“Savadı yoxdur, ali məktəbə arxa qapıdan girib, arxa qapıdan da çıxıb...”
.jpg)
Ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərdən 605 nəfəri müvafiq keçid balını toplaya bilməyib.
Eyni zamanda imtahanda iştirak etməyən 138 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub.
Qaydalara uyğun olaraq, təkrar imtahandan keçməyən müəllimlərin əmək müqaviləsinə xitam veriləcək.
Bu isə birmənalı qarşılanmır, bəziləri deyir ki, onlar arasında kifayət qədər savadlı, təcrübəli müəllimlər var, sadəcə kurikulumda çətinlikləri olduğu üçün imtahandan kəsilirlər.
Bəs, ekspertlər bu barədə nə düşünür? Sertifikasiyadan kəsilən müəllimlər işdən azad olunması doğru yanaşmadırmı?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan təhsil eksperti Şahlar Əsgərovun sözlərinə görə, heç kim istəməz ki, peşəsindən, tədris etdiyi fənndən məlumatı olmayan müəllimlər onun övladına dərs desin:
"Bu məsələdə müəllimlər narahatlıq keçirir, Elm və Təhsil Nazirliyi də bunu görür. Heç kəs istəmir ki, onun övladı, nəvəsi zəif bir müəllimin şagirdi olsun. Bu, həqiqətdir. Heç kəs belə bir şeyi istəməz, amma yaşadığımız mühit elədir ki, bəziləri cürbəcür üsullarla diplomlar alıblar. Bəziləri bu diplomları 40 il əvvəl, bəziləri 20, bəziləri isə 5 il əvvəl alıblar. Ona görə də sertifikasiyadan keçə bilməyən 743 nəfərin hər birinə fərdi baxılmasının tərəfdarıyam".
Təhsil eksperti bildirib ki, təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməyən müəllimlərə fərdi yanaşılmalı, onların diplomlarının saxta olub-olmadığı mütləq yoxlanmalıdır:
"Əgər həmin müəllim 30-40 il məktəbdə çalışıbsa, uğurları varsa, şagirdləri ali məktəblərdə oxuyursa, bunu sübut etməli və nazirlik də nəzərə almalıdır.
Yox, əgər savadı yoxdursa, müəllim ali məktəbə arxa qapıdan girib, arxa qapıdan da çıxıb, 2 vərəqli bir diplom kağızı alıbsa, burada Elm və Təhsil Nazirliyinin heç bir günahı yoxdur. Nazirlik işini necə qursun? Bu məsələ bir az dolaşıqdır, yuxarıya tüpürürsən bığdır, aşağı tüpürürsən saqqal. Mənim fikrimcə, bu məsələdə müdriklik lazımdır, şəxslərə fərdi yanaşmaqla məsələni həll etmək mümkündür".
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya