Saat:08:35
Haqqımızda

Sahibə Qafarova Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüşüb

2024-05-02 17:31:49

Sahibə Qafarova Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının Baş katibi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla bildirir.

Görüşdə ölkəmizin evsahibliyi ilə keçirilən Forumun əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlər səsləndirilib. Milli Məclisin sədri Sahibə Qafarova Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidentinin təşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını, bu Forumun hazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgə səylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələr üçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyini bildirib.

Söhbət zamanı Forum çərçivəsində keçirilən "Mədəni irsin qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu" mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedən mövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunverici orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb.

Görüşdə Milli Məclis ilə Parlament Assambleyası arasında əməkdaşlıq məsələləri də müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan parlamenti parlament diplomatiyası çərçivəsində Asiya ölkələrinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Milli Məclis müxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verən AİPA ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Bildirilib ki, Parlamentlərarası Assambleyanın 2022-ci ildə Kamboca Krallığında keçirilmiş 43-cü Baş Assambleyasının Plenar Sessiyasında Azərbaycan Milli Məclisi təşkilata müşahidəçi üzv kimi qəbul edilib. Bu, Azərbaycanın bu təşkilatla əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

Söhbət zamanı həmçinin xatırladılıb ki, 2023-cü ilin martında Manamada Azərbaycan parlamentinin sədrliyi ilə AİPA ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında da Əməkdaşlıq Memorandumu imzalanıb. Sözügedən sənəd parlament diplomatiyasının, dialoqun və əməkdaşlığın inkişafına töhfə verən qarşılıqlı faydalı əlaqələrin daha bir nümunəsidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172990