Saat:04:27
Haqqımızda

"Seçkilərdən kənar qalmaq, boykot etmək mənasız və yararsız addımdır" - NATİQ CƏFƏRLİ

2023-12-08 13:20:22

"Pozitiv gözlənti odur ki, prezident seçkilərindən həmən sonra referendum elanı oluna, illərdir danışdığımız sistemli, köklü problemlərin konstitutsional həll üçün şərait yarana bilər"

"Növbədənkənar prezident seçkiləri nədən elan edildi" Çox güman, bu sual çox insanı düşündürür, mən də çalışacam ki, öz ehtimallarımı yazım, müzakirə edək. Birincisi, son 3 ildə baş verənlər, ərazi bütövlüyünün və suverenliyimizin bərpası möhtəşəm hadisədir, Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki, buna nail ola bildi. Tarixi hadisədir və tariximizdə qızıl hərflərlə qalacaq. Təbii ki, Ali Baş Komandan kimi İlham Əliyevin bu məsələdə müstəsna rolu var. Əliyev 20 illik hakimiyyəti dövründıə heç vaxt bu qədər populyar olmayıb, reytinqi belə yüksəlməyib". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli qeyd edib.

Politoloq bildirib ki, siyasi nəzəriyyəyə görə reytinqin ən pik növtəsində siyasətçilər seçkiyə gedib "güvən təzələməsi" edirlər, bu anlamda verilən qərar məntiqlidir: "İkincisi, daha bir səbəb odur ki, ölkənin iqtisadi mənzərəsi sürətlə pisləşir, Azərbaycanda bu il ÜDM artımı cəmi 0,5% olub ki, bu da faktiki ressesiya deməkdir. İndiki iqtisadi komanda və idarəetmə sistemi ilə iqtisadi mənzərə getdikcə daha da pisləşəcək və gələn ilin sonunda daha açıq hiss olunacaq. Ona görə də Əliyev fevralda seçkiyə gedərək iqtisadi mənzərənin daha çox pisləşmədən növbəti dəfə 7 illik öz hakimiyyətini uzatmaq istəyir. Üçüncüsü, gələn ilin martında Rusiyada, noyabrda ABŞ-da, il ərzində isə bəzi vacib Avropa Birliyi ölkələrində seçkilərdir. Seçki sürəci istənilən halda qeyri-müəyyənlik amilidir, ona görə də Əliyev bu hadisələrdən öncə seçkiləri təyin edərək, digər ölkələrdə baş verəcək hadisələrdən özünü və ölkəni sığortalayır. Dördüncüsü, 2025-ci il formal olaraq “rusməramlıların” ölkəmizdə qala biləcəyi son ildir, onların məmləkətdə olduğu vaxt, qalıb-qalmamaqları müzakirə olunacaq il seçki keçirmək problemlər yarada bilərdi. Ona görə də vaxtından əvvəl seçki keçirərək sonra onların ölkədən çıxarılması məsələsini rahat müzakirə etmək mümkün olacaq".

Natiq Cəfərlinin fikrincə, pozitiv gözlənti odur ki, prezident seçkilərindən həmən sonra referendum elanı oluna, illərdir danışdığımız sistemli, köklü problemlərin konstitutsional həll üçün şərait yarana bilər: "Yəni, referendumdan öncə 7 illik zəmanət qazanmaq lazım ola bilərdi, Əliyev də buna getdi. İstənilən halda rəqiblərini, iştirak potensialı və həvəsi olan siyasi partiyaları, siyasətçiləri seçkiləri növbədənkənar elan etməklə fakt qarşısında qoymaq doğru deyil, çox pis bir “ənənədir”, ölkənin siyasi institutlaşmasına mane olan faktordur. Bütün bunlara baxmayaraq, siyasi partiyalar müxtəlif formalarda seçki sürəcində iştirak etməlidirlər, seçkilərdən kənar qalmaq, boykot etmək mənasız və yararsız addımdır – tarix bunu dəfələrlə sübut edib. İştirakın da müxtəlif formaları var, təcrübəli və düşüncəli siyasi partiyalar və siyasətçilər ən optimal iştirak formullarını tapa bilər. Biz bu formullar üzərində çalışırıq, əminəm ki, ən doğru olanı da seçəcəyik. Siyasi partiyalar əvvəl doğru gedişləri seçməyi öyrənməlidirlər ki, sonda seçkiləri də uda bilsinlər, bu da bir təcrübədir, vacib şərtdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR