Saat:06:14
Haqqımızda

Səhiyyə sisteminin ACINACAQLI DURUMU...

2021-11-30 10:00:00

Səhiyyə sisteminin ACINACAQLI DURUMU...

Vilvan kənd həkim məntəqəsi heç 19-cu əsrin tələblərinə belə, cavab vermir

Kənardan mal damına bənzəyən, daxildən isə daha da bərbad halda olan həkim məntəqəsinə, adamın tibb müəəsisəsi və ya səhiyə ocağı deməyə dilə gəlmir

Odur ki, Səhiyyə Nazirliyi və TƏBİB-dən, bu gün faktiki xarabalığı xatırladan Vilvan kənd həkim məntəqəsinin sözün əsl mənasında tibb müəssisəsi halına salınmasını gözləyirik

Təxminən, 6 ay bundan öncə Lənkəran rayonunun Vilvan kənd sakinləri həkim məntəqəsinin acınacaqlı vəziyyətdə olmasına dair video və foto görüntüləri sosial şəbəkələr vasitəsiylə ölkə ictimaiyyətinin, həmçinin müvafiq qurumların diqqətinə çatdırmış və mətbuat orqanlarından problemin həllində yardımçı olmalarını xahiş etmişdilər. O zaman bir çox kütləvi informasiya vasitələri kimi "Hürriyyət" də sözügedən görüntüləri ictimailəşdirməklə Vilvan kənd sakinlərinin narazılığını işıqlandırmışdı. Lakin görünən odur ki, bunun heç bir faydası olmayıb. Əks halda, adıçəkilən kəndin sakinləri yenidən redaksiyamıza müraciət edərək, problemlərinin hələ də həll olunmadığını, həkim məntəqəsinin hər ötən gün daha da bərbad hala düşdüyünü bildirməzdilər.

Belə ki, redaksiyamıza verilən məlumata görə, təxminən, 6 min əhalisi olan Vilvan kəndində olan tibb müəssisəsi uzun müddətdir ki, baxımsız vəziyyətdə qalıb. Sakinlər qeyd edirlər ki, əgər həkim məntəqəsi qısa müddət ərzində təmir olunmasa, o zaman bu müəssisə daha da dağılıb ağır fəsadlara yol aça bilər. Kənd sakinləri iddia edirlər ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də bunun heç bir nəticə olmayıb. Hazırda Lənkəran rayonunda uşaq poliklinikası, təsərrüfat hesablı stomatoloji poliklinika, Təcili və Təxirəsalınmaz Tibbi Xidmət Stansiyası, Taun Əleyhinə Stansiya, 1 mərkəzi rayon xəstəxanası, 4  rayonlararası  xəstəxana, 1  şəhər xəstəxanası, 3 kənd sahə xəstəxanası, 7 qəsəbə və 24 kənd həkim məntəqəsi, 34 kənd tibb məntəqəsinin mövcud olduğunu deyən sakinlərin sözlərinə görə, Vilvan kənd həkim məntəqəsi qeyd olunan tibb müəssisələri sırasında ən acınacaqlı durumda olanıdır. Həqiqətən də bizə təqdim olunan video və foto görüntülər də deyilənləri bir daha təsdiqləyir. Belə ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq, Vilvan kənd həkim məntəqəsi heç 19-cu əsrin tələblərinə belə, cavab vermir. Bu səbəbdən də adıçəkilən həkim məntəqəsinin vəziyyəti haqqında ürəkaçan sözlər söyləmək olmur. İş o yerə çatıb ki, kənardan daxma kimi görünən, mal damını xatırladan, daxildən isə daha da bərbad halda olan Vilvan kənd həkim məntəqəsinə, adamın tibb müəəsisəsi və ya səhiyə ocağı deməyə dili gəlmir. Məhz elə bu səbəbədən də kənd sakinləri adi sarğı və ya digər yüngül tibbi xidmətlər üçün soyuq, şaxtalı qış aylarında belə, 12 kilometrlik məsafəni qət edib rayon mərkəzinə getmək məcburiyyətindədirlər. Çünki sözün əsl mənasında xarabalığı xatırladan həkim məntəqəsi əhaliyə normal tibbi xidmət göstərmək iqtidarında deyil. Sakinlərin bildirdiyinə görə, bina ötən əsrin sonlarında inşa olunsa da, bu günə qədər bir dəfə də olsun, təmir-bərpa işləri aparılmayıb. Maraqlıdır, görəsən fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarət olan Səhiyyə Nazirliyinə rəhbərlik edən Teymur Musayev, o cümlədən tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət etməli olan TƏBİB-in ("Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi") İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Vilvan kənd həkim məntəqəsinin acınacaqlı durumda, bərbad halda olmasından xəbərdardır? Əgər həqiqətən də xəbərləri yoxdursa, o zaman "Hürriyyət" olaraq biz onları bu yazımızla məlumatlandırdıq. İndi hər şey onların insafına qalır. Ümid etmək istərdik ki, nəhayət, Vilvan kənd sakinlərinin normal tibbi xidmətlərdən istifadəsi reallaşacaq. Əslində, belə də olmalıdır. Çünki 2021-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılan 1,4 milyard manat vəsaitin böyük bir hissəsi məhz ölkədə fəaliyyət göstərən tibbi müəssisələrinin saxlanılmasına sərf olunmaq üçün nəzərdə tutulub. Odur ki, Səhiyyə Nazirliyi və TƏBİB-dən, bu gün faktiki xarabalığı xatırladan Vilvan kənd həkim məntəqəsinin sözün əsl mənasında tibb müəssisəsi halına salınmasını gözləyirik.

"Hürriyyət"in Araşdırma Qrupu 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR