Saat:19:20
Haqqımızda

Şəhidin 40-cı doğum günü qeyd olundu - FOTO

2024-09-03 14:48:19

Şəhidin 40-cı doğum günü qeyd olundu - FOTO

Vətən, torpaq uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu yolu seçənlər isə heç zaman ölmürlər. Məhz Masallı elinin igid oğlu Namiq Bağırovun nəsibi də şəhidlik zivəsindən boylanan səadəti  oldu.  İndi o, cismən aramızda  olmasa da, mənən qəlblərdə yaşayır, hər an ehtiramla xatırlanır.

Bu günlərdə rayon Mərkəzi Kitabxanasında sinəsini doğma Azərbaycana sipər edib, məkrli düşmənə layiqli cavab verən qalib şəhid Namiq Bağırovun anadan olmasının 40-cı ildönümü münasibətilə tədbir baş tutub. Tədbir iştirakçılar tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik anmaqla başlanıb.

İlk söz alan kitabxananın əməkdaşı Rəşad İsmayılov şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışaraq bildirib ki,  yağı düşməndən qisas alaraq doğma Vətən torpaqlarının azad etmək məqamı yetişəndə  Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi  altında minlərlə qeyrətli oğul özünü odun-alovun içinə atdı. Düşmən üzərində qazanılan tarixi  qələbədə ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərin şücaəti  bütün dünyanı heyrətə saldı.  Namiq Bağırovun timsalında igid Vətən oğullarının dövlət və xalq qarşısında  misilsiz xidmətləri heç zaman unudulmaz, örnək olaraq nəsillərdən-nəsillərə ötürüləcək. 

Kitabxananın digər əməkdaşı Lətafət Əlirzayeva ölümsüzlüyə qovuşan qəhrəmanın həyat yolundan daha geniş söz açıb: - Quru Qoşunlarının çavuşu Namiq Bağırov 1984-cü ildə Masallı rayonunun Çaxırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra, 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Həyatın önəmli hissəsini  Vətən  torpaqlarının  müdafiəsinə həsr edən, doğma yurdun düşmən işğalında qalması ilə barışmayan  Masallının igid oğlu  2020-ci il 27 sentyabrında başlanan  İkinci Qarabağ  müharibəsində sözün əsl mənasında tarix yazıb. O, 6 oktyabrda  Füzulinin qəsbkarlardan xilas olunması uğrunda gedən döyüşlərdə  son damla qanına qədər döyüşərək şəhidlik məqamına yetişib. Milyonların ürəyində özünə əbədi yurd-yuva quran şəhid Namiq Firudin oğlu Bağırov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”,  “Cəsur döyüşçü”,  Füzulinin,  Cəbrayılın azadlığına   görə medalları ilə təltif olunub.

Zəfər ORUCOĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.258109