Səfər Mehdiyev onları elə bir PROBLEMƏ ÜRCAH EDİB Kİ... - Prezidentə müraciət olundu

2022-08-25 16:45:00

Səfər Mehdiyev onları elə bir PROBLEMƏ ÜRCAH EDİB Kİ... - Prezidentə müraciət olundu

Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı komitənin sabiq sədri Səfər Mehdiyevin qanunsuz hərəkətlərindən Prezident İlham Əliyevə şikayət ediblər.


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
MÜRACİƏT

Hörmətli Cənab Prezident!

Yazıb Sizə bildiririk ki, biz dövlət qulluğunun xüsusi kateqoriyasına aid olduğumuzdan bizim xüsusi rütbəli şəxs kimi əmək pensiya hüququmuz 20 təqvim ili tamamında yaranmışdır. Lakin biz həmin hüququmuzdan istifadə etməyərək Gömrük Orqanlarında öz fəaliyyətimizi davam etdirmişik. Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2019-cu ilin iyulunda imzaladığı əmrlə bizə heç bir xəbərdarlıq edilmədən Gömrük Orqanlarında fəaliyyətimizə xitam verilmiş və pensiyaya çıxarılmışıq. Dövlət Gömrük Komitəsi pensiya haqqında məlumat vərəqəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə göndərmişdir.

Həmin məlumat vərəqəsində bizim işlədiyimiz dövrlərdə aldığımız digər əlavələr öz əksini tapmamışdır. Bizə çox az pensiya hesablanmışdır. Gömrük Komitəsi bunu onunla əsaslandırmışdır ki, 30 noyabr 2018-ci il tarixli 1362-V Q D-nömrəli Azərbaycan Respublikası Qanunu ilə 1.0.5.-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra (büdcədənkənar vasitələr hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) sözləri əlavə edilmişdir və həmin dəyişiklik 01 yanvar 2019-cu il tarixindən qüvvəyə minmişdir.

Qeyd edək ki, 2019-cu ilin yanvar ayından əvvəl pensiya hüququna çatmış gömrük əməkdaşları kütləvi şəkildə pensiyaya çıxdılar. Lakin içərisində biz də daxil olmaqla az sayda gömrük əməkdaşları iş fəaliyyətlərini davam etdirdilər. Amma Gömrük Komitəsinin rəhbərliyi bu işçilərin fədakarlığını nəzərə almayaraq 6 aydan sonra onların (biz də daxil olmaqla) müəyyən hissəsini heç bir xəbərdarlıq etmədən pensiyaya çıxartdılar. Hal-hazırda biz bizdən 6 ay əvvəl pensiyaya çıxmış eyni rütbəli, eyni iş stajına malik olan həmkarlarımızdan 2,5-3 dəfə az pensiya alırıq.

Bu cür pensiya hesablamalar nə hüquqa, nə ədalətə, nə də Sizin insanların rifahının, həyat tərzinin yaxşılaşdırılması üçün apardığınız siyasətə uyğun gəlmir. Bizim işlədiyimiz son dövrlərdə aldığımız maaş (baza maaşı 180-270 azn digər əlavələr 1500-2000 azn) pensiya hesablanarkən yalnız baza maaşı nəzərə alınmışdır. Digər əlavələr nəzərə alınmamışdır. Ancaq biz digər əlavələrin verilən günündən, yəni 2011-ci il tarixindən sosial sığortaya pul ödəmişik.

Yuxarıda göstərildiyi kimi, biz pensiya hüququmuzu göstərilən normativ hüququ aktlarda edilən dəyişikliklər qüvvəyə minənədək qazanmışıq. Həmçinin normativ hüquq aktlarda edilən dəyişikliklər bizim hazırda vəziyyətimizi ağırlaşdırır. Ona görə də sözügedən qanunun bu maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən bizə şamil edilə bilməz. Həmin bənddə göstərilir: «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir».

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15.05.2020 və 06.07.2020-ci il tarixli plenumlarının qərarında da göstərilmişdir ki, vətəndaşın işlədiyi müddətdə aldığı əmək haqqından və digər əlavələrdən məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilməyibsə, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır. Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.05. və 20.14-cü maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vətəndaş xidmətdə olduğu, yəni işlədiyi dövrlərdə əmək haqqına ödənilən əlavələrdən məcburi sosial sığortaya pul ödənilmişsə, birbaşa əmək pensiyasına hesablanmalıdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 1,3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Biz də həmin hüququmuzu 2017-ci ilin iyulun 1-dək əldə etmişik.

Cənab Prezident!

Bizim müraciətimiz əsasında bank tərəfindən bizə təqdim edilən əmək haqqı və digər əlavələrin bank çıxarışlarından görünür ki, yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq aldığımız əlavələrdən qanunda nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanına Dövlət Sosial Müdafiə Fonduna köçürülmüşdür.

Pensiyamızın düzgün hesablanmayaraq bizə ödənilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə dəfələrlə şikayətlər etməyimizə baxmayaraq aşağıdakı məzmunda bizə cavab bildirilmişdir: «Müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 24.06.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanı məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Eyni zamanda diqqətinizə çatdırırıq ki, müraciətinizdə qeyd olunan məsələlər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli 54-IIIQ nömrəli qanununun 5.3-cü maddəsinə (Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir) və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digərinə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli Qərarının 2.1-ci bəndində (Əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün kağız üzərində və ya elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna yaxud Fondun şəhər (rayon) şöbələrinə və ya Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edə bilərlər) əsasən tənzimlənir. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərindən görünür ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik».

Yazıb Sizə bildiririk ki, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun imzaladığı 2022-ci il 21 aprel tarixli 170 nömrəli qərarında isə göstərilir:

«Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli
437 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,

№ 10, maddə 1899; 2020, №9, maddə 1207)ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir”.

Bu qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir».
Verilən qərardan göründüyü kimi, 2022-ci il iyul ayının 1-dən etibarən gömrük orqanlarında pensiyaya çıxan əməkdaşlar 2019-cu il yanvar ayının 1-dən əvvəl çıxanlarla təxmini eyni pensiya alacaqlar. Ortada qalan 30-40 nəfər biz əməkdaşlarıq. Yəni bizdən əvvəl və bizdən sonra pensiyaya çıxanların bütün aldığı məvaciblər pensiyaya hesablanır.

Xahiş edirik, verilən bu qərarın bizə də şamil olunmağı üçün öz köməkliyinizi göstərəsiniz. Məcburiyyət qarşısında bir sıra məhkəmələrə etdiymiz müraciətlər nəticəsiz qalmışdır. Gömrük Orqanlarının fəaliyyətinin inkişafında bizim də əməyimiz danılmazdır. Biz də ümidvarıq ki, Siz bizim hüquqlarımızı bərpa etməyə köməklik edəcəksiniz.

Dərin hörmətlə:

Qazıbəyova Nəzakət Hacı qızı, Abbasov Musa Rəhim oğlu, Axundov Ramiz Rasim oğlu, Abdinov Elçin Əvəz oğlu, Bağırov Tofiq Əmir oğlu, Bağırov Yusif Bayraməli oğlu, Ələsgərova Mülayim Rüstəm qızı, Əlizadə Bəhrinur İsmayıl oğlu, Əliyeva Himayət Oruc qızı, Əliyev İlqar Fərman oğlu, Əliyev İbrahim Söhrab oğlu, Əfəndiyev Şərif Fikrət oğlu, Məmmədova Zöhrə Caməddin qızı, Məmmədov Ədalət Qibləli oğlu, Məhərrəmov İsməndiyar Məhəmməd oğlu, Nuriyev Eyvaz Bahadur oğlu, İmamquliyev Şaiq Məcid oğlu, İsmayılov Ələkbər Hüseyn oğlu, İsmayılov Baba Ələddin oğlu, Haqverdiyev Haqverdi Həsən oğlu, Hüseynov Elçin Hüseynqulu oğlu, Həsənov İlqar İslam oğlu, Hacıyev Əli Əmir oğlu.

«Təzadlar»


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055281