Saat:07:13
Haqqımızda

Səhər Əhməd: “Özümü şairliyə qoyub, övladlarımın həyatını qaralda bilmərəm”

2022-05-24 12:53:00

Səhər Əhməd: “Özümü şairliyə qoyub, övladlarımın həyatını qaralda bilmərəm”

“Sözlə oynamaq mənim üçün hobbiyə çevrilib”

“Elə sədlər var ki, hələ də onları aşmamışam...”

“Dünənki sənlə bugünkü sən arasında fərq var...”

 

“Səmimi söhbət”in bu dəfəki qonağı yazıçı, şair Səhər Əhməddir. Səhər xanımın şeir və hekayələri, publisistik yazıları geniş oxucu auditoriyasına yaxşı tanışdır. Bir müddət "Xəzər" jurnalı redaksiyasına rəhbərlik edən Səhər Əhməd hazırda fərdi yaradıcılıqla məşğuldur. Şeirləri "Azərbaycan", "Ulduz" jurnallarında, qəzetlərdə və internet saytlarında yayımlanır.

                                                   1653310367598.jpg

- Səhər xanım, siz bu gün ədəbiyyat aləmində də, jurnalistika sahəsində də, o cümlədən televiziya məkanında da kifayət qədər tanınırsınız. Əsərləriniz təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə, Azərbaycanımızın Güneyində, eləcə də ingilisdilli qaynaqlarda  dəfələrlə nəşr olunub. Bədii qiraət ustaları şeirlərinizə dönə-dönə, sevə-sevə müraciət edir. Güney Azərbaycanda şeirləriniz, xüsusilə də “Ay qız” şeiriniz çox sevilir. Qeyd etdiyim kimi, televiziya aparıcısı kimi də özünüzü təsdiq etmisiniz, artıq öz tamaşaçınız var. Təbii ki, bütün bu uğurlara bir günün içərisində nail olmamısınız, müəyyən bir yol qət etmisiniz.  Uğura aparan yol  adətən enişli-yoxuşlu, keşməkeşli olur. Mümkünsə, bu haqda eşitmək istərdik.

- Xoş sözlərinizə görə sağ olun. Doğrusu, heç vaxt yaradıcılığa karyera kimi yanaşmamışam. Yəni burada birxətli olaraq irəli getmək, nələrsə qazanmaq haqda düşünməmişəm, belə bir iddiam olmayıb. Ona görə də müxtəlif maneələr yaratmaq istəyən, yaxud məni mənfi enerjisi iə yükləməyə çalışan insanlara heç vaxt fikir verməmişəm. Çünki, dediyim kimi, yaradıcılıqdan xüsusi istəyim olmayıb. Mənim üçün şeir yazmaq, yaradıcılıqla məşğul olmaq həyat tərzidir. Başqa işlərimlə paralel düşüncələrimi, hisslərimi yazmışam. Hisslərimi ifadə etmək qabilliyyətimin olduğuna görə həmişə Tanrıya şükür etmişəm və yavaş-yavaş buna elə alışmışam ki, artıq  sözlə oynamaq mənim üçün əlavə bir hobbiyə çevrilib. Məncə, əsl yaradıcılıq məhz belə olmalıdır. Yaradıcı insan yaradıcılqan nəsə ummalı deyil. Bu sanki bir futbolçunun topa olan münasibəti, topla oyunudur. Yəni necə ki, bir rəssam öz fırçası ilə yalnız yaxşı bir əsər yaratmağı düşünür, ondan o tərəfi düşünmür, eləcə də əsl şair, əsl yazıçı yazdıqlarına onu zirvəyə ucaldacaq bir vasitə kimi yanaşmır, sadəcə rəssam fırçanı, futbolçu topu seçdiyi kimi, o da özünə sözü seçir və onunla hər gün daha gözəl oynamaqdan zövq alır.

 

- Siz əyalətdə dünyaya gəlmisiniz, orada boya-başa çatmısınız. Müəyyən yaşdan sonra paytaxta gəlib burada ailə təhsil almısınız, ailə həyatı qurmusunuz və artıq uzun illərdir ki, Bakıda yaşayırsınız. Paytaxta ilk gəlişinizi necə xatırlayırsınız? Əyalətdəki həyatınızla paytaxtdakı həyatınız, o zamankı Səhərlə bugünkü Səhər arasında nə kimi fərq var? Bütün bu illər ərzində qazandıqlarınız çox olub, ya itirdikləriniz? 

                                  1653310367539.jpg

- Təbii ki, qazandıqlarım çox olub. Ümümiyyətlə deməzdim ki, yaradıcılığa görə nə isə itirmişəm. Yenə deyirəm, mən yaradıcılığa xüsusi enerji sərf etməmişəm. Yaradıcılığa görə nədənsə vaz keçməmişəm. Təbii ki, yaradıcı insanın yaşamı, cəmiyyətə adaptasiyası bir az çətin olur. Mən də bununla qarşılaşmışam, amma bunu ətrafıma hiss etdirməməyə çalışmışam. Bilmirəm, bunu etməyim doğru olub, ya səhv, yəni “ay, mən şairəm, mənim hallarım var, mən başqalarından fərqlənirəm, mənim öz üsyanımı ifadə etmək hüququm  var” kimi düşüncələrim olmayıb. Əksinə, həyatım boyu çalışmışam ki, başqalarından fərqlənməyim, sıradan biri olum, şairlik həyatıma mane olmasın. Yəqin ki, bu səbəbdən bu günədək  ciddi itkilərim  olmayıb. Gənc olanda  düşünmüşəm ki, bunu valideynlərimə yaşatmağa haqqım yoxdur, ana olandan sonra isə düşünmüşəm ki, bunu övladlarıma yaşatmağa haqqım yoxdur. Çünki valideynlərim üçün övlad olmuşam, balalarım üçün isə anayam. Odur ki, özümü şairliyə qoyub onların həyatını qaralda bilmərəm. Bəlkə də özümdən çox başqalarını düşünmüşəm, onu deyə bilmərəm. Bəlkə özümdən nələri isə itirmişəm, özümdən nələri isə qurban vermişəm. Amma gözlə görünəcək bir itkim olmayıb.

O zamankı həyatımla bugünkü həyatım arasındakı fərqə gəlincə isə, ali təhsil almaq üçün əyalətdən paytaxta gəlib burada yaşayan insanlarda necədirsə, məndə də elədir.  Təbii ki, yaşın da böyük əhəmiyyəti var. Ümumiyyətlə, həyatımın ayrı-ayrı mərhələlərinə - uşaqlığıma, gəncliyimə, tələbəliyimə baxanda elə bilirəm ki, o adam başqa adamdır. Çünki mən həmişə həyatımda, ətrafımda baş verənləri daha dərindən anlamağa çalışıram, psixoanalizlə maraqlanıram, öz üzərimdə işləyirəm və deyim ki, o zamankı Səhərlə indiki Səhər arasında çox fərq var, hətta dünənki sənlə bugünkü sən arasında belə fərq var. Mənə elə gəlir ki, hər kəsdə belədir.

                                                               

- Sizin hər bir şeiriniz özünəməxsusluğu, səmimiyyəti ilə seçilir. Maraqlıdır ki, bu şeirlərdən hansı daha çox avtobioqrafikdir? Yəni hansı şeirinizdə özününzü daha çox ifadə etmisiniz? Təbii ki, hər bir şeirinizdə sizdən nəsə var. Ümumiyyətlə, hər bir yaradıcı insan yaratdıqlarında özünü ifadə edir. Mənə görə, yaradıcılıq özünüifadə vasitəsidir. Amma söhbət daha çox avtobioqrafik olanından, özünüzü, həyatınızı, yaşantılarınızı daha dərindən ifadə etdiyiniz şeirdən gedir. Ümumiyyətlə, şeir yazmaq sizdə hansı ehtiyacdan doğur?

                                           1653310367564.jpg   

- Mən deyərdim ki, ümumiyyətlə bütün yaradıcılığım avtobioqrafikdir. Şeirlərimdə hər zaman öz hisslərimi, duyğularımı ifadə etmişəm. Hekayələrimin əksəriyyəti şahidi olduğum hadisələr əsasında yazılıb. Daxilimdən keçirə bilmədiyim hissi, müşahidə nöqtəmdən yayınan hadisəni təsvir edə bilmirəm, daha doğrusu, bunu etmək içimdən gəlmir. Heç vaxt hansısa hazır mövzuda yazmamışam. Çünki buna ehtiyacım yoxdur. Mən yalnız özümü məşğul edən mövzuları yazıram. Məni yalnız özümün cavabını tapmaq istədiyim suallar düşündürür. Bu baxımdan, şeirlərimin əksəriyyətində sırf özümü yazmışam. Elə şeirim var ki, orada həyatımın hansısa bir gününü təsvir etmişəm. Bu cür şeirlərdən xoşum gəlir, çünki onlarda həyatımdan bir gün, gerçək yaşantılarım var. Misal üçün, o qəbildən olan, özümün çox sevdiyim şeirlərdən birində deyirəm:

Bu gün yeni şeir yazdım,

Bir də təzə dərs keçdim.

Ədəbiyyatdan lirik növ,

Dildən sonor səs keçdim.

 ***

Əzizlədim şagirdləri,

Başların sığalladım.

Ən çox ən dəlisovların,

Ən çox ən cığalların.

***

Nə satıcı hirsləndirdi,

Nə bir "QAİ" saxladı.

Bu gün açıb qollarımı

Həyatı qucaqladım.

***

Oğlumla futbol oynadım,

Qızımla mahnı qoşdum.

İtimlə şəkil çəkdirdim,

Pişiyimlə barışdım.

***

Suladım çiçəklərimi,

Bağdan nar dərib yedim.

Sonra ağacı oxşayıb,

Sağ ol, dadlıdır, - dedim.

***

Bu gün hər gündən biriydi,

Bu mən hər kəsdən biri.

Yazdığım şeirdən biri,

Keçdiyim dərsdən biri.

 

- Yaradıcı insan müəyyən mənada komplekslərdən azad insandır. Mənə elə gəlir ki, kompleksləri olan, özünə qapalı şəxs yaradıcı insan ola bilməz. Kompleksləri həmişə onu sıxacaq, arxaya çəkəcək, özünü bütünlüklə ifadə etməsinə mane olacaq. Xüsusilə bu şairlərə, özü də kişilərdən daha çox, qadın şairlərə aiddir. Çünki qadınlar kişilərlə müqayisədə daha emosionaldırlar, hiss və duyğularını daha çılğın şəkildə ifadə edirlər. Siz necə, komplekslərinizdən arınmaq üçün öz üzərinizdə işləməli olmusunuz, ya təbiətən komplekssiz insansınız? Ümumiyyətlə, bir insan kimi özünüzü necə xarakterizə edərdiniz? 

                                            1653310367641.jpg  

- Xeyr, deməzdim ki, komplekssiz insanam. İndinin özündə də komplekslərdən tam azad deyiləm. Düzdür, uşaqlıq illərində daha çox komplekslərim vardı, indi xeyli rahatam. Amma hamının kompleks etdiyi bəzi məsələlər var ki, mən onları kompleksə çevirmirəm. Özüm üçün müəyyən etdiyim qanunlar var. Ədalətli saydığım sözü deyirəm, addımı atıram. Kimsə kənardan mənə başqa cür baxa bilər. Kimsə məni çılğın, demaqoq, hətta nankor belə adlandıra bilər. Amma davranışımın doğru olduğunu bilirəm deyə, özümə bunu etməyə icazə verirəm. Bu və buna bənzər müəyyən məsələlərdə məni komplekssiz adlandırmaq olar. Amma elə sədlər var ki, hələ də onları aşmamışam. Misal üçün, bəzi məsələlərə cəmiyyətin gözü ilə baxmaqdan xilas ola bilməmişəm. Özümə ətrafdakıların gözü ilə baxmaq, başqalarının fikrini nəzərə almaq kimi cüzi də olsa, komplekslərim qalmaqdadı. İnanmıram ki, yaradıcı insan bütün komplekslərdən azad olmalıdır. Xüsusilə də bizim ölkədə, bizim cəmiyyətdə bu bir az çətin məsələdir.

(Ardı var)

Söhbətləşdi: RUNA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR