Saat:12:45
Haqqımızda

Savaş İstanbulda niyə bitmədi? 3 dəhşətli ssenari...

2022-06-16 09:09:00

Savaş İstanbulda niyə bitmədi? 3 dəhşətli ssenari...

Hurriyyet.az rusiyalı hərbi ekspert Aleksey Xlopotovun Axar.az-a müsahibəsini təqdim edir:

- Rusiyada insanlar dayanmadan deyirlər ki, Polşa Ukrayna ərazilərini ilhaq edəcək. Belə bir bəyanatla, məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxış edib. Bunu necə şərh edə bilərsiniz?

- Rusiyada belə bir deyim var: “insanları öz arşınınla mühakimə etmək olmaz”. Əgər Rusiyanın “xüsusi əməliyyatı” olmasaydı, bu barədə danışmaq üçün heç bir ilkin şərtlər də olmazdı. Bəli, Avropada, xüsusən də Şərqi Avropada “tarixi” əsası olan bir sıra ərazi məsələləri var. Amma İkinci Dünya müharibəsindən, eləcə də SSRİ-nin və Yuqoslaviyanın dağılmasından sonra qurulan dünya nizamı vardı. Heç kim onu pozmaq fikrində deyildi. Kremlin “NATO-nun genişlənməsi” və ya “İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılması” ilə bağlı qorxuları psixiatriya sahəsinə aiddir. Moskva bu dünya nizamını öz əlləri ilə məhv edir. Burada sual yaranır: başqaları üçün qadağan olunan şeyləri Moskva niyə özünə rəva görür?

Əgər Rusiya Krım və Donbas timsalında Ukraynaya ərazi iddiaları irəli sürürsə, niyə Polşa Ukraynanın qərb vilayətlərinə münasibətdə eyni iddialarla çıxış etməsin? Görünür, Lavrov açıqlamalar verərkən belə məntiqi rəhbər tutur. Bununla belə, müasir Polşa sivil, demokratik Avropa dövlətidir. O, istəsə belə, ABŞ və NATO-nun razılığı olmadan belə bir genişlənməyə qərar verə bilməz. Bəli, hər bir dövlətdə olduğu kimi, Polşada da keçmiş ərazilərinin qaytarılmasına tərəfdar olan millətçilər var. Ancaq başa düşmək lazımdır ki, Almaniya da müasir Polşa ərazisinə eyni tarixi iddialara malikdir.

Bu başlasa, zəncirvari reaksiyalar olacaq. Ona görə də Avropa sona qədər müasir sərhədlərin qorunub saxlanmasına çalışacaq. Bunu Polşada da çox gözəl başa düşürlər. Digər tərəfdən, əgər Rusiya ekspansionizmində “dxr” və “lxr” “sərhədlərin”də dayanmasa və bütün Dnepr çayının sol sahilinə nəzarəti ələ keçirsə, Polşa, həqiqətən də, Rusiyanı digər ərazilərə buraxmamaq üçün Ukraynanın qərb bölgələrində fəaliyyət göstərmək üçün NATO mandatı ala bilər. Rusiya və Ukrayna ordusundan sonra say baxımından Avropada üçüncü böyük orduya sahib Polşa bunu tamamilə bacaracaq. Zelenski üçün də belə bir nəticə arzuolunmazdır. Lakin onu rus süngüləri sıxışdırsa, o, Polşa qoşunlarının Ukraynaya daxil olmasına razılıq verməyə məcbur olacaq. Hətta o özü Polşadan bunu xahiş edə bilər. Ona görə də burada Lavrov daha az danışmalı və Rusiya Federasiyasının nə etdiyi, özünü necə apardığı barədə daha çox düşünməlidir.

- ABŞ Ukrayna böhranının nizamlanması prosesində fəal iştirak edir və ciddi yardım göstərir. Amma eyni zamanda Amerikadan tez-tez Ukraynanın bəzi əraziləri verməli olduğu barədə bəyanatlar eşidilir. Bunu necə başa düşmək olar?

- Amerikalılar kifayət qədər sağlam düşüncəli insanlardır və praqmatizmləri ilə məşhurdurlar. Fikrimcə, onlar gözəl başa düşürlər ki, Ukrayna nə qədər müqavimət göstərsə də, təkbaşına Rusiyaya qalib gələ bilməyəcək. Əgər Ukrayna Silahlı Qüvvələrində tank, top, silah-sursat tükənərsə, Qərb onu bu və ya digər şəkildə təmin edə bilər. Bəs insanları hardan almaq olar? Həm də hazırlıqlı adamları - təkcə “Kalaşnikov”dan istifadə edənləri deyil, həm də taktiki cəhətdən mahir, vəziyyətə uyğun hərəkət etməyi bacaranları və mürəkkəb hərbi texnikanı idarə etmək və saxlamaq bacarığı olanları. Təəssüf ki, Ukrayna Silahlı Qüvvələrinin kadr potensialı hüdudsuz deyil və Rusiya ordusundan dəfələrlə azdır.

Beləliklə, Ukraynanın hərbi məğlubiyyəti qaçılmazdır, bu, sadəcə zaman məsələsidir. Bəli, ilkin plana görə, Rusiya xüsusi əməliyyatı tez, hətta çox sürətlə keçirməyi planlaşdırırdı. Bu planlar alt-üst oldu. İkinci cəhd edildi, bu da uğursuz oldu. Bu ona gətirib çıxardı ki, Kreml son tarixlərə əhəmiyyət verməmək, prinsipə sadiq qalmaq qərarına gəldi, amma istənilən halda öz məqsədinə çatacaq. İndi bu, əsas amilin resurslar olduğu uzun, yorucu mübarizəni nəzərdə tutur və bu, Rusiyada daha çoxdur.

Ukrayna Silahlı Qüvvələrinin tam məğlubiyyəti anında Ukraynanın taleyi necə olacaq? Bunu proqnozlaşdırmaq mümkün deyil. Amma əsasən bu halda Ukraynanın bölünməsini, parçalanmasını nəzərdən keçirmək lazım gəlir. Yəni əhəmiyyətli ərazilərin və bəlkə də suverenliyin tamamilə itirilməsini. Düşünürəm ki, ABŞ sadəcə olaraq bunun qarşısını almağa çalışır. Rusiya Federasiyasının rəhbərliyinə təzyiqləri davam etdirmək üçün Ukraynanın bütövlüyünü qorumaq onların maraqlarına uyğundur. Bunun üçün sülh razılaşmalarına gəlmək lazımdır. Danışıqlarda Ukrayna tərəfinin mövqeyi belədir: “Rusiya təcavüzkarına bir qarış torpaq da verilməməlidir”.

Prezident Zelenski açıq şəkildə bəyan edib ki, o, təkcə Donbası deyil, Krımı da Ukrayna yurisdiksiyasına qaytarmaq niyyətindədir. Sonuncunu tamamilə qeyri-real hesab edirəm. Düşünürəm ki, məhz Krım məsələsi İstanbulda aparılan danışıqların atəşkəsin bağlanması ilə nəticələnməsinə mane oldu. Baxmayaraq ki, orada bu məsələ ictimai şəkildə qaldırılmayıb.

Rusiya tərəfi həmin günlərdə faktiki olaraq şok vəziyyətində idi və yəqin ki, ordunu 24 fevrala qədər olan sərhədlərə çəkməyə hazır idi. Ancaq Zelenski və onun komandasının döyüş həvəsi, qələbədən başgicəllənmə kompromisə gəlməyə imkan vermədi. Yuxarıda qeyd etdiyim kimi, Ukrayna Rusiyaya ərazi güzəştə getməyə razı deyil. Amma Ukrayna rəhbərliyi danışıqlar prosesi çərçivəsində Krımı Donbasa dəyişməyə razılıq versəydi, o zaman məncə, bu münaqişə tez bir zamanda söndürülə bilərdi.

Mənə elə gəlir ki, ABŞ Ukrayna tərəfindən ərazi güzəşti deyərkən Krımın status-kvosunun tanınmasını nəzərdə tutur. Təəssüf ki, zaman əldən verildi. Rusiya ordusu ləng, ancaq qətiyyətlə Ukrayna qüvvələrini əzir və Donetsk və Luqansk vilayətlərinin administrativ sərhədlərinə çıxır. Eyni zamanda Xerson vilayətinə nəzarət edir. Yaxın günlərdə Severedonetsk və Lisiçansk mühasirə halqasını daraltmaq məqsədi ilə yeni hücum və Ukrayna ordusu birliklərinin məhv edilməsi gözlənilir. Bununla da Rusiya özünün yaxın hədəfinə çatacaq. Kreml Donbas və Xersonu Ukraynaya qaytarmağa razılaşacaqmı? Mənim fikrimcə, birmənalı olaraq yox. Buna görə də Zelenski Ukraynanın qalan hissəsini xilas etmək üçün indi nəinki Krımın, həm də bu vilayətlərin itirilməsi ilə razılaşmalı olacaq. Əgər o, bu çətin addıma getməyə hazır olsa – Moskva öz ordusunu saxlayacaq və konfliktin qaynar fazası başa çatacaq.

ABŞ-a gəlincə, hər şey aydındır: o, Ukrayna üçün vuruşmayacaq, NATO müttəfiqlərinə də buna imkan verməyəcək.

- Sizcə, Ukrayna-Rusiya konflikti nə vaxt bitəcək? Ən azı onun hərbi fazası...

- Birinci variant haqda artıq danışdım. Əgər Zelenski Krım, Luqansk və Donetskin geridönməz şəkildə itkisi ilə razılaşarsa, Xerson üçün bazarlıq etmək mümkündür. Bununla da Ukrayna öz ərazilərinin böyük hissəsini və suverenliyini saxlamış olacaq.

İkinci variant - əgər hərbi əməliyyatlar davam edərsə, onda Rusiya qəti şəkildə Ukraynanın solsahil ərazilərini və Qara dəniz sahillərini tam nəzarət altına alacaq. Bu halda, yuxarıda dediyim kimi, Polşa Qərbi Ukraynanı öz himayəsinə ala bilər. Ukrayna faktiki olaraq hissələrə parçalanacaq və suverenliyini itirəcək.

Bəlkə də Rusiya ordusunun solsahil əraziləri nəzarətə götürməsi üçün 6 ay, yaxud bir il tələb olunacaq. Amma belə bir variant da istisna deyil ki, bu gün güclü görünən müqavimət bircə gecəyə qırılsın. Bunu proqnozlaşdırmaq mümkün deyil, bu, ordunun əhval-ruhiyyəsindən asılıdır. Bu variant Severedonetskin mühasirəsi və təslim edilməsi ilə mümkündür. Amma “dəvənin belini qıran” real səbəb adi, “saman” da ola bilər.

Üçüncü variant da var. Rusiya Donbasın sərhədlərinə çıxır və Ukraynanın dərinliklərinə getmək cəhdini dayandırır. Bu, ən az ehtimal edilən variantdır. Əgər rus ordusu hərbi təzyiqi dayandırsa, bütün təşəbbüsü Ukrayna ordusuna vermiş olacaq. Bu, münaqişəni bir müddət məhdudlaşdıracaq, amma onu bitirməyəcək. Bu, illərlə davam edəcək və sonda onun yenidən alovlanmasına səbəb olan son dərəcə uzun sürən bir mərhələyə çevriləcək. Yəni gələcək nəsillər üçün bir növ saatlı bomba olacaq.

Sol baxışlı bir sıra rus ekspert və politoloqları hesab edir ki, payızda situasiya qəfildən Ukraynanın xeyrinə dəyişə bilər. Guya bu, Rusiya prezidentinin səhhətindəki problemlərlə bağlı ola bilər. Amma əgər Putin bu müddətdə hansısa səbəbdən siyasətdən gedərsə və ölkənin real idarəçiliyindən uzaqlaşarsa, bu, Ukraynanın taleyini dəyişməyəcək, çünki tezliklə Rusiyada hakimiyyətə liberalların gəlməsinə ümid etmək lazım deyil.

Şəxsən mən bütün qəlbimlə bu qardaş qırğınına ən qısa müddətdə son verilməsini istəyirəm; Ukraynaya bacardıqca daha çox ərazisini bütöv halda saxlamasını arzulayıram. Mən Ukrayna üçün ağrınıram və narahatam – orda mənim çoxlu dostlarım yaşayır və onlarla münasibəti kəsməmişəm və heç vaxt da kəsməyəcəm. Amma obyektiv faktlar var, bunların başında isə resursların, xüsusən də insan resurslarının tükənməsi gəlir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR