"ŞƏHİDLƏRİMİZİN QİSASINI DÖYÜŞ MEYDANINDA ALDIQ" - "Məhz onların qanı bahasına biz torpaqları geri qaytarmışıq"

2021-07-14 16:23:00

"Mən şəhid ailələri ilə 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də onların məişət problemlərini həll edim. Eyni zamanda, bilirdim ki, onlar üçün bütün bu məişət problemlərindən daha vacib məsələ onların övladlarının qisasının alınmasıdır".

Bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib.

Mən bunu çox yaxşı başa düşürdüm və biz hamımız onların qisasını almaq istəyirdik və almalı idik. Deyirdim ki, onların qanı yerdə qalmayacaq və bu gün gəldi. Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa olsun, biz torpaqlarımızı geri almalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

 

Dövlət başçısı deyib ki, şəhidlərimiz haqq yolunda Vətən uğrunda həlak olublar: “Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər”.