birlərinin adına keçirməklə alqı-satqı ediblər. Bu da qanunla yolverilməzdir. Ancaq vətəndaşların başqa çıxış yolu olmadığı üçün öz işlərini belə həll ediblər".

Bu sahədə görülən işlərə gəlincə, ekspert bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti məlumat verməlidir: "Ancaq bu qurum uzun illərdir, prosesin başlandığını söyləsə də, nəzərəçarpacaq fəaliyyət yoxdur".

Sənədsiz evlərin heç bir zaman sökülməyəcəyini diqqətə çatdıran ekspert əlavə edib ki, bunun üçün müəyyən şərtlər olmalıdır: "Məsələn, bir neçə ay əvvəl Bakı şəhərinin Baş Planı qəbul olundu və hansı ərazilərin plana düşdüyü, hansı ərazilərdə evlərin söküləcəyi konkret göstərildi. Həmin yerlərdəki yaşayış sahələri qanuna uyğun şəkildə söküləcək. Ancaq hansısa bir və ya bir neçə evin sökülməsinə gəlincə, bununla bağlı məhkəmə qərarı olmalıdır. Heç bir qurumun vətəndaşın icazəsi olmadan belə bir addım atmağa səlahiyyəti yoxdur. Bu gün 100 minlərlə belə evlər var və hamısını dağıtmaq mümkün deyil".

Ekspert bəzi başqa təyinatı olan sahələrdə tikilmiş evlərə çıxarışların verilməməsi məsələsinə də aydınlıq gətirib: "Bu da illərdir ki, həll olunmur. Elə yaşayış sahələri var ki, kənd təsərrüfatı təyinatlı ərazilərdə inşa olunub və artıq təyinatı qüvvədən düşüb. Buralar artıq böyük massivə, yəni kənd və qəsəbəyə çevrilib, yollar çəkilib, məktəblər, xəstəxanalar tikilib, küçələrə adlar verilib və s. işlər görülüb. Amma təyinat dəyişikliyi ilə bağlı problemə görə çıxarış verilmir”.

Elnur Fərzəliyev son vaxtlar bəzi sənədsiz evlərin qiymətinin kəskin düşməsi barədə məlumatların doğru olmadığını deyib: "Hazırda daşınmaz əmlak bazarında kəskin artımlar var. Əsasən, torpaqların və tikinti materiallarının qiyməti artmaqda davam edir. Belə olan halda qiymətlər enə bilməz".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.173821