Səfirlik işə qarışdı, Baş Prokurorluq göstəriş verdi, Fuad Məmmədov tərəfindən cinayət işi hələ də ört-basdır edilir... – RUSİYA VƏTƏNDAŞINA QARŞI DƏLƏDUZLUQ

2022-08-09 12:05:00

Səfirlik işə qarışdı, Baş Prokurorluq göstəriş verdi, Fuad Məmmədov tərəfindən cinayət işi hələ də ört-basdır edilir... – RUSİYA VƏTƏNDAŞINA QARŞI DƏLƏDUZLUQ

Rusiya Federasiyasının vətəndaşı Mamedov Vüqar Ağəli oğlunun rəsmi nümayəndəsi, etibarnamə əsasında onun hüquqlarını müdafiə edən Abdullayev Böyükağa Abdulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Vüqar Mamedovun adından yazılan həmin məktubu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Bildirirəm ki, sosial şəbəkədə internet üzərindən avtomobilini satmaq istəyən və Bakı şəhərində yaşayan  Vüsal Əkbərov adında şəxslə tanış olmuşam və Xəzər rayonu, Binə qəsəbəsi ərazisində sonuncu ilə görüşmüşəm.

Vəsiqə göstərərək özünü  DİN-nin əməkdaşı kimi təqdim edən  Vüsal Əkbərov, Lizinq vasitəsilə istifadəsində olan avtomobilini satmaq istədiyini bildirmişdir. Vüsal Əkbərov özünün polis əməkdaşı olduğunu, ədalətin, asayişin keşiyində durduğunu, dələduzlara, fırıldaqçılara qarşı barışmaz mübarizə apardığını söyləməklə, məni (Rusiya Federasiyasının vətəndaşı Vüqar Məmmədovu) tam inandırdıqdan sonra aramızda sövdələşmə baş tutmuşdur və avtomaşını mənə  satmışdır. 

Mən, Vüqar Mamedov isə, öz növbəmdə Rusiya Federasiyasında yaşayan atam ilə Vüsal Əkbərovu danışdırmışam. Vüsal Əkbərov şəxsi-adına olan VİSA vahid bank kartını həm mənim “Whatsapp” nömrəmə,  eyni zamanda atamın “Whatsapp” nömrəsinə göndərmişdir. Atam Mamedov Ağəli Sədrəddin oğlu Vüsal Əkbərovla dəfələrlə danışdıqdan sonra sonuncunun bank kartına avtomobilin dəyərinə uyğun olaraq iki dəfə RR (rus rublu) köçürmüşdür. Pulun köçrülməsini təsdiq edən Bank qəbzlərini isə sübut üçün mənə  göndərmişdir (Göndərilən pulların bank sənədlərini əlavə edirəm).

Bundan başqa, maşını idarə etmək üçün Vüsal Əkbərov mənə Lizinqdən etibarnamə alıb verərkən hər dəfə  Vüsal Əkbərova  467 manat pul ödəmişəm. Bu barədə pulun bank qəbz-sənədləri vardır. Vüsal Əkbərov bu minvalla  məndən 8 500 manat almışdır.

Əvvəllər olduğu kimi, dördüncü ayda da eynilə etibarnamə  vermək adı ilə Vüsal Əkbərov  məndən maşını götürmüş, “bir saata qayıdıram” deyərək, bir daha maşını geriyə  qaytarmamışdır.

Vüsal Əkbərova nə qədər zəng vurub əlaqə yaratmağa  çalışsam da, telefonuma cavab verməmişdir. Verdikdə isə mənə hədə-qorxu və hərbə-zorba gəlmişdir.

Nəhayət, mən (Vüqar Mamedov) DİN-nin 102 çağrı mərkəzinə zəng vurub, bu haqda məlumat vermişəm. Xəzər rayonu Polis İdarəsinin 3-cü Polis Bölməsində polis əməkdaşı  mənim  müdafiəmi  təşkil etmədən dindirmiş və səthi izahatımı  almışdır. Əslində, mən Azərbaycan əsilli olmağıma  baxmayaraq, Azərbaycan dilində yaxşı danışmağı və yaxşı yazmağı  bilmirəm. Polis mənim Rusiya Federasiyasının vətəndaşı olduğumu, yazmağı və danışmağı yaxşı bilmədiyimi  biləndən sonra hadisəyə heç bir əhəmiyyət vermək istəməmişdir.

Hörmətli redaksiya!

Bildirirəm ki, polis bölməsində heç bir araşdırma aparılmadığını gördükdən sonra mən Rusiya Federasiyasının Bakı şəhərində yerləşən səfirliyinə hadisə barədə məlumat vermişəm və köməklik istəmişəm. Rusiya səfirliyi isə öz növbəsində, vətəndaşının - mənim  pozulmuş hüquqlarımın  müdafiəsinə qalxaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğuna vətəndaşına qarşı törədilmiş qanunsuz olaylar barədə məlumat vermiş və qanuni tədbir görülməsini xahiş və tələb etmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə bağlı apardığı araşdırmanın nəticəsi barədə Rusiya səfirliyinə rəsmi  cavab vermişdir. Baş Prokurorluğun verdiyi məlumatda bildirilir ki, həmin material  Xəzər rayon Prokurorluğu vasitəsilə, Baş Prokurorluq tərəfindən tələb edilərək götürülmüş, öyrənilmiş və bütün halların tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə göstəriş verilmişdir.

Baş Prokurorluğun göstərişində bildirilir ki, “Vüsal Əkbərovun nə vaxt, hansı qiymətə, hansı şərtlər əsasında pul alması, həmin vaxt aralarında hər hansı müqavilə bağlanıb-bağlanmaması, həmin alqı-satqının hansı şəxslərin iştirakı ilə baş tutması, Vüsal Əkbərovun sonradan avtomaşını hansı səbəbdən aparması, buna icazə verilib-verilməməsi və Vüqar Mamedova hansı məbləğdə ziyan vurulması xüsusatları araşdırılsın, Vüsal Əkbərovun şəxsiyyəti və olduğu yer müəyyən edilsin, izahatı alınsın, şahidlər dindirilsin. Vüsal Əkbərovun əməllərinə obyektiv hüquqi qiymət verilsin”(Baş Prokurorluğun səfirliyə təqdim etdiyi cavab məktubunu sizə təqdim edirəm). 

Baş Prokurorluq bu kimi göstərişlər verdikdən sonra sənədləri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nə qaytarmışdır.

Baş Prokurorluğun səfirliyə verdiyi cavab məktubundan da tam aydın görünür ki, prokurorluq işi tələb etdiyi, araşdırma apardığı və səfirliyə məlumat verdiyi günə kimi həqiqətən də polis heç bir araşdırma aparmamışdır. Hətta Vüsal Əkbərovun yerini belə müəyyənləşdirməmişdir. Bunu Baş Prokurorluq verdiyi cavab məktubu ilə tam təsdiq edir.

Hörmətli redaksiya!

Bildirirəm ki, Xəzər rayon Polis İdarəsi Baş Prokurorluq tərəfindən aldığı rəsmi göstərişdən sonra,  guya sonradan bilmişdir ki, 9 aydır Vüsal Əkbərovun barəsində Binəqədi rayon Polis İdarəsində AR.CM-nin 178.3.2 maddəsi ilə  cinayət işinin istintaqı aparılır. Xəzər rayon polisi Baş Prokurorluğun göstərişlərinə-filan baxmadan, heç bir araşdırma aparmadan əvvəllər topladığı yarı-yarımçıq  materialı və tərtib etdiyi əsassız arayışı (Arayışın əsassız olduğunu Baş Prokurorluq verdiyi cavab məktubunda qeyd etmişdir) Vüsal  Əkbərovun barəsində aparılan cinayət işinə əlavə edilməsi üçün Binəqədi rayon Polis İdarəsinə göndərmişdir.

Çox-çox təəssüflər olsun ki, bu günə kimi işlə bağlı heç bir araşdırma aparılmamışdır. Hətta Baş Prokurorluğun verdiyi konkret göstərişlərə belə əməl edilməmişdir.

Heç bir araşdırılma aparılmadığı üçün zərərçəkmiş  şəxs  olaraq, hüquqlarımı müdafiə edən, səlahiyyətlərimi yerinə yetirən nümayədəmlə birlikdə Binəqədi rayon prokurorunun - Fuad Məmmədovun qəbulunda olmuşuq. Rusiya vətəndaşı olmağımla bağlı və mənə qarşı törədilmiş qanunsuz hərəkətlər barədə prokurora ətraflı məlumat vermişik.

Bildirmişik ki, Binəqədi rayon Polis İdarəsində  barəsində cinayət işi gedə-gedə Vüsal Əkbərov Xəzər rayonu ərazisində   mənə qarşı təkrar eyni əməli, cinayəti törətmişdir. 3-cü Polis Bölməsi  isə Vüsal Əkbərovun Barəsində Binəqədi RPİ-də cinayət işi aparıldığını bilə-bilə, cinayətin üstünü ört-basdır etməyə cəhd göstərmişdir. İşin hal-hazırda Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində olduğunu Prokurorun dönə-dönə diqqətinə çatdırmışam. Bu səbəblərə  görə də Fuad Məmmədovdan prosesual rəhbərliyi həyata keçirən prokuror kimi işi nəzarətə götürməsini xahiş etmişəm.

Əfsuslar olsun ki,  Binəqədi rayon prokuroru Fuad Məmmədova törədilmiş cinayətlə bağlı verdiyimiz ətraflı  məlumatdan sonra da, bu günə kimi Xəzər rayon Polis İdarəsi tərəfindən göndərilmiş materialın Vüsal Əkbərovun barəsində Binəqədi Rayon Polus İdarəsində aparılan cinayət işi ilə birləşdirilməsinə icazə verməmişdir.

Hətta Baş Prokurorluq tərəfindən Rusiya səfirliyinə verilən cavab məktubunda göstərilən, araşdırılması vacib və  tələb edilən xüsusatlar da  bu günə kimi araşdırılmamış, dəqiq desək, rayon prokuroru qarşısını almışdır.

Hörmətli redaksiya!

Sizdən müraciətimi olduğu kimi çap etməyinizi və mənə qarşı törədilən cinayətin üstünün Binəqədi rayon prokuroru tərəfindən bu günə kimi ört-basdır edildiyini ictimaiyətin və Azərbayvan Respublikasının Baş Prokurorluğunun diqqətinə çatdırmağınızı xahiş edirəm.

Məlum cinayıt işinin gedişi ilə bağlı sizə gələcəkdə məlumat verəcəyəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058987