Şəhidin həyat yoldaşı və iki övladı imtiyazlardan niyə məhrum edilib? - HÜQUQŞÜNASLAR DANIŞDI

2021-10-13 15:14:00

Şəhidin həyat yoldaşı və iki övladı imtiyazlardan niyə məhrum edilib? - HÜQUQŞÜNASLAR DANIŞDI

Ağstafa rayonun Kolxəlfəli kəndinin sakini Nazpəri Süleymanova redaksiyamıza müraciət edərək deyib ki, həyat yoldaşı gizir Elşən Piriyevin şəhid olmasından sonra iki övladı ilə birlikdə sənədləşmə problemi səbəbindən bütün imtiyazlardan məhrum edilib…Xatırladaq ki, ötən buraxlışımızda da mövzu ilə bağlı araşdırma aparmışdıq. Gürcüstan vətəndaşı olan Nazpəri Süleymanova bu yaxında Prezident İlham Əliyevin göstərişi ilə növbədənkənar Azərbaycan vətəndaşlığını alıb. Buna baxmayaraq, o şəhid ailələrinə verilmiş bir sıra imtiyazdan məhrum edilib. O, artıq bir ilə yaxındır ki, sənəd düzəltməklə məşğul olduğunu deyir:

"Mən Gürcüstan vətəndaşı idim. Bu yaxında cənab Prezident İlham Əliyev məni növbədənkənar Azərbaycan vətəndaşlığına qəbul etdi. 2017-ci ildə ailə həyatı qurmuşam. Lakin, qaynanam məni qəbul etmədi. Çünki, oğluna qohumunun qızını istəyirdi. Bundan rayon icra başçısının özün də məlumatı var. Daha sonra, yoldaşım ev tikməyə başladı. Şəhid olandan sonra ev yarımçıq qaldı. Hazırda şəhidin adına gələn yardımlar mənə və övladlarıma çatmır. Vətəndaşlılığımın olmamasına görə rəsmi nigahda ola bilməmişik. Amma, övladlarımın atalıq kağızları var. Uşaqlarıma atalarının şəhid olmasıyla bağlı sənəd də almışam. Lakin, mən bunu ala bilmədim. Bu günə qədər şəhidin adına gələn yardımlardan nə mənə, nə də övladlarına verilib. Digər şəhidlərin həyat yoldaşlarına və övladlarına 11 min manat qan pulu verilir. Təəssüf ki, bu yardımlar bizə verilməyib. 500 manat Prezident təqaüdündən 300 manat almaq əvəzinə 250 manat alıram. 250 manatı isə qaynanam və qaynatama verilir. Digər müavinətləri də qaynanam və qaynatam alır. Həmin vəsaitdən mənə və uşaqlarıma verilməyib. Artıq, bir ilə yaxındır ki, sənəd düzəltməklə məşğulam. Qaldığımız ev soyuqdur. Bir həftədir ki, uşaqlarım xəstəxanada müalicə alır".

Məsələnin hüquqi tərəflərini araşdırmaq qərarına gəldik. Hüquqşünas Bəhruz Bayramov "Hürriyyət.az"a deyib ki, sözügedən məsələdə nigahda olma faktının müəyyən edilməli olduğunu qeyd edib. Hüquqşünas əlavə olaraq deyib ki, bu cür məsələlərdə vərəsəlik münasibətləri tətbiq edilməlidir ki, sonradan problemlər yaşanmasın:

"Nigah rəsmi qeydiyyata alındığı zaman həyat yoldaşı sayılır. Amma, onlar faktiki nigahda olublar. Çünki, övladları var. Ümumiyyətlə, qan pulu və digər imtiyazları verən zaman birinci növbəli vərəsələr nəzərə alınmalıdır. Əgər, həyat yoldaşı rəsmi nigahda deyilsə, hər halda övladları var. Gələn müavinətlərin hamısı onlara ödənilməlidir. Amma, nədənsə bir nəfər seçilir və bütün müavinətlər həmin ailə üzvünə verilir. Nəticədə, bu cür problemlər yaranır. Bu mülki məcəllənin tələblərinə əsasən vərəsəlik qaydasında müəyyən olunmalıdır. Sözügedən məsələdə, şəhidin anasına pul vəsaiti verilib, amma rəsmi nigahın olmamasına görə övladlarına verilməyib. Nigahda olma faktı müəyyən edilməlidir. Əllərində olan sübutları məhkəməyə verib nigahda olma faktı təsdiq etdirilməlidir. Qanuna görə, dövlət qeydiyyatına alındıqdan sonra rəsmi nigah sayılır. Onların övladları olduğuna görə, faktiki nigahda olublar.   Vərəsəlik münasibətləri tətbiq edilməlidir ki, bu cür problemlər yaşanmasın. Əgər, şəhidin anası müavinətləri alıbsa, övladlarına da mütləq şəkildə ödənişlər düşür. Həyat yoldaşının faktiki nigahda olmamasını başa düşdük, bəs niyə övladlarına müavinət verilmir?...Onların ki, burda payı var. Ona görə də bu münasibətləri tətbiq etmək lazımdır. Hər şey vərəsəlik qaydasında aparılmalıdır. Şəhidin həyat yoldaşı nigahda olma faktını yaşadığı ərazi üzrə qeydiyyat şöbəsinə təqdim etməlidir. Onlar imtina cavabı verəndən sonra, məhkəməyə müraciət edib, nigahda olma faktının müəyyənləşdirilməsi üçün qətnamə çıxarılmalıdır. Sonda nigah şəhadətnaməsi verilə bilər".

Hüquqşünas Roman Qaraşov "Hürriyyət.az"a müsahibəsində bildirib ki, uşaqlar birbaşa olaraq atalarının varisi sayılır. Hüquqşünas vərəsəlik münasibətlərində ödənilən vəsait və digər imtiyazların həm övladlara, həm də valideynlərə şamil edildiyini deyib:

"Rəsmi nigah yoxdursa və həyat yoldaşı da xarici vətəndaşdırsa, təbii ki burda ailədən söhbət getmir. Qanunvericiliklə ailə olması üçün mütləq nigah şəhadətnaməsi verilməlidir. Eyni zamanda, nigah qeydiyyata alınmalıdır. Faktiki ailə münasibətini ailə məcəlləsi tanımır. Hətta kəbn və hər hansısa sübut  olsa belə, bu nigah münasibəti sayılmır. Bu faktiki olaraq, bir insanın bir yerdə yaşaması kimi qiymətləndirilir. Sadəcə olaraq, iki yetkinlik yaşına çatmış şəxsin bir yerdə yaşaması kimi qiymətləndirilir. Uşaqlara atalıq verilibsə, bir mənalı olaraq uşaqlar varis kimi bütün hüquqlara malikdirlər. Amma, qadın bu hüquqlara malik deyil. Yəni, qanunvericilik bunu deyir. Qanunvericilikdə bununla bağlı heç bir dəyişiklik olunmayıb. Təkcə şəhid ailələrinə deyil, ümumiyyətlə bütün ailələrdə belədir. Qanunda şəhid ailələri istisna hal kimi qeyd edilmir. Varisliklə bağlı vərəsəlik münasibətlərində ödənilən vəsait və digər imtiyazlar həm övladlara, həm də valideynlərə şamil edilir. Uşaqlar birbaşa olaraq atalarının varisi sayılır. Qanunla verilən müavinətlər həm uşaqlara, həm də valideynlərə şamil olunur. Uşaqların anası onların addından qəyyum kimi çıxış edə bilər. Övladlarının adından  müraciət də edə bilər. Müraciətinə uşaqların doğum haqqında şəhadətnamələrini əlavə edərək,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə və yerli icra orqanlarına göndərməlidir. Əgər, müraciəti təmin edilməzsə, uşaqlara çatacaq mirasla bağlı məhkəməyə müraciət edə bilər".

YƏHYA