SEÇKİ, YOXSA QİYMƏT ARTIMI MARAFONU? - Əhalinin gəlirləri azalır, qiymətlər qalxır
Növbədənkənar deputatlıq-millətə vəkillik seçkilərinin başlıca özəlliyi millətə sayğısızlıqla xarakterizə oluna bilər. Əvvəllər seçkiöncəsi əhaliyə cüzi də olsa güzəştlər edilirdisə, indi tam əksi baş verir.
Nəqliyyat qiymətlərinin birdən-birə 25 faiz, rabitə xidmətlərinin günü-gündən əsassız qaldırılması, özəlliklə internetin aşağı sürətinə baxmayaraq tariflərinin getdikcə şişirdilməsi əhalinin narazılığı ilə qarşılanır və hökumətin “elektronlaşması” ilə düz gəlmir. Belə görünür ki, seçicilərin fikri növbədənkənar parlament formalaşdırmaq fikrində olan hökuməti ilgiləndirmir. Yoxsa gediş qiymətlərinin 40 qəpikdən 50 qəpiyə , yanacağın qiymətinin ortalıq 40 faiz qaldırılmasını, “benzinlə işləyən” provayderlərin aztəminatlı əhalini “rabitə-bağlantı imtahanına çəkməsini” nə ilə izah etmək olar? Rabitə xidməti haqqlarının özbaşına diktə edilməsinə baxın, 1, 2,3 manat ödəniş qarşılığında nömrənin aktiv qalması uyğun olaraq 7, 20-25, 30 gün idisə, indi 5, 10, 20 gün təşkil edir. Yalnız 5 manat ödəməklə nömrənin 30 gün ərzində aktiv qalmasına nail olmaq olar. Halbuki əvvəllər bu müddət 45 gün idi. Özü də bütün mobil operatorlar elə bil, eldə deyildiyi kimi, bir-birinin ağzına tüpürüb, qiymət artımında sözü bir yerə qoyublar. Hələ mobil operatopların yeni 0.67 manatlıq zorakı “bildiriş tarifini” demirik.
Əcəb rəqabətdir! İstehlakçılara bu zorakl “qiymət artımı rəqabəti” hökmranlığına isə qiymət verən yoxdur. Təsəvvür edin, qiymət artımı təklifini Tarif Şurası anında gecə yarısı təsdiq edir, amma istehlakçıların hüquqlarının müdafiəsi yada düşmür. Özü də həm Tarif Şurası, həm də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İqtisadiyyat Nazirliyinin yanındadır ! (?) Niyə ayrı-seçkilik edilir? Bəs əhalinin sosial müdafiəsinə cavabdeh olan ƏƏSMN hara baxır? Tam əminliklə demək olar ki, ƏƏSMN əhalinin hesabına özünün müdafiəsi ilə məşğuldur. Özbaşınalığa baxın, bu nazirliyin müavini Tarif Şurasında təmsil olunsa da, bir dəfə də olsun əhalinin qiymət artımından sosial müdafiəsinə təklif belə verməyib. Amma əlillərin əlilliyini, pensiyaçıların pensiyasını mənimsəməklə “xidmət göstərir”. Hələ üstəlik özbaşınalığına MƏHKƏMƏ FİLİALINI- 39 saylı vəkil bürosunu büdcədən milyonları ayırmaqla vəkil edib. Nə qanunverici, nə icra, nə də məhkəmə hakimiyyəti icra qurumunda MƏHKƏMƏ FİLİALININ- VƏKİL BÜROSUNUN yaradılmasına qiymət verir. Niyə də versinlər, axı özlərinin də bu milyonlardan aylıq paket haqları var!
Əvvəllər seçki prosesində əhaliyə yalandan da olsa vədlər verilirdi, indi ehtiyac yoxdur. Əhali kimdir ki, deputat ona vəkillik etsin?! Onsuz da qutudan öncədən hazır səs faizi çıxacaq. Kiminə şişirdilmə, kiminə 3-5 faizlik “ qiymət” hökumətdən əvvəlcədən yazılıb.
Yazıq bu millətin halına!
Məğrur BƏDƏLSOY