“Sakinlərə hədə-qorxu gələrək, susmalarını istəyirlər” - ŞİKAYƏT
Şəmkir sakinləri 8 ildir suvarma suyuna həsrət qalıblar
Şəmkir rayon sakini Məmmədov Əli Nizami oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 8 ildir Yeni yol kəndinə suvarma üçün su verilmir:
“Mən, Məmmədov Əli Nizami oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, Şəmkir rayonunun Yeni Yol kəndində insanlar su problemindən əziyyət çəkir. Şikayətimizə baxan yoxdur. 8 ildir suvarma üçün su tapa bilmirik. Arxların içi zibillərlə doludur. Heç bir qurum məsələ ilə maraqlanmır.
“Azərsu”ya dəfələrlə müraciət etmişik. Suya nəzarət edən Adil adlı şəxsə və digər işçilərə şikayətimizi bildirmişik. İnsanları sayan, onların qeydinə qalan yoxdur.
İcra Hakimiyyətinin də məsələdən xəbəri var. Amma bu əraziyə yoxlama göndərmirlər. Göndərsələr, insanlar yığılar, şikayətlərini bildirərlər.
Sakinlərə hədə-qorxu gələrək, susmalarını istəyirlər. Sizdən xahiş edirik, problemimizi ictimailəşdirin, bəlkə kənd əhalisinin “yezidlərdən” canı qurtarar”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.
