ŞƏKİNİN USTAD QARMONÇALANI - Əhsən Rəhmanlı yazır

2022-06-08 11:19:00

ŞƏKİNİN USTAD QARMONÇALANI - Əhsən Rəhmanlı yazır

Tarixən Şəkidən bütün dövrlərin usta, mahir ifaçılarının yetişməsi Azərbaycan musiqi mədəniyyətinin zənginləşərək ucalmasına təkan verib. Həmişə buradan say-seçmə musiqiçilərin səs-sədası gəlib. Şəkidə yaxşı qarmonçalanlar da ad çıxararaq bu ifaçılıq sənətinin çiçəklənməsi yolunda xüsusi xidmət göstəriblər. Bu sırada Ələkbər (el arasında Kor Ələkbər), Məbud, Şamil Mustafazadə, Ramiz Sadıqov, Zahir Mustafayev, Faiq Məmmədov, Cavanşir, İlqar Kərimov, Rövşən Mustafayev, Aydın, Tahir Lətifov və başqalarının adları qeyd olunmalıdır.

Şamil Rəsul oğlu Mustafazadə 1934-cü il fevral ayının 17-də Şəki şəhərində anadan olub. 1941-1945-ci illər Böyük Vətən müharibəsinin dəhşətli nəticələri, dağıntilar, kütləvi insan qırğınları Sovet dövlətinin hər bucağında, həmçinin Azərbaycanda da çox ağır və acınacaqlı durum yaratmışdı. Müharibə Azərbaycana da ağır zərbə vurmuş, respublikamızın iqtisadi vəviyyəsi ağırlaşmışdı. Əksər ailələr çətin vəziyyətdə yaşayırdı. Bu baxımdan Şamili 1942-ci ildə Şəkidəki 1 saylı uşaq evinə vermişdilər. O, 1950-ci ilə qədər burada yaşamışdı. 12 yaşında ikən Şamil musiqiyə dərin həvəs göstərmiş, qanındakı böyük istedad, canındakı aşıb-daşan həvəs, xislətindəki musiqi istəyi onu bu sənətə istiqamətləndirirdi. Şamil 1946-cı ildən əvvəl nağara, sonra isə qarmon çalmağa başlamışdı. O, uşaqlıq və gənclikdən Azərbaycanın tanınan qarmon ifaçıları Teyyub Dəmirov, Məmmədağa Ağayev, Abbas Abbasov, Səfərəli Vazirov, Səttar Hüseynov və İsfəndiyar Coşqunun sənətinə, məharətli ifalarına daim pərəstiş etmiş və onlardan öyrənmişdir.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Şamil Mustafazadə Şəkidə yaxşı qarmonçalan kimi diqqəti cəlb etmişdi. Şəkinin ustad sənətkarları-xanəndələr, tar-kamança ifaçıları, zurnaçalanlar Şamilin haqqında səmimi, xoş sözlər, dəyərli fikirlər söyləyirdilər. Onun çalğısı bütöv, səviyyəli, samballı və tam texniki imkanlı idi. Şamilin muğam gəzişmələri olduqca təsirli, xalq oyun havaları yetkin, tutarlı və oynaq idi.

Şamil Mustafazadə 1956, 1957, 1962-ci illərdə Azərbaycanda keçirilən Respublika gənclər festivalında, 1967-ci ildə Ümumittiaq festivalında, 1977-ci ildə Zəhmətkeşlərin Bədii Yaradcılıq festivalındakı çıxışları bir sənətçi kimi ona uğurlar gətirərək ictimaiyyətə tanıtdırmışdır. Onun sənət göstəriciləri öz rayonunda da, ətrafda da daim rəgbət və hərarətlə qarşılanmış, sevimli qarmonçalana çevrilmişdi. Şəkidəki əksər toy dəstələrinin tərkibində Şamili daim görmək mümkün idi. O, toy-büsatda sevimil qarmonunu bağrına basıb, el havalarını, mahnıları çalaraq, muğamları böyük şövq, dərin hissiyyat, zəngin duyğuarla ifa edərək, məclislərə şirinlik qatıb xüsusi rövnəq verərək insanların ovqatını yüksəldirdi. Ş.Mustafazadə xanəndələrin muğam və mahnı ifasını ustalıqla və bədii boyalarla elə gözəl müşayiət edirdi ki...

Bu bacarıqlı, usta qarmonçalan 1958-ci ildən başlayaraq uzun illər Şəki Mədəniyyət Evinin konsert biriqadalarının tərkibində həmin rayonda, respublikanın bir çox şəhər və kəndlərində, qonşu Gürcüstanda təşkil olunan konsertlərdə çıxış etmişdir. O, sənət dostları olan xanəndələrdən-Yunus Məmmədov, Abdurəşid Məcidov, Lütfəli Məmmədov, Nurəddin Həmzəyev, Abid Hümmətov, Fərman Xəlilov, Əliosman Hacıyev, instrumental ifaçılardan-Fərrux Abdulrəhimov, Nurəddin Bədəlov, Məmməd Nəsrullayev, Seyran Zülfüqarov və İbad Salmanovla birlikdə respublika əhəmiyyətli tədbirlərdə fəal iştirakçı olaraq öz layiqli sənətini sərgiləmişdir.

Bir 3 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Şamil özündən əvvəlki qarmon ifaçıları sırasında ən çox Məmmədağa Ağayevin çalğı üslubundan bəhrələnmişdir. Bilirik ki, bir ustad kimi Məmmədağa öz dövrünün virtuozu, yüksək, texniki imkana malik sənətkarı olub. Ş.Mustafazadə də onun kimi bacarıq göstərən bir bir ifaçı olaraq tanınıb. Şamilin bir üstün cəhəti isə sağ, sol əllərlə mükəmməl çalğı göstərməsi idi. İfa zamanı onun qarmonun sol aplikaturasından ustalıqla istifadə etməsi o dövrdə hər kəsə nəsib deyildi və bu üslubu hər çalğıçı mənimsəyə bilmirdi. O isə bütün hallarda qarmonun sol gövdəsindəki səs ardıcıllığından məharətlə istifadə edərək yalnız öz çalğısını deyil, tarı, kamançanı və klarneti də müşayiət edirdi. Əlbəttə, bu cür çalğı ifa olunan əsərin səslənməsini daha da zənginləşdirir, həm də tək ifa zamanı isə qarmonçalana müşayiətçi lazım olmur. Hazırda isə əksər musiqiçilər sintezatorun müşayiəti olmadan ifa göstərməyə çətinlik çəkirlər.

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Ş.Mustafazadə əsgərlikdə olarkən hərbi hissənin musiqi qrupunun fəallarından biri olmuş, bayan alətini ifa etmişdir. Hərbidən Şəkiyə dönən Şamilin bayanda milli musiqi nümunələrimizi, xüsusilə “Tərəkəmə”ni ifa etməsi hamını heyrətləndirirdi. Azərbaycan qarmonunun və rusların, Avropa xalqlarının istifadə etdiyi bayanın aplikatur sistemi, səs ardıcıllığı, ifa qaydası tamam fərqlidir. Şamilin nadir istedadı onun bayanı da azərbaycansayağı çalmasına stimul vermişdi.

Bilirik ki, milli qarmonumuzda muğamlar da mükəmməl, gözəl, bər-bəzəkli xallarla, həm də təsirli səslənir. Ş.Mustafazadə ən yaxşı muğam ifaçılarımızdan biri kimi tanınıb. Xalq artisti, məşhur qarmonçalan Avtandil İsrafilov Şəkidə Şamilin qonağı olarkən, onun ifasında “Segah-Zabul”, “Çahargah”, “Şur”, “Şahnaz”, “Qatar” və başqa muğamları dinləmiş və demişdir: “Mən əksər ustad qarmonçalanların muğam ifasını dinləmişəm, lakin Şamil kimi sənətkara rast gəlməmişəm. Əhsən belə muğam ustasına. O, həmçinin rəqs havalarının da gözəl ifaçısıdır”.

Bir 5 nəfər və musiqi alətlərində ifa edən insanlar şəkili ola bilər

Azərbaycan Dövlət Filarmoniyasının konsert briqadası 1958-ci ildə Şəkidə qastrol səfərində olarkən, heyətin qarmonçalanı qəfil xəstələndiyi üçün o, təcili Bakıya qaytarılmalı olub. Şamil on beş gün ərzində Şəki, Qax, Zaqatala və Balakən rayonlarında Əbülfət Əliyev, Rübabə Muradova, Yaqub Məmmədov, Elmira Rəhimova və başqa məşhur xanəndələri instrumental heyətin tərkibində müşayiət etmişdir.

Ş.Mustafazadənin yetirmələri olmuş Faiq Məmmədov, Sabir Mustafayev və başqaları əsl el sənətkar kimi xalqa, onun musiqisinə ləyaqət və ustalıqla xidmət ediblər. O, ömrünü, bacarığını yeni musiqiçilər nəslinin yetişməsinə sərf edib.

Bir 2 nəfər şəkili ola bilərŞ.Mustafazadənin biliyi çox zəngindir. Qədim el havalarının, folklor nümunələrinin toplanmasında onun xüsusi rolu olub. Şəkiyə gəlib folklorla maraqlananlar, toplayıb çap etdirənlər və elmi mövzu yazanlar Şamil kişinin yaddaşı, dərin biliyi və ifasından çox bəhrələniblər.

Ş.Mustafazadə 80 yaşına qədər hərarətli barmaqlarını sevimli qarmonunun şirmayi dilləri üzərində gəzdirərək şirin, dadlı, ləzzətli, barlı-bəhərli, şövqli çalğısı ilə sənət daxilində olub. O, Şəki, Zaqatala bölgəsinin el şənliklərində, kütləvi bayram tədbirlərində uğurla, böyük həvəslə çıxış edən qocaman el sənətkarı kimi böyük məhəbbət qazanıb.

Bu hünərli, qos-qocaman xalq sənətçisi dönüb arxaya baxıb, yorub gəldiyi illəri xatırladqca böyük qürur hissi keçirərək fərəhlənir. Axı o, yaşadığı ömrü hədər verməyib, daim sənətilə məşğul olub, xalqa xidmət edib və el-obanın sevimli və dəyərli sənətkarı olub. Ş.Mustafazadə Şəkidə qarmon sənətini təbliğ edən, sevdirən, izini dərinləşdirən nadir bir sənətkar sayılır.

Bir 5 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Deyirlər ki, sənətkar ömrünün müdrklik çağı dağ silsiləsinin zirvə məqamını xatırladır. Çoxdandır ömrün müdrik dövrünə qədəm qoyan bu kişi elə sənətdə kamilləşərək müdrikləşib. Əslində isə bu hal, bu xöşbəxtlik hər adama nəsib olmur. O, bu gün Şəki musiqiçilərinin gözü qarşısında ucalan əzəmətli dağdır. Hamıya məlumdur ki, sənət aləmində yüksəlişə nail olmaq elə də asan başa gəlmir. Bu işin keşməkeşli yolları, çox cətinlikləri var. İstedad, həvəs, arzu-istək öz yerində, həm də bu işdə səbr, dözüm, mətanət, əzm və daim çalışmaq mühüm əhəmiyyət kəsb edir. Çoxları kimi Şamil Mustafazadə də öz işində, sənətində, yaradıcılığında ilmə-ilmə, kəlmə-kəlmə, sətir-sətir, addım-addım irəliləyərək ucalıb, uzun, zəngin və uğurlu yol gəlib. Belə müdriklər, bu kimi sənətkarlar gənc musiqiçi nəslinə bariz nümunədir. O, həqiqi sənətdə parlayaraq ucalıq alıb, şərəflənib və ulu sənətkar olub. Bu nurani, alicənab kişi ömür və sənət yollarını andıqca, musiqi aləmindəki məqamları vərəqlədikcə yalnız qürur duya bilər. O, qarmon sənətini ucaldanlardan, yaşadanlardan olduğu üçün, bu sevimli iş də onu yüksəltmiş və yaşatmışdır.

Bir 4 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və gitara şəkili ola bilər

Şamil kişinin halal ocağında çox böyük bir musiqiçi yetişib. Oğlu Kamil respublikamızda və onun sərhədlərindən kənarda tanınan sənətkardır. Kamil Mustafazadə Azərbaycan Dövlət Konservatoriyasının sikripka (violin) sinfini bitirib. Klassik musiqi təhsili alan bu insan həm də samballı milli sənətçi kimi yetişib. Kamil öz adını doğruldaraq, elə kamil, mükəmməl xalq sənətkarı kimi formalaşaraq sənət meydanında özünü tanıtmaqda və öz sözünü deməkdədir. O, bir zamanlar çox populyar olan “Ümid” insrtumental ansamblın solisti olub. Hazırda da bir neçə musiqi qrupunun tərkibində konsertlərdə, toylarda çıxış edir və studiyalardakı yazılışlarda olur.

Şamil Mustafazadə haqqında ilk dəfə mənə bilgi təqdim edən, bu günlərdə əlavələr söyləyən istəkli dostumuz, memar, böyük ziyalı, xalis musiqiçi və istedadlı qarmon ifaçısı İlqarağa Kərimova dərin təşəkkürümü bildirirəm.

Şamil kişi hazırda ömrünün ahıl çağını və xəstəlik dövrünü yaşayır. O, Bakıda oğlu Kamilin mənzilində qayğı ilə əhatə olunaraq müalicə alır. Allahdan ona şəfalar diləyirik.

Əhsən RƏHMANLI

Sənətşünaslıq üzrə fəlsəfə doktoru


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya