Şəmkirdə özünü doğradığı iddia edilən şəxsi polis öldürüb? - DİN CAVAB VERMİR

2022-05-11 12:28:00

Şəmkirdə özünü doğradığı iddia edilən şəxsi polis öldürüb? - DİN CAVAB VERMİR

Xəbər verildiyi kimi, Şəmkirdə qolunu kəsən şəxs xəstəxanada ölüb. Rəsmi məlumata əsasən, rayon sakini, 1968-ci il təvəllüdlü Arzu Cabbarov Şəmkir şəhərinin Xəqani küçəsində qolundan kəsilmiş-deşilmiş xəsarət alıb. Dərhal xəstəxanaya yerləşdirilən A.Cabbarova tibbi yardım göstərilsə də, onun həyatını qurtarmaq mümkün olmayıb.

İddia olunur ki, Şəmkir sakini şüşə ilə qoluna xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, may ayının 7-də, saat 17:50 radələrində Şəmkir sakini olan bir qadın rayon Polis Şöbəsinə müraciət edərək, tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döydüyünü bildirib və kömək istəyib.

Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gedərkən, həmin qadınla barəsində şikayət olunan şəxsin mübahisəni davam etdirdiyini gördükdə vətəndaş Arzu Cabbarov ilə profilaktiki söhbətlər apararaq, onu sakitləşdirməyə çalışıblar.

Lakin "Hürriyyət"in əldə etdiyi faktlar rəsmi mənbələrin informasiyasını tamamilə təkzib edir. Biz mərhum Arzu Cabbarovun xəstəxanaya gedərkən, yolda bacısı oğluna göndərdiyi səs yazısına istinadən bu qənaətə gəlmişdik. Hansı ki, A.Cabbarov həmin səs yazısında damarının kənar şəxslər tərəfindən kəsildiyini bildirir: “Aqil, məni doğrayıblar, özünü tez xəstəxanaya çatdır, damarımı kəsiblər”. Bunun ardınca, mərhum bacısı oğluna göndərdiyi səsli mesajda təkrarən onun tez xəstəxanaya gəlməsini istəyir.

“Hürriyyət”in əldə etdiyi başqa bir məlumata görə, Arzu Cabbarov barəsində polisə şikayət etdiyi iddia olunan qadın 3 gündür ki, Şəmkir Rayon Polis Şöbəsində saxlanılır. İddialara əsasən, şöbədə qadından tələb edilir ki, mərhumun “özünü öldürməsini” təsdiq etsin.

Bütün bunlardan sonra, ortaya maraqlı bir sual çıxır: əgər polisin bəyan etdiyi kimi, həqiqətən də Arzu Cabbarov özünə qəsd edibsə, niyə şikayətçi qadın artıq 3 gündür polis bölməsində saxlanılır?!

Məsələylə bağlı Daxili İşlər Nazirliyinə suallarımızı ünvanladıq. Təəssüf ki, qadının niyə hələ də bölmədə saxlanılması ilə bağlı suallarımız cavabsız qaldı. Nazirlik susması və suallarımıza cavab verməməsi ilə deyilən iddiaları da birbaşa təsdiq edir. Digər tərəfdən hadisənin yeganə şahidi hələ də polis bölməsində saxlanılır. Onun bölmədə hansı vəziyyətdə olması isə məlum deyil.  

Mərhumun yaxınlarının verdiyi məlumata görə, hadisə vaxtı insident yaşanıb. Baş vermiş hadisənin şahidi isə, hadisə yerinə gələn polis əməkdaşları və həmin qadındır, o da qeyri-müəyyən səbəblərdən iki gündür polis şöbəsinin zirzəməsində saxlanılır. Bu isə belə söz-söhbətlərə rəvac verib ki, qadının hələ də buraxılmaması bir çox mətləblərin gizlədilməsinə cəhd olunması ilə əlaqədardır...

Mərhumun ailə üzvlərinin "Hürriyyət"ə göndərdiyi məktubda da qeyd edilir ki, Arzu Cabbarov 07.05. 2022-ci il tarixdə təqribən saat 16-17 radələrində hələ adı məlum olmayan Şəmkir RPŞ-nin əməkdaşı tərəfindən qətlə yetirilib. Hazırda qətlin təfərrüatları, hadisənin başvermə səbəbi və hadisənin yeganə şahidinin taleyi haqqında məlumat yoxdur. Məktubda o da qeyd edilir ki, hadisənin yeganə şahidinə baş vermiş qətlin əsl səbəbini gizlətmək məqsədilə təzyiq edilir.

A.Cabbarovun ailə üzvləri Şəmkir RPŞ və Şəmkir Rayon Prokurorluğu tərəfindən hadisənin təfərrüatlarının saxtalaşdırıldığını iddia edirlər. 

HÜRRİYYƏT

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya