Saat:01:23
Haqqımızda

Sən kimsən, nəçisən, Ağdamın icra başçısı Vaqif Həsənov ?- İCRA BAŞÇISININ ŞƏHİD AİLƏLƏRİNƏ QARŞI KİNDARLIĞI…

2022-07-05 00:25:00

Sən kimsən, nəçisən, Ağdamın icra başçısı Vaqif Həsənov ?- İCRA BAŞÇISININ ŞƏHİD AİLƏLƏRİNƏ QARŞI KİNDARLIĞI…

 

İcra başçısı əslən ağdamlı olan şəhidin atasına deyib ki, oğlun İmişlidə doğulub, get orada bulaq tik..

Adını soyadını soruşmuruq. Vəzifən də hamıya bəllidir. Tərcümeyi-halında çox şey yazılıb. Tarix fakültəsini bitirməyin də, sonra 45 yaşında  “AZİ”-nin Faydalı qazıntı yataqları fakültəsini bitirməyin də,  Neft daşlarında elektrik çilingəri işləməyin də, sonra “partkom”  olmağın da, Qaradağ RİH-də, Xəzər RİH-də müavin, 1-ci müavin olmağın da və Ağdamın icra başçısı olmağın da yazılıb. 
Yuxarıda yazdıq ki, tərcümeyi-halında çox şey yazılıb, amma hər şey yox. 
Sənin kimliyin, nəçiliyin barədə  indi Gundelik-Bakı olaraq biz yazmaq, səni cəmiyyətə tanıtmaq istəyirik. 
Yazmaq istəyirik ki, şəhidlərin qanı qurumadan içkili və maskasız  vəziyyətdə doğulduğun Əliağalı kəndinə getməyin barədə ölkə mediası yazdı, videonu göstərdi. 
Bu barədə nə təkzib verdin, nə də bir söz dedin. Heç göz yaşları qurumayan şəhid analarından utanıb ayıb etmədinmi ?
Bəs ölkə səviyyəsində karantin qaydalarını niyə pozub, heç nəyi saymazyana  Ağdama turist kimi getmişdin. 
Axı, sən özün ağdamlısan, özün də o boyda rayonun icra başçısısan. 
İşğaldan yenicə azad olunmuş o müqəddəs torpaqlara içkili vəziyyətdə getmək təkcə şəhid ailələrinə deyil, həm də ölkə rəhbərliyinə hörmətsizlikdir. 
Yaxşı bunları sənin vicdanına yazaq. 
Bəs şəhidin qardaşını niyə işdən çıxardın ? 
Axı, bu ailənin üzvünün bu torpaqda işləməyə və yaşamağa sənin kimi məmurlardan daha çox mənəvi haqqı var. 
Əsgər ailəsini “Səni içəri soxduracam” deyib  hədələyirsən. Vaqif Həsənov, sən doğrudanmı, bu dərəcədə həddini aşmısan ? 
Yəni sənin kimi bəzi məmurlar üçün heç bir müqəddəs dəyər yoxdur ? 
Bəlkə, 5000 manat rüşvət alarkən  yayılmış  səs yazısından danışaq. 
Bəlkə təzədən yadına salaq ki, həmin səs yazısında 2011-2013-cü illərdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-2018-ci illərdə isə Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmiş Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvvəlcədən 5000 manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan kredit götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.
Yadına düşdümü, Vaqif Həsənov ? 
Bu yaxınlarda bir dostuna demisən ki, köhnə səs yazısıdır, onda icra başçısı deyildim. 
Əcəb məntiqdir, cənab Həsənov. Məgər 3-5 il əvvəl etdiyin əməllər unudulur ?
Məgər məmur, fərqi yoxdur, icra başçısıdır, yoxsa müavin, 5 il əvvəl aldığı rüşvətə görə, məsuliyyət daşımır ? 
Bəlkə, sabiq nazir  Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovla  sənin oğlunun birgə həbs olunmasını yadına salaq ?  Niyə həbs olunmuşdular ? 
Daha nələri yadına salaq ki, bəlkə yuxudan oyanasan. 
Bəlkə, Maliyyə Nazirliyinin  Ağdamda apardığı sonuncu yoxlamanı  xatırladaq. 
Ayyarımlıq  yoxlama Ağdam rayonunda dəhşətli faktlar ortya  çıxardı. Amma yenə sən sudan quru çıxa bildin. 
Yoxlamanın nəticələrinin yaxın zamanda müzakirə olunması xəbəri səni yaman narahat edib. 
Cənab Həsənov ! Həyat yoldaşın Sədaqət  Həsənova  Ağdamda bircə dəfə də olmadığı halda rayon Təhsil Şöbəsini onun “kuratsiyasına”  vermisən. 
Hansı ki, Sədaqət Həsənova Bakıda qeydiyyatda olduğu, Neftçilər prospekti ev 5 ünvanında yerləşən mülkdə yaşayır. Yeri gəlmişkən bu mülk Həsənovların  çoxsaylı sərvətinin kiçik bir hissəsidir. 
Onu da qeyd edək ki, Vaqif  Həsənovun oğlu Vasif Həsənli  Qarabağ döyüşlərində iştirak etməyib. 
Biz hamıdan qəhrəmanlıq, şücaət  gözləyəcək dərəcədə sadəlövh deyilik, cənab Vaqif Həsənov. 
Sən də barı o torpaqlar uğrunda canından keçən şəhidlərin ruhuna hörmətlə yanaş də. 
İndi isə keçək, icra başçısı Vaqif Həsənovun  lap son əməllərinə. 
Deməli, Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də İmişlidə anadan olan, amma əslən Ağdamlı  olan  kapitan Əsəd Həsənovdur. 
Şəhid kapitanın 2  övladı yadigar qalıb. 
Heç kimə sirr deyil ki, şəhid ailələri üçün maddi dəstək öz yerində,  əsas mənəvi təsəllidir. Yəni şəhidlərin xatirsəinin əbədiləşdirilməsi. 
Bəli, şəhid kapitanın da atası oğlunun şəhid olduğu ərazidə  onun xatirsəni əbədiləşdirmək üçün bulaq və ya xatirə lövhəsi ucaltmaq istəyib. Və bunun üçün yerin sahibi olan kənd sakinindən xahiş edib. 
Kənd sakini bildirib ki, mənim torpağım Əsədə qurbandır, Əsəd mənim vətənimi mənə qaytarıb. 
Sonra məsələ gəlib çıxıb Ağdam İcra hakimiyyətinə. 
Ağdamın icra başçısı Vaqif Həsənov şəhid atasını get-gələ salaraq gözləməyi  bildirib, sonra sözünə əməl etməyib. Və nəhayət...
Vaqif Həsənov şəhid kapitanın atasına deyib ki, Əsəd Ağdamda deyil, İmişlidə doğulub, gedin ona orada bulaq tikin...
Ey  Vaqif  Həsənov ! 
Özün torpaq uğrunda  döyüşməmisən, oğlun döyüşməyib. 
Ona görə də sənə çatmır ki, şəhid  Ağdamlı, Ağdaşlı, yaxud Qubadlı, Qubalı olmur. Şəhid Azərbaycan övladıdır, onun bu torpağın hər qarışında abidəsi ola bilər. 
Yazının başlığına əbəs yerə çıxarmadıq ki...
Sən kimsən, nəçisən, Vaqif  Həsənov ?
İndi bildinmi kimsən...


1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR