Saat:15:22
Haqqımızda

Şəhər prokurorluğu Baş prokurorun birinci müavininin qərarını necə ləğv edib? – BAKIDA 52 SOT TORPAQ SAHƏSİ QANUNSUZ OLARAQ ƏLƏ KEÇİRİLİB

2024-10-01 11:19:33

Şəhər prokurorluğu Baş prokurorun birinci müavininin qərarını necə ləğv edib? – BAKIDA 52 SOT TORPAQ SAHƏSİ QANUNSUZ OLARAQ ƏLƏ KEÇİRİLİB

Bakı şəhər sakini Cabbarov Teymur Fəxrəddin oğlu tərəfindən “Hürriyyət”ə şikayət daxil olub. Belə ki, redaksiyamıza gələn T.Cabbarov Bakı şəhərində mərhum atasına məxsus olan 52 sot torpaq sahəsinin onun şəriki tərəfindən qanunsuz olaraq satıldığını və pulunun mənimsənildiyini bildirib:

1994-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə atam Cabbarov Fəxrəddin Ziyadxan oğluna Babək prospekti, 2269-cu məhəllədə müddətsiz olaraq istehsalat təyinatlı 52 sot torpaq sahəsi verilmişdir. Bundan sonra “Dədə Qorqud – 10” kiçik müəssisəsinin ərazisi olan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə olunmuşdur. Atam rəhmətə gedəndən sonra onun şəriki Ələsgərov Xəlil Məhərrəm oğlu və atamın ikinci həyat yoldaşı Məmmədova Kifayət Məmməd qızı əlbir olaraq, müəssisənin torpaqlarını satıb, talan etmişlər”.

T.Cabbarov deyir ki, sonradan həmin ərazidə qanunsuz olaraq evlər tikilmişdir. Bu hadisədən sonra - 2018-ci ildə o, bacıları Cabbarova Aynur Fəxrəddin qızı və Cabbarova Nuranə Fəxrəddin qızı atalarının qanuni varisləri olaraq öz haqlarını hüquq müstəvisində əldə etməyə qərar veriblər. Bu məqsədlə Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Hakim 27 aprel 2008-ci ildə Elnur Nağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində onların iddiası təmin olunub. Belə ki, məhkəmə Nizami rayonu, Babək prospekti, 2269-cu məhəllədə yerləşən “Dədə Qorqud – 10” kiçik müəssisəsinə məxsus sahədə inşa edilən evlərin sökülməsi, torpaq sahəsinin boşaldılması haqda qərar qəbul edib...

Teymr Cabbarov vurğulayır ki, daha sonra - 2019-cu ildə Nizami Rayon Prokurorluğu məhkəmənin xüsusi qərardadı əsasında Məmmədova Kifayət Məmməd qızı barəsində cinayət işi açıb: “İstintaqda bir epizod üzrə Məmmədova Kifayət Məmməd qızı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunub. Lakin cəmi bir gün sonra Bakı Şəhər Prokurorluğu cinayət işini müstəntiqdən alıb. Müəyyən müddət keçdikdən sonra isə həmin cinayət işinə xitam verilib”. Şikayətçi bu fikirdədir ki, görünür, Ələsgərov Xəlil Məhərrəm oğlu və Məmmədova Kifayət Məmməd qızı Bakı Şəhər Prokurorluğunda kimlərləsə əlaqə yaradaraq, nəyinsə müqabilində cinayət işini Nizami Rayon Prokurorluğunda xitam etdiriblər.

“Bundan sonra, biz Baş Prokurorluğa müraciət etdik. Nəticədə Baş prokurorun birinci müavini Elçin Məmmədov belə bir qərar verir ki, “Nizami rayon prokuroru Pərviz İbayevin cinayət işinin icraatına xitam verilməsi haqqında 24 fevral 2020-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilsin və icraat təzələnsin”. Həmçinin, E.Məmmədovun imzası ilə əlavə istintaqın davam etdirilməsi üçün cinayət işi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Lakin Bakı Şəhər Prokuroluğu 1 il 4 ay ərzində müstəntiqlərə həmin cinayət işinin araşdırılması üçün imkan verməyib. “Orada Ələsgərov Xəlil Məhərrəm oğlu ilə üzləşmə oldu, 1 gün sonra isə Bakı Şəhər Prokurorluğu yenə həmin cinayət işini gəlib apardı. Daha sonra isə Elçin Məmmədovun qərarı ləğv edildi və cinayət işini yenidən Nizami Rayon Prokurorluğuna göndərildi”, - deyən Teymur Cabbarov əlavə edir ki, atasının qurub-yaratdığı “Dədə Qorqud – 10” kiçik müəssisəsinə məxsus 52 sot torpaq sahəsi qanunsuz olaraq, yəni heç bir rəsmi sənəd imzalanmadan satılıb. Halbuki, məhkəmə həmin torpaq sahəsini qanuni yollarla 6 nəfər vərəsə arasında bölüb. Buna baxmayaraq, Məmmədova Kifayət Məmməd qızı istisna olmaqla, qalan 5 vərəsəyə pay düşməyib.

Şikayətçi deyir ki, bütün bunlardan sonra Nizami Rayon Prokurorluğunu məhkəməyə veriblər: “Məhkəmə xitam qərarının qanunsuz olduğu haqda qərar çıxarıb. Bu dəfə də cinayət işi uzun müddət gizlədildi və daha sonra yenidən Nizami Rayon Prokurorluğunun istintaq şöbəsinə göndərildi. 2021-ci ildən iş orda olsa da, yuxarıdan verilən göstəriş əsasında Nizami Rayon Prokurorluğu heç nə edə bilmir”.

Teymur Cabbarov deyir ki, sözügedən torpaq sahəsinin satışı zamanı ümumilikdə 1 milyon manatdan dan artıq mənimsəmə həyata keçirilib. O deyir ki, ərazi qanunsuz olaraq satıldığından, hazırda həmin torpaq sahəsində tikilən evlərin heç birinin sənədi yoxdur.

“İndi müstəntiqə sual verirəm ki, məhkəmə qərarlarını niyə icra etmirsən? Deyir ki, prokuror bu qərarı icra edəcəyim halda, məndən təqdimat yazacağını bildirib. Bir sözlə, prokurorluq məsuliyyəti müstəntiqin, müstəntiq də prokurorluğun üzərinə atır. Çox maraqlıdır ki, illərdir, prokurorluq Ələsgərov Xəlil Məhərrəm oğlu və Məmmədova Kifayət Məmməd qızını rəsmi qaydada qoruyur, az qala aparıb evlərində gizlədəcəklər”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229593