“Samvel Babayan bizim Nemət Pənahlını xatırladır” – Maraqlı açıqlama
“Qarabağ ermənilərinin humanitar yardım və marşrut olaraq Ağdam-Xankəndi yolundan istifadə etməməsinin izahı çox sadədir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.
O, Qarabağ ermənilərinə humanitar yardım kimi təklif olunan Ağdam-Xankəndi marşrutundan separatçı rejim ünsürlərinin imtina etməsinin səbəblərini açıqlayıb.
Z. Əlizadə bildirib ki, sıravi ermənilərdən soruşan yoxdur ki, onlar nə istəyir, nə yox:
“Sıravi ermənilər cinayətkar rejimin girovudur. Onlar heç vaxt qərarlar qəbul etmirlər, əksinə, bütün qərarları cinayətkar zümrə qəbul edir. Cinayətkar zümrənin başında isə onların Moskvadakı hamiləri durur.
O ki qaldı cinayətkar rejimin rəsmi Bakının alternativ təchizat yolu təklifini qəbul etməməsinə, bunun səbəbi çox sadədir. Əgər onlar bunu etsələr, 30 ildir inandıqları “müstəqil Artsax” xülyalarının puça çıxdığı görünəcək. Eləcə də bəlli olacaq ki, Qarabağ erməniləri Azərbaycandan asılıdırlar, heç cür müstəqil deyillər və onların Ermənistanla əlaqə iddiaları əsassızdır. Ona görə də Ağdam-Xankəndi yolundan imtina edirlər və ona hazırlaşırlar ki, camaat ac qalsın – hərçənd ki, ac deyillər, çünki Qarabağ kənd təsərrüfatı bölgəsidir və orada kartof, pomidor, badımcan, digər meyvə-tərəvəzlər yetişdirilir. Eləcə də maldarlıq, qoyunçuluq da Qarabağda inkişaf edib. Lakin hər halda müəyyən bir qıtlığın olduğunu deyə bilərik və hansısa qida məhsulları tükənə bilər. Elə buna görə də onlara təklif ediblər ki, gəlin bunu Azərbaycandan alın”.
Separatçı rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayanın tanınmamış “DQR” “hakimiyyəti”nə silahı yerə qoyub Bakı ilə dialoqa getmək təklifindən də söz açan analitik xatırladıb ki, o, hazırda qondarma rejimdə hakim zümrəni təmsil etmir:
“O, cinayətkar rejimdə müəyyən bir müddət yüksək vəzifələr tutmuşdu, sonra isə tanınmamış qurumun rəhbəri Arkadi Qukasyana qarşı terror aktı təşkil etdiyinə görə həbs edildi. Azadlığa çıxandan sonra getdi İrəvana, orada heç bir hörməti olmayan əndirəbadi bir partiya yaratdı. Sonra naçar şəkildə Qarabağa qayıtdı. Qarabağda 1-2 dənə mitinq təşkil etsə də, yenə də heç nə alınmadı, çünki hörməti yoxdur. Fikrimcə, Samvel Babayan bizim Nemət Pənahlını xatırladır. Ona görə də onun sözlərinə fikir vermək lazım deyil”.
