Saat:07:57
Haqqımızda

Səfərbərlikdən yayınıb Azərbaycana gələn soydaşlarımızı nə gözləyir?

2022-09-27 09:44:00

Səfərbərlikdən yayınıb Azərbaycana gələn soydaşlarımızı nə gözləyir?

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra qonşu ölkədə yaşayan və Rusiya vətəndaşlığı olan azərbaycanlılar qəliz durumla üzləşiblər. Gələn məlumatlara görə, adına çağırış göndərilmiş və göndəriləcək soydaşlarımız Ukraynada mənasız ölümə tuş gəlmək, Ukrayna xalqına qarşı vuruşmaq istəmirlər. Odur ki, Rusiyadan çıxmağın yollarını axtarırlar. Bəziləri min bir çətinliklə də olsa, artıq Azərbaycana gəlib. Səfərbərlik elan ediləndən öncə gələnlər də var.

Qeyd edək ki, 22 fevral 2022-ci il Moskva bəyannaməsində aşağıdakı bəndlər də yer alır:

Bənd 7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.

Bənd 11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

Bənd 17. Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.

Bundan əlavə, bəllidir ki, Putinin imzaladığı fərmanla fərariliyə görə 10 il həbs cəzası nəzərdə tutulur. O halda beynəlxalq axtarışa verilmiş, Rusiya vətəndaşı olan və ölkəmizə sığınmış azərbaycanlıların taleyi necə olacaq? Geri göndəriləcəklərmi?

Əlavə edək ki, Rusiya prezidenti yanında İnsan hüquqları üzrə Şuranın (İHŞ) sədri Valeri Fadeyev Rusiyaya gələn və Rusiya pasportu almış əmək miqrantları və digər vətəndaşlar üçün hərbi yaşın 45 və ya 50 yaşa qədər artırılmasını təklif edib.

“Rusiya Konstitusiyasına əsasən, vətənin müdafiəsi Rusiya Federasiyasının hər bir vətəndaşının uzunmüddətli öhdəliyidir. Qanun anadangəlmə vətəndaşlıq almış şəxslərlə vətəndaşlığı qəbul edənlər arasında fərq qoymur”, - deyə Valeri Fadeyev söyləyib.

Bununla bərabər mövcud qanunvericiliyə görə, əgər miqrantların yaşı 27-dən yuxarıdırsa, o zaman onlar hərbi xidmətə çağırılmırlar və buna görə də hərbi ixtisas ala və ehtiyata düşə bilməzlər. Yaxın vaxtlarda İHŞ bu məsələ ilə bağlı Dövlət Duması və Rusiya Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmaq niyyətindədir.

Rusiyadan Azərbaycana gəlmiş soydaşlarımızın taleyi necə olacaq? Azərbaycan dövləti bu şəxsləri Rusiya tərəfinə təhvil verməlidirmi?

Tanınmış hüquqşünas Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, qanuna görə, vaxtilə Azərbaycan vətəndaşı olmuş şəxs sonradan Rusiya vətəndaşlığını qəbul edibsə, bu halda ölkəyə yalnız Miqrasiya İdarəsinin icazəsi əsasında gələ bilər: “İlkin olaraq 3 aylıq icazə verilir. Sonrada da müddət artırıla bilər. Ehtimalıma görə, Azərbaycan hökuməti ilk 3 ay üçün icazə verəcək, müddətin artırılmasına isə icazə verilməsi çətin olacaq. Rusiya da qonşularına xəbərdarlıq edib ki, onun vətəndaşlarına sığınacaq verməsinlər. Azərbaycan da ilk müddət bitəndən sonra şəxs geri qayıtmasa, onu deportasiya edəcək”.

Hüquqşünas deyir ki, Azərbaycana gələn Rusiya vətəndaşı seçim də edə bilər: “Mümkündür ki, Rusiya vətəndaşlığını qəbul edən şəxs qeyri-leqal olaraq Azərbaycan vətəndaşlığını da saxlayıb. Bu halda Rusiya dövlətinə müraciət edib Rusiya vətəndaşlığından imtina etməlidir. Bu cür müraciət Azərbaycan üçün qanuni əsas olacaq ki, onu Azərbaycan vətəndaşı kimi qəbul etsin, öz vətəndaşı kimi qorusun. Azərbaycan vətəndaşı digər dövlətin ərazisində cinayət törədibsə belə, Azərbaycan qanunlaırna görə, onun həmin dövlətə təhvil verilməsi yasaqdır. Tutaq ki, Rusiyada fərarilik edib, ancaq Azərbaycan vətəndaşıdır. Bu halda da həmin şəxs Rusiyaya təhvil verilə bilməz”.

Hüquqşünas bildirib ki, ikili vətəndaşlığa görə cəzalandırılmanı nəzərdə tutan maddə  Cinayət Məcəlləsindən çıxarılıb: “Əvvəllər Cinayət Məcəlləsində belə maddə vardı və ikili vətəndaşlığa görə cəzalandırma nəzərdə tutulurdu. Qeyri-qanuni olaraq ikili vətəndaşlığı olan şəxslər cəzalandırılırdı. Hazırda isə ikili vətəndaşlığı olan şəxslərin üzərinə vəzifə qoyulur ki, dövlət qurumlarına müraciət edərək Azərbaycan vətəndaşlığına xitam verilməsini istəsinlər”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR