Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi

2022-06-15 11:14:00

Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi

“Zakir Qaralov, Rüstəm Usubov da burada, Mövlam Şıxəliyev yanında oturmalıdırlar”
 
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 
 
Hurriyyet.az-ın məlumatına görə, yunun 13-də keçirilən prosesdə iştirak etmək üçün hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakı Hərbi Məhkəməsinin önünə gəlib.
 
İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev əvvəlcə hüquq müdafiəçisini açıq keçirilən prosesə buraxmaq istəməsə də, sonradan fikrini dəyişib. Proses başlayandan yarım saat sonra məhkəmə nəzarətçiləri Novella Cəfəroğlunu zala dəvət ediblər. Mətbuat nümayəndələrinin israrlarına baxmayaraq açıq məhkəmə prosesində iştirakına imkan verilməyib. Bu qərarın məhkəmə sədri Həbib Həsənovla iş üzrə hakim Elbəy Allahverdiyevin müştərək qaydada verildiyi açıqlanıb.  
 
Zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq mətbuat nümayəndələri məhkəmə prosesinə buraxılmırlar. Məhkəmənin davam etdiyi 9 aya yaxın müddətdə proses sözdə açıq, faktiki isə qapalı şəkildə keçirlir. Bu günə qədər zərərçəkən tərəfin ümumiyyətlə heç bir vəsatəti təmin olunmayıb. Hakim məhkəməni tez-tələsik yekunlaşdırmağa çalışır
 
Zərərçəkənlər məhkəmənin ilk günündən iş üzrə təqsirləndirilən şəxslərin hər birinin məhkəmə dövründə həbsini tələb edirlər. Deyirlər ki, yalnız Mövlam Şıxəliyevin həbsdə qalması ümumilikdə məhkəmə istintaqının obyektivliyinə xələl gətirir. Bildirirlər ki, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov da rəisləri olmuş Mövlam Şıxəliyev kimi ağır cinayətlərdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər günahlarını boynuna almırlar, cinayətlərini etiraf etmirlər. Dəymiş maddi ziyanı ödəməkdən yayınırlar. Hətta məhkəmə binası önündə zərərcəkənlərə hədə-qorxu gəlməkdən belə çəkinmirlər. Bununla belə başqa yerə getməmək haqda iltizam verməklə canlarını həbsdən kənar tutmağı bacarıblar.
 
Məhkəmə prosesində zərərçəkmiş şəxs qismində Azad Niyazi oğlu Rəşidov sərbəst ifadə verib.
 
Deyib ki, 2014-cü ilin noyabr ayının əvvəllərində həmişə olduğu kmi səhər iş yerinə, Moskva Univermağına gəlib. Orada 4 nəfər şəxsin onu axtardıqlarını eşidib. Həmin şəxslərə yaxınlaşıb. Onlar özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər və Gəncə şəhər sakini Ramiz adlı şəxsi tanıyıb-tanımadığını soruşublar. O, Ramizi qızıl-alqı satqısı ilə məşğul olan bir şəxs kimi tanıdığını bildirib.  MTN əməkdaşları ondan qızıl-zinət əşyalarını satdığı rəfi soruşublar. O, satış rəfini göstərib. MTN-in müstəntiqi Nadir ona qızıl-zinət əşyalarının götürülməsi ilə bağlı qərarı elan edib. Söhbət zamanı o, MTN əməkdaşlarına Ramizdən 3 ədəd köhnə, sovet istehsalı olan “Luç” markalı saat aldığını deyib. MTN əməkdaşları satış rəfində olan qızıl-zinət əşyalarının hamısını protokol tərtib etməklə siyahıya alıb, götürüblər. Ona da deyiblər ki, növbəti gün MTN-in qəbul şöbəsinə gəl, oradan Yasin Məmmədova zəng et. MTN əməkdaşları onun satış rəfindəki qızıl-zinət əşyalarını götürən zaman, başqa MTN əməkdaşlarının axtarış aparmaq məqsədilə onun yaşadığı mənzilə getdiklərini öyrənib. Lakin həmin vaxt həyat yoldaşı və qızı evdə olmadığı üçün evdə axtarış apara bilməyiblər. Qonşular bu barədə həyat yoldaşına məlumat verdikdə sonuncu qorxaraq mobil telefonunu söndürüb, evə getməyib. 
 
Zərərçəkən deyib ki, növbəti gün MTN-nə gedərək Yasin Məmmədovla əlaqə saxlayıb, onunla kabinetində görüşüb. Yasin Məmmədov işlədiyi vəzifəni deməsə də, otağının böyük olması, dəbdəbəli kreslosunun olması onda rəis vəzifəsində işləməsi fikri yaradıb: 


 
- Yasin Məmmədov Ramizlə bağlı bir neçə sual verdi. Dedi ki, nə cinayət etdiyini bilirsən? Cavab verdim ki, mənim heç bir cinayətim yoxdur. Yasin Məmmədov da başladı ki, görürəm yaxşı oğlana oxşayırsan, istəsən sənə kömək edə bilərəm, istəmirəm səni “podval”a salım, oradakı yaşayışı görsən, artıq sənə kömək etmək gec olacaq. Dedim nə kömək edə bilirsə, eləsin, mənim cinayətim yoxdur. Yasin də şəhadət və ortancıl barmağını göstərdi, dedi ki, bunu gətir, sənə kömək edimElə başa düşdüm ki, məndən  2 min manat pul istəyir. Demişdim ki, 2 min istəyirsən, əvvəl güldü, sonra da bağırmağa başladı ki, nə 2 min? Yasin Məmmədova 20 min manat istəyirsən deyə sual etdim. 20 min nədir, 200 min gətir, sənə kömək edim. Ona dedim ki, mənim satış rəfimdən götürdüyün qızıl zinət əşyaları satılsa belə, 200 min manat eləmir. Heç bir cinayət törətməmişəm, pul da verən deyiləm. Yasin Məmmədov anqırmağa başladı, o qışqırmırdı, sadəcə anqırırdı. Deyirdi ki, elə etmə ki, səni “podval”a salım, sən əgər “podval”a düşsən, bizdən heç bir kömək gözləmə!
 
Axırda da dedi ki, 100 min ver, söhbəti bağlayaq. Ona dedim ki, həmin məbləği verə bilməyəcəyəm. Yasin Məmmədov başladı and içməyə, deməyə ki, bəs sənə sonuncu şans verirəm, daş havada oynayır, hələ sənə dəyməyib, yaxşı fikirləş, sonra gec olacaq. Dedim ki, cinayətim yoxdur, pul da vermirəm. Yasin Məmmədov otağa bir nəfər işçini çağırdı, tapşırdı ki,  müstəntiq Nadirin otağına aparsın. Nadir məndən heç bir söz soruşmadı, pul da istəmədi. Az sonra Yasin Məmmədov yenə məni otağına çağırdı. Sakit şəkildə dedi ki, nə düşünürsən? Bəs mən sənə kömək etmək istəyirəm, sən özün-özünə kömək etmək istəmirsən? Dedim ki, mən cinayət eləməmişəm, tutursuz, tutun, əl çəkin! Yasin Məmmədov məni axşama qədər ac-susuz orada saxladı. 1 stəkan su da vermirdilər. Yezidlik edirdi.
 
Axşam yenə də eyni söhbəti elədi. Dedi ki, pul verməsən, həbsə gedirsən. Məcbur olub 10 min manat verə biləcəyimi dedim. Yasin Məmmədovun gözləri parıldadı, ağzı açıq qaldı. Dedi ki, yox, 50 min manat ver, çıx get. Özünü bazarda kartof satandan da betər aparırdı. Mənim azadlığımla alver edirdi. Deyirdi ki, pulu verməsən, həbsə gedirsən. O qədər pulumun olmadığını dedim. Yasin Məmmədov sonda mənimlə razılaşdı, dedi ki, səni buraxıram, sabah 30 mini gətirib gəlirsən, həmin məbləği dollarla yox, manatla gətir. 
 
MTN-dən çıxıb evə gəldim, 20 min dolları götürdüm,  20 min dolları da həmin axşam iş yoldaşım Tahirdən borc aldım. Səhəri pulu manata dəyişib 30 min düzəltdim, MTN-ə getdim. Yasin Məmmədova zəng elədim, dedi ki, gəl otağıma. Komendaturada yoxladılar, üstümdə 30 min manat pul vardı. Bu haqda Yasin Məmmədova məlumat verdilər. Dedi ki, pulları verin, gətirib gəlsin. Otağında pulları Yasinə verdim, alıb stolun altında harasa gizlətdi.  Seyfdən içində qızıllarım olan torbanı çıxardı. Orada “Geneve” markalı qızıl saatlar vardı. Dirəşdi ki, 4 ədəd qızıl saatı da ver. Dedim ki, bu saatlara əl vurma, sahibləri var. Səhəri gün otağına gedib 4 qızıl saatı da iş otağında təklikdə Yasinin özünə verdim. Saatları götürdü, dedi ki, heç yerdə bu söhbəti eləmə, bizim hər yerdə qulağımız var, eşidib bilsəm ki, bu barədə kiməsə demisən, məndən incimə. Mən də oradan çıxdım, daha heç kimə, heç nə demədim. Heç yerə də şikayətə getmədim. Qorxurdum ki, yenə də məni tutarlar. 
 
Təqsirləndirilən Yasin Məmmədov söz istədi, dedi ki, zərərçəkənlərin yalan danışdığını sübut edəcək. O, sağ əlini yuxarı qaldırdı, şəhadət barmağının açılmadığını nümayiş etdirdi:
 
-Mənim sağ əlimin şəhadət barmağı idmanda sınıb, açılmır. Zərərçəkən də burada deyir ki, guya barmağımla ona işarə göstərmişəm. Bu adamlar yalan danışır.  
 
Zərərçəkən Azad Rəşidov deyib ki, yalanın böyüyünü  Yasin Məmmədov danışır:
 
- Sən sol əlinin şəhadət barmağını göstərmişdin. Yadından çıxıb. Burada artistlik eləmə. Yalançının da, saxtakarın da, quldurun da böyüyü özünsən! 


 
Bundan sonra zərərçəkən Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə şahid Mirbala Əliyev ifadə verdi: 
 
-2010-cu ildə “Novruz” bayramına 2-3 gün qalmış olardı, axır çərşənbə günü evə gələndə həyat yoldaşım otaqda kürəkənim Zaurun qonaqları olduğunu dedi. Mən də başqa otağa keçdim. Az sonra Zaur olan otaqdan yüksək tonda danışıq, səs-küy eşitdim. Dərhal həmin otağa keçdim. Stolun ətrafında Zaurdan başqa 2-3 nəfərin əyləşmişdi. Zaur özünü “Memati” adlandıran şəxslə mübahisə edirdi. Stolun üstündə 1 ədəd qılınc, 1 ədəd xırda keçi büstü vardı. Zaurla mübahisə edən şəxsə evin sahibi olduğumu dedim. Bir qədər asta danışmasını tələb etdim. Stolun arxasında olanlardan Arifi tanıdım. Arif Salahova əvvəllər, SSRİ vaxtı, Gəncə İcrayyə Komitəsində işlədiyini dedim, Arif də təsdiqlədi. Bir-birimizi tanıdıq. Arif özünü itirib haldan-hala düşmüşdü. Tez-tez ayağa durub-otururdu. Arifin bu hərəkətindən şübhələnmişdim. “Memati” harasa zəng elədi, təxminən 10-15 dəqiqədən sonra 2-3 ədəd qızıl bakallara oxşar əşyaları başqa bir şəxs evə gətirdi. Yemək üçün mətbəxə getdim. Otaqda yenə səs-küy eşitdim, qayıdanda “Memati” Zaura vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu dediyini gördüm. Yenə də söhbətə müdaxilə elədim, MTN-nin nümayəndəsinə etdikləri hərəkətin basqın, əməllərinin qanunazidd olduğunu, barələrində şikayət edəcəyimi izah elədim. “Memati” də dedi ki, bu iş MTN-nin vacib bir əməliyyatıdır, əməliyyatdan rəhbərliyin də xəbəri var. Bu işi edənin Arif Salahov olduğunu düşündüm. MTN adından istifadə etdiklərini başa düşdüm. “Memati” evdəki əşyaları aparacağını dedi, əks təqdirdə binanın aşağı hissəsində avtobusda gözləyən maskalı MTN əməkdaşlarını evə dəvət edəcəyini bildirdi. Daha heç nə demədim, MTN əməkdaşları əşyaları götürüb çıxıb getdilər. Lakin sonradan MTN əməkdaşları özləri ilə gətirdikləri bakal, qızıl əşyaları da guya Zaura məxsus olduğunu qeyd etməklə protokola əlavə etdilər. 
 
Təqribən 10 gün sonra Zauru MTN-nin İstintaq Baş İdarəsinə çağırıb həmin gün tutdular. 2 gün sonra Zauru Səbail rayon məhkəməsinə apardılar. Mən oğlum Mirəli ilə birlikdə Səbail rayon məhkəməsinə getdik. 
Məhkəmənin mərtəbəsini qalxarkən Zaur özündən getdi. Təcili yardım çağırıldı, müayinə edən həkim Zaurun paralic vəziyyətində olduğunu və müalicəyə ehtiyacı olduğunu bildirdi. Bundan sonra Zauru məhkəmə zalına sürüyə-sürüyə aparıb barəsində həbs seçdilər. MTN-nin təcridxanasına apardılar. 2010-cu ilin iyun ayının ortalarında qızım mənə Zaurun həbsdən azad edilməyi üçün MTN əməkdaşları böyük məbləğdə, yəni 80 min manat pul istədiklər dedi. Qızım 20 min manatı düzəltmişdi, qalan 60 min manatı isə mənə köməklik etməyimi xahiş etdi. 50 min manatı dost-tanışdan borc alıb düzəltdim. Pulu qızıma çatdırdım. O, oğlum Mirəli ilə birlikdə gedib, 80 min manat pulu “Təzə bazar”ın yaxınlığında MTN əməkdaşı, İstintaq Baş İdarəsində işləyən Təhsin Ağayevə veriblər. Pulu aldılar, ertəsi gün Zauru həbsdən buraxdılar. 


 
Şahid üzünü Mövlam Şıxəliyevə tutub, deyib ki, dünya malına bel bağlamasın: 
 
-Bu gün siz burada oturmusuz. Qısa ömrünüzü dünya malına fəda elədiz. Bundan sonranızı düşünün, adamların qarşısında üzrxahlıq edin, haqlarını verin. 
 
Şahid ifadəsini yekunlaşdırandan sonra Mövlam Şıxəliyev hakimə müraciət etdi: 
 
-Mən, istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gəlib həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi; qəti-imkan tədbirin həbslə əlaqəli olub-olmaması və ya qəti imkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım.   
 
Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual ünvanladı: 
 
- Qeyri-iş günü, bayram günü MTN-ə dəvət olundum. MTN-in qapısında Təhsin Ağayev məndən 200 min pul istəyir. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs qəti imkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?
 
Mövlam Şıxəliyev: 
 
-Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib, bu barədə məlumatsızam. 
 
Bundan sonra zərərçəkən vəsatətlə çıxış etdi:    
 
-İş üzrə 36 zərərçəkəndən 34-ü girov götürülüb, girovluqdan azad edilmək üçün onların yaxınlarından müxtəlif məbləğlərdə pullar alınıb. Bu mütəşəkkil cinayətkar quldur dəstənin fəal üzvləri Zakir Qaralov, Rüstəm Usubov da burada, Mövlam Şıxəliyev yanında oturmalıdırlar. Şəxsən Rüstəm Usubovun vasitəsi ilə 34 zərərçəkmiş müxtəlif müddətlərdə girovluqda saxlanıblar. Yaxınlarımızdan, qohum-qardaşımızdan pulu alıb bizləri MTN zindanından azad ediblər. Adımızı da ləkələyiblər. Halbuki, cinayətkar, cinayəti bizə qarşı edən elə özləri olublar. Bu səbəbdən Mövlam Şıxəliyev və digərilərinə verilən rüşvət alma ittihamı əsassızdır, ittihamdan xaric olunmalıdır. Bu adamlar hədə-qorxu ilə, bizləri girov götürməklə pul alıblar. Əməlləri də bu maddə ilə tövsif olunmalıdır. Cinayət işi də ibtidai istintaqa göndərilməlidir.
 
Zərərçəkən Hüseyn Səfərov da məhkəmədən söz istəyib: 
 
-Möhtərəm hakim, məni qanunsuz həbsə alandan sonra ailəmdən hədə-qorxu ilə külli miqdarda pul tələb olunub və alınıb. Bu cinayəti edənlər Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovdur. 
 
Vəkil Osman Kazımov müvəkkili Zaur Əliyevin vəsatətini dəstəklədi: 
 
-Bu işdə 311-ci maddə - rüşvət vermə ilə dəymiş maddi ziyanın ödənməyəcəyini tez-tez toxunurlar. Bu, biabırçılıqdır. Vətəndaşları qanunsuz olaraq həbs ediblər, yaxınlarından da təhdid yolu ilə külli miqdarda pullar alınıb. Ona görə də alınan pullar qeyd-şərtsiz sahiblərinə qaytarılmalıdır. 
 
Dövlət ittihamçısı vəsatətin baxılmamış saxlanılmasını istəyib. Hakim müşavirə otağına gedib və qayıdandan sonra vəsatətin baxılmamış saxlanılması haqda qərarı elan edib. 
 
Bundan sonra hakim təqsirləndirilən şəxslərə müraciət edib, onlara verilən ittihama münasibət bildirmələrini istəyib. 


 
Təqsirləndirilən Sahib Ələkbərov söz alaraq ittihama əsəbi şəkildə, yüksək tonla münasibət bildirib: 
 
- İcraatımda olan hər bir cinayət işi üzrə Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev qərar verən vəzifəli şəxslərdir. Baş prokuror Zakir Qaralov özü müraciət edirdi Rüstəm Usubova, milli təhlükəsizlik nazirinə, Mövlam Şıxəliyevə. Qaldırın mənim telefonlarımı baxın. Mövlam Şıxəliyev də məni yanına çağırırdı. Açıq şəkildə deyirdi ki, Rüstəm Usubovdan belə bir tapşırıq gəlib. Ya deyirdi ki, filankəsi azad et və ya da get filankəsi həbs elə. Göstəriş veriblər, mən də tapşırığı yerinə yetirmişəm. Mən heç kim idim. Baş prokuror başda olmaqda, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim. 
 
Zərərçəkən Zaur Əliyev bu yerdə təqsirləndirilən şəxsə belə bir sual verdi: 
 
-Sahib Ələkbərov, sizə verilən qanunsuz tapşırıqları icra etməsəydiniz, nə olacaqdı? 
 
Təqsirləndirilən şəxs: 
 
-Mənim özümü həbs edəcəkdilər
 
Bundan sonra məhkəmə prosesi iyunun 14-nə qədər təxirə salındı. 
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya