Saat:14:15
Haqqımızda

Şəhid portetlərində mənəvi rahatlıq tapan rəssam

2021-10-19 11:50:00

Şəhid portetlərində mənəvi rahatlıq tapan rəssam

 

“...Ara-sıra sadəcə gözləri qapamaq və bu qaranlıq içərisində öz-özünə “mən sehrbazam” pıçıldamaq cox əyləncəlidir.

Biz əbədiyyət üzərindən keçən, zaman dənizi üzərində salınmış körpüyük. O zaman dənizində macəralara sevinirik, canlı sirlərə heyrətlənirik, özümüzə faciə, qələbə, əməllər, ağlagəlməz hadisələr seçirik, bununla hər dəfə sevgi və yalnız sevgini öyrənərək özümüzü sınayırıq”

 

Heydər Əliyev prospekti ilə hərəkət edərkən ətrafınıza boylansanız, divarlardan sizə boylanan doğma baxışları görəcəksiniz...

Bu baxışları bizlərlə görüşə gətirən gənc rəssam Tural Səlimzadədir. Özü  demişkən, şəhid qardaşlarının şəkillərini divarlara həkk edərək onlara olan minnətdarlığını, vəfa borcunu ödəməyə çalışıb.

Bir zamanlar doğma yurd-yuvalarından didərgin düşmüş kəlbəcərlilərdən biridir Tural. 30 il torpaq, doğma el-oba həsrətilə böyüyüb coxları kimi...

Nəhayət, 2020-ci il 44 günlük Vətən müharibəsindəki Zəfər marşı bütün həsrətlərə son qoyub... Baxmayaraq  ki, o, Vətənə olan borcunu qaytarmaq arzusu ilə dəfələrlə könüllü olaraq cəbhəyə gedənlər sırasına yazılıb, amma istəyinə nail ola bilməyib. Gənc rəssam deyir ki, “həmyaşıdlarım doğma Vətən uğrunda ölüm-dirim döyüşlərinə qatılanda mən özümə yer tapa bilmirdim...”

Bəlkə də elə bu nisgil onu öz sənətilə şəhid oğulları əbədiləşdirməyə doğru aparan yolda  ilk addım oldu...

Daha öncələr hamı kimi sıradan bir həyatı, sevdiyi işi vardı. Bütünlükdə olmasa da, yenə də yolu sənətdən keçirdi. İşinin yanı-sıra rəsmə və təsvirə olan həvəsini də içində boğmayıb, tam tərsi, fürsət düşdükcə özünü sınamağa, bu işin bilicilərindən məsləhətlər almağa da vaxt ayırıb(Qeyd edək ki, istedadlı rəssam bu sahə ilə bağlı heç bir təhsil almayıb. Bu, ailədən, genlərdən gələn bir yetənəkdir).

Təsadüfmü deyək, Allahın insanın saf niyyətlərindən hali olunca ona göndərdiyi mükafatmı deyək, bilmirəm, ya arzuların gerçəkləşməsimi...

Qarabağ Zəfərinə gedən yolun başlanğıcında öz ölümü ilə cığır açan general Polad Həşimovun rəsmini çəkməklə başlayır Tural Səlimzadə... İlk işi olsa da, nəticələr onu ruhlandırır. Bəzən içində tərəddüd etsə də, bu sahəni bilənlərdən esitdiyi dəstəkyönlü fikirlər onu daha da ürəkləndirir.

Bu günə qədər 50-yə yaxın şəhidin şəklini işləyib

Aylardır bu amal uğrunda  ölkənin müxtəlif rayon, kənd və qəsəbələrindən keçir yolu. Hər evdə yarım qalmış arzular, göz yaşı , övladını qara torpağa tapşıran anaların fəryadı, atasız qalmış körpələrin nisgili...

Rəssam deyir, nə qədər ağır olsa da, mən onlarla bərabər yaşamaq istəyirəm bütün bu acıları. Məncə, bu yalnız şəhid yaxınlarının dərdi olmamalıdır. Canını Vətəninə, xalqına fəda etmiş  qəhrəmanlar hər evin, hər ocağın sızlayan sol yanı olmalıdır...

Xarakter olaraq özünə qapalı, çərçivələrlə özünə sərhədlər ayarlamış biri olsa da, portretini çəkdiyi hər şəhidlə dərdləşməyə başlayıb, onlarla düşüncələrini paylaşıb... Portretlərini çəkdikcə mənəvi rahatlıq tapıb...

Artıq bir ilə yaxındır, demək olar ki, hər gün, hər həftə, hər ay şəhid yaxınlarının istəklərini yerinə yetirmək üçün bölgə-bölgə gəzib dolaşır....

Sənətdə gəldiyi bu yerlərə  görə yalnız şəhidlərə borclu olduğunu bildirən gənc rəssam heç yorulmadan bütün şəhid yaxınlarının istəklərini yerinə yetirməyə çalışacağını xüsusilə vurğulayır:

“Şəhid analarına, yaxınlarına  bir zərrə təsəlli ola bilmək, onların dərdini paylaşmaq mənim həyatıma anlam qatan ən qiymətli dəyərdir...”

Ayşə Ozan

 

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR