Saat:00:18
Haqqımızda

Şagirdlərin Emin Əmrullayevə müraciətinə "yox" cavabı gəldi: Onların aqibəti necə olacaq?

2025-12-11 22:01:57

 Şagirdlərin Emin Əmrullayevə müraciətinə

Yardımlı rayonundan olan bir qrup vətəndaşın  Elm və təhsil naziri Emin Əmrullayevə müraciəti barədə məlumat vermişdik.

Rayonun Şıxlar kəndindən olan bir qrup şəxs  kənd  tam orta məktəbinin  10-cu sinfinin  bağlanması və şagirdlərin çıxılmaz durumda qalmasından şikayətlənirlər.

Sözügedən  məktəbin 10-cu sinfi bağlandığından valideynlər məcbur qalıb uşaqlarını uzaqda yerləşən qonşu Azər Məmmədov adına Çanaqbulaq kənd tam orta məktəbinə yerləşdirdilər.

Valideynlər - Rəfiyev Möhübbət,Əsgərov Nəsib,Kamilov Əlif,Yaqubov Fərasim,Bağışov Nəsimi və  şagirdlər Rəfili İsmayıl,Əsgərli Mikayıl,Kamilov Rihad,Yaqublu Fərasim,Bağışova Safra müraciətlərində  Yardımlı rayon,Şıxlar kənd M.T.Zamanov adına tam orta məktəbinin 10-cu sinfinin yenidən  açılmasını istəyiblər.

Keçilməz yolların görüntüsü

 

Qeyd olunan müraciətlə bağlı Elm və Təhsil Nazirliyindən Oxu24.com-un sorğusuna cavab verilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən  məlumata görə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun və “Ümumi təhsil haqqında” Qanunlarının müvafiq maddələrinə əsasən yalnız ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məktəblərin azkomplektli formada fəaliyyətinə yol verilir. 

   " Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”na əsasən, tam orta siniflərin təşkili üçün minimum şagird sayı təmin olunmalıdır. Şıxlar kənd məktəbində X sinifdə cəmi 4 şagird olduğundan sinfin açılması normativ tələblərə cavab vermir.  

Sözügedən məsələ ilə bağlı valideynlərlə görüş təşkil olunub və müraciətləri rəsmi olaraq mövcud qaydalar izah edilməklə cavablandırılıb. Şagirdlərin təhsil hüququnun təmin olunması məqsədilə onların qonşu məktəblərdə təhsillərini davam etdirmələri tövsiyə edilib. 

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə 14 oktyabr saat 11:00-dan etibarən şagird yerdəyişməsi prosesi davam edir",-deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki,sözügedən məktəbdə sinfin bağlanmasından sonra şagirdlərin təhsil alması mümkünsüz olub.Buna səbəb kimi,yolların,nəqliyyat vasitəsinin həmin ərazidə olmaması göstərilir.

Oxu24.com məsələ ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyətinə,rayonun millət vəkilinə,Ombudsman Aparatına və digər aidiyyatı qurumlara sorğu ünvanlayıb.

 

Hazırladı: Miri Məcidli