Saat:06:18
Haqqımızda

Şəhid məzarlarından Türkiyə bayraqlarını kim(lər) yığışdırıb? – MN susur, ekspertlər “araşdırılsın” deyir

2022-09-28 17:05:00

Şəhid məzarlarından Türkiyə bayraqlarını kim(lər) yığışdırıb? – MN susur, ekspertlər “araşdırılsın” deyir

Sosial şəbəkələrdə şəhidlərimizin məzarından Türkiyə bayraqlarının götürülməsinə dair görüntülər yayılıb. Baş verənlər geniş müzakirələrə, ciddi narazılıqlara yol açıb. Hər kəs istər Vətən müharibəsindən qabaq, istərsə də ondan sonrakı dönəmlərdə hər zaman dövlətimizin yanında olan, xalqımıza daimi dəstək verən qardaş Türkiyə dövlətinin bayraqlarına edilən hörmətsizliyi qınayıb. Cəmiyyəti maraqlandıran əsas digər məqam isə bu hadisənin yaşanmasında “əli” olan olanların kimliyidir.

Millət vəkili Fazil Mustafa Feysbuk hesabında paylaşım edərək baş verənləri tənqid edib: “Şəhid məzarlarının üstündən qardaş Türkiyənin bayrağının götürülməsi yanlış addımdır. Kimlər edibsə, dərhal bu yanlışı düzəltməlidir. Şuşa Bəyannaməsini unudublar, yəqin. Deyəsən unudublar ki, Şəhidlər Xiyabanında uyuyan Qafqaz-İslam Ordusunun 1300 əsgəri Azərbaycanın istiqlalı üçün şəhid olub. Azərbaycan və Türkiyə qardaş olduqları üçün onların şəhidləri də birlikdə anılmalı, bayraqları birlikdə dalğalanmalıdır”.

Baş verənlərlə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənməyə çalışsaq da, sorğumuza cavab verilmədiyi üçün ekspertlərə üz tutduq.

Türkiyə bayraqlarını məzarlara şəhid anaları taxıb…

Politoloq Turab Rzayev Sfera.az-a açıqlamasında baş verənlərin heç bir məntiqi izahının olmadığını bildirdi:

“Əvvəla, Türkiyə Azərbaycanın müttəfiqidir, “Şuşa Bəyannaməsi”nin imzalanması ilə iki ölkə arasında hərbi müttəfiqlik daimi şəkil alıb. Belə olan halda Türkiyə və Azərbaycan bayraqlarının yanaşı olmasından daha təbii nə ola bilər? İkinci və əsas məsələ odur ki, həmin bayraqları məzarlara şəhid anaları taxıb. Kimsə övladının məzarı üstündə Azərbaycan və Türkiyə bayrağını görmək istəyisə, bu, onların mənəvi haqqıdır və buna heç kim qarışa bilməz. Üçüncü məsələ, şəhidlərimiz döyüşə gedərkən onların qollarında, ciblərində və sinələrində Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı olub. Hər bir Azərbaycan vətəndaşı evində, dükanlarında və digər yerlərdə nəinki Azərbaycanın, həmçinin Türkiyənin, hətta Pakistanın da bayrağını asırdılar. Şəxsən mən bir neçə şəhid ailəsi tanıyıram ki, onların evində bu dəqiqə də Türkiyə və Azərbaycan bayraqları yanaşı asılıb. Vəziyyət belədirsə, o zaman kim və hansı haqla bu addımı atıb? Baş verənlərdə əli olanlar Müdafiə Nazirliyində türkçülük və millilikdən uzaq olan şəxslərdir, yoxsa bu, icra hakimiyyətinin qanunsuz, məntiqsiz və antimilli qərarıdır? Fərq etməz, hansı qurumun qərarı olursa olsun, kimin haqqı var ki, türk bayrağını şəhidlərimizin məzarı üzərindən götürsün? Hətta həmin bayraqlardan biri məcburi şəkildə geri qaytarılıb, deyilənə görə, general şəhidimiz Polad Həşimovun anası Səmayə xanım israrla oğlunun məzarı üzərindən Türkiyə bayrağının götürülməsinə imkan verməyib. Belə bir vəziyyətdə bizim Türkiyə bayraqlarına hörmətsizlik etməyə haqqımız yoxdur. Kimlərsə siyasi qərar verə bilər, amma xalqın istəyi və sevgisinin qarşısını kimsə ala bilməz!”.

Xəyanətin nədən qaynaqlandığı araşdırılmalıdır!

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov hesab edir ki, bütün bunlar Azərbaycanın düşmənlərinin, xalqımızı rusun ayağının altında qoymaq istəyənlərin, millətimizi kökündən baltalamaq istəyən gizli xainlərin əməlidir:

“Bu gün qardaş Türkiyə hər mənada Azərbaycanın yanındadır. Ali Baş Komandanımız da dəfələrlə beynəlxalq tribunalarda Azərbaycan-Türkiyə kimi qardaşlığın digər nümunəsinin olmadığını vurğulayıb. Belə olan halda, kimlər Türkiyənin bayrağına əl uzada bilər? Hətta Pakistanın bayrağı da bizə əzizdir. Çünki onlar 30 ildən sonra torpaqlarımızın alınmasında bizə həlledici dəstək verdilər, bu gündən sonra da hər zaman dövlətimizə dəstək olmağa hazırdırlar. Ona görə də aidiyyəti qurumlar bu məsələni araşdırmalı, belə bir xəyanətin haralara gedib çıxdığını öyrənməlidir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR