“SƏHNƏ MƏNİM İKİNCİ EVİMDİR” - Mehriban Xanlarova: “Heç ağlıma gəlməzdi ki, aktrisa olaram…”

2022-06-21 09:59:00

“SƏHNƏ MƏNİM İKİNCİ EVİMDİR” - Mehriban Xanlarova: “Heç ağlıma gəlməzdi ki, aktrisa olaram…”

“Düşmənlərimdən intiqamı yaxşılıq edə-edə alıram”

“İnsan gərək, ilk növbədə xalqın sevgisini qazansın”

Müsahibimiz Əməkdar artist, Prezident mükafatçısı, “Azdrama”nın aparıcı səhnə ustası, dəyərli sənətkarımız Mehriban Xanlarovadır. Onunla müsahibəmizdə həyat və yaradıcılığı ilə bağlı söhbətləşdik.

- Mehriban xanım, ilk olaraq yeniliklərdən danışaq. Hazırda sənətinizdə nə kimi yeniliklər var?

- Mən özüm elə başdan-ayağa yeniliyəm də, çox şükür(Gülür). Mən Çingiz Aytmatovun "Manqurt" tamaşasıyla Qırğızıstanda yer tutub gəlmişdim, ikinci qadın obrazı - Nayman ana obrazı olaraq. Ümumiyyətlə, tamaşanın özü də, rejissorun özü də hamımız ödüllərlə qayıtmışıq. Amma mən əsas rolda oynadığım üçün ödül almışam.

Mikayıl Müşfiqin həyatı haqda tamaşamız var. Sizi də dəvət etmişdim, gəlib baxmışdınız. "Ah, bu uzun sevda yolu" tamaşasıdır. Mən orda Müşfiqin şairə dostuyam. Orda baş rollarda Münəvvər Əliyeva, Anar Heybətovdur. Həqiqətən də çox maraqlı tamaşadır. Novruz Bayramında, Yeni il şənliyində çox maraqlı uşaq tamaşaları oynadım. Yeniliklərim davam edir. Amma hələ yeniliklər budur. Yaşar tamaşası oldu, orada da oynamışam. “Xəzər TV”-də yayınlanan “Ata ocağı” serialında Almaz obrazı ilə tamaşaçıların hər gün qarşısındayam. Bu yaxınlarda yenə təklif gəlib, o da filmdir. Nə vaxt olsa sizə açıqlayaram.

- Siz dünya şöhrətli, böyük sənətkarımız Zeynəb xanım Xanlarovanın qardaşı qızısınız. Ən müşkül işinizdə Zeynəb xanımın adı köməyinizə çatıbmı?

- Mən onu həmişə verilişlərdə də deyirəm, bir Xanlarova soyadı bəsimizdir, yetərlidir. Allah ümumdünya şöhrətli Zeynəb Xanlarovanı Azərbaycanın üstündən əskik etməsin. Allah ona sağlam can, uzun ömür versin. Onu bizim də üstümüzdən, nəslimizdən də əskik eləməsin, inşallah.

- Tamaşaçılar sizi dürüst bir sənətkar kimi tanıyır. Nə vaxtsa tamaşaçı sevgisini, sənətinizi şəxsi həyatınıza qurban verə bilərsinizmi?

- Bundan sonra sənətimi şəxsi həyatıma qurban vermərəm. Həqiqətən də Allahıma əl açıb deyirəm ki, Ya Rəbb, bu hörməti, rəğbəti, izzəti, məhəbbəti mənə qarşı sən vermisən, ölən günümədək, canımı alan günə qədər insanların mənə qarşı məhəbbətini, sevgisini əlimdən alma. Hara gediriksə orda özümüzə qarşı hörmət, izzət görürük. Bu gün Respublikanın Əməkdar artistiyəmsə, xalqıma görədir. Xalqımın məni istədiyinə görə Əməkdar artistəm. Nə vaxtsa Xalq artisti olsam da, yenə də xalqın istəyinə görə Xalq artisti olacam. İlk növbədə insan gərək xalqın sevgisini qazansın. Əgər o xalqın sevgisi yoxdursa, bu sənət yollarında yürüməyə, addımlar atmağa dəyməz. Əgər yoxamsa, heçəmsə, rollarımı elə-belə oynayıramsa, kimsə məni tanımırsa onda bu sənəti neynirəm?! Gedib başqa iş görərəm, başqa iş quraram özümə.

Bu sənətdə layiqincə sözün doğrusunu da deməyi bacarmalısan. Xalqın qarşısında alnıaçıq olmalısan ki, sabah xalq da sənin arxanda dayansın. Mən ATV-də “Bizimləsən” verilişində bir xəstə körpə üçün xalqımıza müraciət etdim ki, bütün imkanlı şəxslər kömək olsunlar. İnanırsınız, Azərbaycan xalqı bir oldu, yumruq kimi birləşdilər. Necə ki, bir olub, başda Ali Baş Komandanın, müzəffər ordumuzun köməkliyi ilə dədə-baba yurdumuzu, Qarabağı mənfur düşmənlərimizin murdar əlindən aldıq, Amir balanın da xəstəliyinə görə mənim hayqırtılarım, çağırışlarım oldu. Mənə güvən olmasaydı, sevgi olmasaydı, məhəbbət olmasaydı sözlərimdən sonra ATV-yə axın olardımı? Bəlkə də yox! Belə işlərdə görürəm ki, bəli, yaşayıb-yaratmağa dəyər. Allah Amir balanın da şəfasını versin.

- Mehriban xanım, bayaq da dediniz, "Xəzər TV”-də "Ata ocağı"na, eləcə də başqa seriallara çəkilirsiniz. Maraqlıdır, Azərbaycan seriallarının səviyyəsi sizi qane edirmi?

- Belə deyək də, mən neçə vaxt idi verilişlərdən kənar idim. Düzü, verilişlərə çıxmırdım. Bunun bir bəlli səbəbi vardı. Şəhidlərimizə, qazilərimizə görə… Ən çox da şəhidlərimizə görə heç yanda çıxış etmirdim. Amma obraz mənə çox doğma gəldi. Beş ildir ki, bu serial gedir. Bir ildir ki, getmişdim ora. Gördüm ki, tamaşaçılar tərəfindən serialın çox möhtəşəm izləməsi var. Mənim obrazıma bir gözəllik qatıblar ki. İnanın körpəsindən tutmuş, balacasınacan mənə yaxınlaşırlar ki, o gəlini incitmə. Deyirəm ki, o gəlin ölsün ha(Gülür). Yəni körpə maraqla baxırsa, deməli, yaxşı serialdır. Əlbəttə, qüsurları da var. Mən birini desəm, deyəcəklər aha, Mehriban belə dedi. Allah hamısının işinə fərəc versin, mən də onların içində.

- Sizcə, bizim seriallarımız niyə Türkiyə serialları kimi inkişaf etmir?

- İnşallah, bizim də seriallarımız inkişaf edər. Əgər bu gün bizim serialların izləyici toplusu, izləyici kütləsi varsa, əminəm ki, hər şey yaxşı olacaq.

- Mehriban xanım, sizin üçün televiziya və teatr arasında nə kimi fərq var? Teatr səhnəsində, yoxsa efirdə daha çox görünmək istərdiniz?

- Bəzən deyirlər ki, efir, ekran insanlara səni daha tez tanıdır. Səhnə mənim canımdır, belə deyim də səhnə mənim ikinci evimdir. Allah bizi səhnəsiz etməsin. Düzdür, həyatımızı dəyişəndən sonra səhnə bizsiz olacaq. Bizdən sonra da yaxşı gənclərimiz yetişir. Heç olmasa bizim kimi sənəti sevərək, içdən duyaraq gəlsinlər. Sənətə dırnaqarası baxdınsa, mən bayaq da dedim, elə-belə gələcəksənsə onda heç nə…

- Gənclərin gəlişindən danışdınız. Gənc aktyorlar, gənc aktrisalar yetişdirirsinizmi? Və yaxud gənclər arasında öz davamçınızı görürsünüzmü?

- Oğlan uşaqları olub, dəstək olmuşam. Şükür Allaha, bu yaxınlarda Əliağa adlı bir tələbəm şeir müsabiqəsində qalib olub. Bu, mənim üçün fəxrdir. Mənim tələbəm o cür şeir müsabiqəsində “Azərbaycan” şeiriylə qalibdir. Uşaq var ki, hazırlaşdırmışam, gedib universitetə daxil olub. İnsan var gedib çətinliyi görür sonra getmir, davam eləmir. Canım, bu sənəti sevib gəlmək lazımdır. Mənim heç ağlıma gəlməzdi ki, aktrisa olaram. Heç ürəyimdən keçməmişdi. Amma qurban olduğum Allah o şansı mənə verib. İndi də sənətimi çox sevirəm. Əgər mənim istedadım olmasaydı, sizcə, irəli gedə bilərdimmi?

- Mümkün deyil.

- Deməli, mənim içimdə bu istedad varimiş. Sadəcə, mən bilməmişəm ki, aktrisa ola bilərəm.

- Zaman, vaxt pul kimi dəyərlidir. Mehriban xanım ən qiymətli zamanını, vaxtını kimə xərcləməkdən həzz alır?

- Fuad, mən zamanımı, vaxtımı balaca nəvələrimə, bir də evdə gözəl anam var, anama xərcləməkdən həzz alıram. Allah analara cansağlığı versin. Dünyasını dəyişənlərə də Allah rəhmət eləsin. Kefim olmayanda anamın yanına qaçıram. Uşaqlar da orda olanda istər-istəməz təsəllini onlardan alıram.

- Hər bir insanın çox sevənləri, dostları olduğu kimi, düşmənləri də olur. Düşmənlərinizdən necə intiqam alırsınız?

- Düşmənlərimdən intiqamı yaxşılıq edə-edə alıram. Mən pisliyə pisliklə cavab vermirəm, yaxşılıqla cavab verirəm. Onlar hələ də bilmirlər ki, mənə etdikləri pisliklərə mən yaxşılıqla cavab verirəm. Başa düşmürlər ki, pisliklərini bilirəm. Mən hələ də yaxşılıqlarını bilirəm. Allah qorusun insanı, bəndə kimdir?! Bəndəni Allah yaradıb, məni, səni, onu, bunu, hamısını Allah yaradıb. Hamımız bir torpağa gedəcəyik…

- Bəzi sənət adamlarının öz işləri ilə deyil, qalmaqallarla gündəmə gəlmək istəyinə necə baxırsınız?

- Söz yox, arada mənim də qalmaqalım olur. Ancaq mən sözün düzünü, haqqı danışıram deyə qalmaqaİlarla qarşılaşıram. Hətta deyirlər ki, Mehriban emosianal danışdı, kiməsə əsəbləşdi. Qoy desinlər, türklər demişkən, heç onlar mənim umrumda da deyillər. Çünki mən haqqın yanındayam. Haqsızlığı qəbul edə bilmərəm. Başqa qalmaqallar da mənlik deyil. Heç o cür qalmaqallara ehtiyacım da yoxdu. İnsan öz sənətiylə gündəmə gələr. Mən də, şükür Allaha, öz rollarımla möhürü qoymuşam. Səhnədə Mehriban Xanlarova olaraq imzamı atmışam.

- Deyirsiniz ki, səhnədə öz rollarımla möhür qoymuşam. Maraqlıdır, bundan sonra hansı obrazı yaratmaq istərdiniz?

- Hələ cavanıq, hələ canımızda su var… Belə deyək də, o rejissorun öz öhdəliyinə düşür. Baxır rejissorun səni hansısa bir rolda görməyinə. O rolu sənə verir. Bəzən elə olub ki, mən oturmuşam evdə, nə serial, nə film olub, deyiblər getməmişəm. Getmişəm, bəyənməmişəm. Amma elə rol üçün təklif gəlib, həm ürəyimcə olub, həm də ürəyimcə sevdirmişəm tamaşaçılara. Yəni elə olsun ki, yaxşı rol olsun, həm də seviləsi rol olsun. Bəzi aktyorlar, aktrisalar mənfi roldan qorxurlar. Amma mən qorxmuram.

- Ümumiyyətlə, gələcək hədəfləriniz nədir, qarşınıza hər hansı məqsəd qoymusunuz ki, “tezliklə ona çatacam”?

- Bizim sənət çox çətin və incə sənətdir. Belə deyək, bu sənətdə yarıda da qala bilərsən, bütün yolların işıqlı da ola bilər. Yarıda qaldımsa elə ərizəmi yazıb çxıb gedərəm. Əgər Allah yollarımı işıqlandırırsa və bu yolda getdikcə işıqlar daha gur yanırsa yollarımda yanan işıqları özüm dəyərləndirməliyəm. Qoymamalıyam ki, o işığın qabağını kimsə kəssin. İnanın, istər filmdən, istər tamaşadan, istər serialdan olsun o qədər pəlimi vuran olub ki. Amma nə oldu, gözəl Allahın açdığı qapını heç kim bağlaya bilməz. Tək bizim sahədə yox. İstər müəllim olsun, istər mühəndis olsun, istər həkim olsun, istər bəstəkar olsun, istər jurnalist olsun, nə bilim qapıçı olsun… Hamısında olur belə şeylər. Elə insanlara mənim sözüm budur ki, hamısından yaxşı öz işinizlə məşğul olun. Pisliyə nə var?! Zərbə Allahdan gəlməsin. Yenə də deyirəm, mən Allahımdan qorxuram. Bəndə mənə müvəqqəti zərbələr endirə bilər. Amma Allah elə zərbələr endirir, yaxud elə yerdə yolunu açır ki, deyirsən, şükür sənə Pərvərdigar. Ümumiyyətlə, mən şükür etməyi sevirəm. Addımımda da, çıxışımda da, girişimdə də Allah kəlməsiylə başlanan işlər çox uğurlu olar. Bunu sənə də arzulayıram. Bir işə başlayanda da o mikrofonu basanda “bismillah” desən işin yağ kimi gedəcək. Allah hamının ürəyindəki mətləbləri versin. Şükür, mən sənətimdən narazı deyiləm, hökumətimdən, dövlətimdən narazı deyiləm, yetərincə sənətimi qiymətləndirirlər. Alçaq könüllü insanlar olub və həmişə də olacaq. Allah onları bizim yolumuzdan uzaq eləsin. Qoy biz yaxşılığımızı edək, pislik onlara qalsın.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya