Sanksiyalar Rusiyanı çökdürür, PUTİN İSƏ GERİ ÇƏKİLMƏYİ DÜŞÜNMÜR...

2022-04-26 11:56:00

Sanksiyalar Rusiyanı çökdürür, PUTİN İSƏ GERİ ÇƏKİLMƏYİ DÜŞÜNMÜR...

Xaqani Cəfərli: "Rusiyanın məğlubiyyətindən sonra Ukrayna Şərqi Avropada, xüsusilə də postsovet məkanında demokratiyanın lokomotivinə çevriləcək"

"Kiyev Rusiyanın dondurulan valyuta ehtiyatının 400 milyard dollarını müharibə təzminatı kimi almaq niyyətindədir"

"Ukraynaya dəstək məqsədilə yaradılan koalisiyanın məqsədi azad dünyaya qarşı formalaşmış putinizmi məğlub etməkdir"

Bugünlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidenti Administrasiyasından verilən məlumata görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə olunub. Türkiyə prezidenti ukraynalı həmkarına vəziyyətin gündən-günə daha da acınacaqlı hala gəldiyi Mariupolda yaralıların və mülki şəxslərin təxliyyəsinin təmin edilməli olduğunu qeyd edib. Eyni zamanda, əllərindən gələn hər cür yardımı göstərməyə və vasitəçilik də daxil olmaqla, lazımı dəstəyi verməyə hazır olduqlarını ifadə edən Ərdoğan Ukraynanın təhlükəsizliyinə zəmanət məsələsinə də prinsipial olaraq müsbət baxdıqlarını vurğulayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Ukrayna və Rusiyanın birgə bəyannamə üzərində işlədiyini bildirib. Sənədin Ukraynadakı vəziyyəti həll etmək üçün hazırlandığını deyən Çavuşoğlunun sözlərinə görə, birgə bəyannamədə əsas diqqət tərəfsizlik, təhlükəsizlik və təminatdır. Türkiyənin xarici işlər naziri həmçinin, sənədin hazırlanması ilə paralel olaraq pərdəarxası diplomatiyanın da işlədiyini vurğulayıb. O əlavə edib ki, son qərar Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putinin ixtiyarındadır.

Bu arada, Putindən söz düşmüşkən, axar.az-da yer alan informasiyaya görə, İngiltərənin nüfuzlu "Financial Times" qəzeti iddia edir ki, Rusiya prezidenti Ukraynanın "Moskva" kreyserini batırmasına görə qəzəblənib. Qeyd olunur ki, Putin müharibəni sona çatdırmaq üçün diplomatik yollara marağını itirib və mümkün qədər daha çox Ukrayna ərazisini ələ keçirmək əzmindədir: "Razılaşmaya ümid var idi. Ancaq kreyserin batmasından sonra hər şey dəyişdi. Putin nəyəsə imza atmağın əleyhinə oldu. "Moskva" kreyserindan sonra o, qalib kimi görünməzdi, çünki bu, alçaldıcı idi". 

"ABŞ, Böyük Britaniya və Avropa Birliyi Rusiyanın dondurulan valyuta ehtiyatından və müsadirə olunan sərvətindən Ukraynanın maliyyələşdirilməsinin yolları araşdırır"

Beləliklə, Rusiya rəsmilərinin son açıqlamalarından da bu qənaətə gəlmək olar ki, ard-arda tətbiq olunan sanksiyalara, o cümlədən Rusiyanın verdiyi ağır itkilərə rəğmən, Vladimir Putin hələ də Ukrayna ilə problemi diplomatik yolla həll etmək, Zelenski ilə bir masa arxasında əyləşmək barədə düşünmür. Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən politoloq Xaqani Cəfərli qeyd edib ki, Kremldən fərqli olaraq, rəsmi Kiyev həm, diplomatiya, həm də döyüş meydanında bir sıra uğurlar əldə etməkdədir: "Böyük Britaniya kəşfiyyatı Rusiya hərbçilərinin əhval-ruhiyyəsinin çox aşağı olduğu qənaətindədir. Rusiya ilə bağlı dəqiq araşdırmaları ilə məşhur olan "Bellingcat" beynəlxalq təhqiqat mərkəzinin rəhbəri Xristo Qrozevin məlumatına görə, Rusiya ən yüksək döyüş qabiliyyətinə malik desantçılarının 90 faizini Ukrayna müharibəsində itirib. Xristo Qrozevinin başqa bir məlumatına görə, Ukraynaya qarşı müharibənin iki ayı ərzində Rusiya dəqiq idarə olunan raketlərinin 70 faizindən artığından istifadə edib. Rusiya bu cür yüksək dəqiqlikli raketləri təkbaşına istehsal edə bilsə də, istehsal üçün zamana və pula ehtiyacı var. Rusiya bütün sahələrdə uğursuzluqla üzləşdiyi bir zamanda Ukrayna diplomatiya və döyüş meydanında bir sıra uğurlar əldə etməkdədir. ABŞ, Böyük Britaniya və Avropa Birliyi Rusiyanın dondurulan valyuta ehtiyatından və müsadirə olunan sərvətindən Ukraynanın maliyyələşdirilməsinin yolları araşdırır. Rəsmi Kiyev Rusiyanın valyuta ehtiyatından hər ay beş milyard dolların Ukraynaya verilməsini istəyir. Ümumillikdə isə Ukrayna Rusiyanın dondurulan valyuta ehtiyatının 400 milyard dollarını müharibə təzminatı kimi almaq niyyətindədir".

"Finlandiya parlamentinin NATO-ya üzvlük üçün səs verməsi Putinin müharibə avantürasının ən böyük məğlubiyyətlərindən biridir"

ABŞ-ın Ukraynaya hərbi yardımı gücləndirmək üçün 40 ölkənin iştirakı ilə konfrans keçirməyə hazırlaşdığını deyən politoloqun sözlərinə görə, Vaşinqton həmçinin, Ukraynaya hərbi yardımı effektli həyata keçirmək üçün general-leytenant Terri Volfu əlaqələndirici təyin edib: "Ukrayna döyüş meydanında da Rusiyaya zərbələr endirməkdədir. Nikolayev vilayətində bir neçə yaşayış məskəni işğaldan azad edilib. Nikolayev vilayətinin çox yaxın günlərdə tamamilə azad olunması gözlənilir. Finlandiya parlamentinin NATO-ya üzvlük üçün səs verməsi Putinin müharibə avantürasının ən böyük məğlubiyyətlərindən biridir. Rusiyada müstəqillik uğrunda mübarizə aparan xalqların azadlıqlarını əldə etmək üçün partizan müharibəsinə hazırlaşması haqqında məlumatlar yayılır. Rusiyanın ən yaxşı iqtisadçılarından hesab olunan Çikaqo Universitetinin professoru Konstantin Sonin martın 8-də "twitter"də paylaşdığı məlumata görə, müharibə başladığı gündən martın 8-dək Rusiyanı 200 min insan tərk edib. Rusiyadan mütəxəssis axını səngimək bilmir. Göründüyü kimi, Rusiya bütün resurslarını itirdiyi, diplomatiya və döyüş meydanında ağır itgilər verməkdə, məğlubiyyətə uğramaqdadır. Ukrayna isə hər ötən gün siyasi, diplomatik və hərbi gücünü artırır". Müharibənin üçüncü ayının yeni başladığını vurğulayan Xaqani Cəfərli hesab edir ki, Rusiyanın məğlubiyyətindən sonra Ukrayna Şərqi Avropada, xüsusilə də postsovet məkanında demokratiyanın lokomotivinə çevriləcək: "Ukraynaya dəstək məqsədilə yaradılan koalisiyanın məqsədi azad dünyaya qarşı formalaşmış putinizmi məğlub etməkdir".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya