Saat:04:35
Haqqımızda

Şadlıq saraylarının özbaşınalıqları tək bununla bitmir ki... - Bu sahə başlı-başına buraxılıb...

2024-02-09 16:57:32

Şadlıq saraylarının özbaşınalıqları tək bununla bitmir ki... - Bu sahə başlı-başına buraxılıb...

Azərbaycan toyları öz dəbdəbəsi, zəngin süfrəsi ilə seçilir. Əfsuslar olsun ki, Azərbaycanda "yaxşı toy" düşüncəsi bahalı və çox yemək çeşidi ilə müəyyən olunur. Toyların dəbdəbəsi artdıqca onlardan gözlənən gəlir də yüksəlir.

Həmçinin toylarda süfrədə olan israfçılıq insanlara mənfi təsir göstərir, yüksək səs akustikası isə qonaqların el şənliyindən zövq almasına imkan vermir. Lakin problem tək israfçılıq, yüksək səs akustikası ilə bitmir. Məlumdur ki, bu gün toylarda müxtəlif tərtibatda şoular təşkil olunur. Rəqqaslar plovu zala üzəri yanan maddə ilə gətirir. Həmçinin, toylarda alovlu şoular təşkil olunur. Ancaq bu tip şoular təşkil olunan zaman heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Qeyd edək ki, bu günlərdə Bakıda toyda gözlənilməz hadisə baş verib. Görüntülər sosial şəbəkələrdə yayılıb. İddialara görə, toyda rəqs qrupunun alovlu şousu zamanı rəqqaslardan birinin geyimi yanıb. Görüntülərdən aydın olur ki, rəqqas oğlan son anda üzünün və əlinin yanmasının qarşısını ala bilir. Əks təqdirdə o, daha ciddi yanıq xəsarətləri ala bilərdi.

Onu da bildirək ki, iaşə obyektlərində alovlu şouların təşkil olunması qadağan olunsa da, buna əməl edən yoxdur. Bu səbəbdən də ekspertlər hesab edir ki, toylara xüsusi nəzarət olunmalıdır.

Ağa Salamov: “Menyularda absurd rəqəmlərə, hətta adambaşına 200-250 manat olan menyulara rast gəlinir”

Qida texnoloqu Ağa Salamov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, restoranlarda cürbəcür salatlar, qril, balıq və müxtəlif ət məhsulları, ardınca çeşid-çeşid kabablar, plov, daha sonra tort, dondurma, çay verilir: “Bir insan nə qədər yemək yeyə bilər? Hesabladıqda adambaşına 2 kiloqramı keçir. Bir insan bu qədər yesə belə, zaldakı səs və spirtli içki nəzərə alınmalıdır. Bütün bunlar ürək-damar sisteminə ciddi təsir göstərir. Toydan sonra infarkt olanların sayı da az deyil.

Həmçinin, menyularda absurd rəqəmlərə, hətta adambaşına 200-250 manat olan menyulara rast gəlinir. Bu da pul, qida və əmək israfçılığına səbəb olur. Deyə bilərlər ki, aşpaz pul müqabilində işləyir. Lakin onun çəkdiyi zəhmət, istifadə olunan elektrik enerjisi, nəqliyyat xərclərinin hamısı israf olur”.

A.Salamov hesab edir ki, şadlıq evləri tərəfindın düzgün menyu tərtib edilmir: “Bu problemlərin aradan qalxması üçün qida rasionuna görə menyular tərtib olunmalıdır. Zülal və karbohidratlar nəzərə alınmalıdır. Avropada, qardaş Türkiyədə adi içki, şirniyyat, yaxud barbekü, kanepelərlə toyu yola vermək olur. Bu israfçılıq qarşıda dünyanı qıtlığa sürükləyəcək amillərdən biridir, qlobal bir problemdir”.

Elmar Nurəliyev: “Bu cür obyektlərdə istifadə olunan avadanlıqların hər birinin yanğın təhlükəsi risqi var”

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür obyektlərdə istifadə olunan avadanlıqların hər birinin yanğın təhlükəsi risqi var: “Ümumiyyətlə, bu cür vasitələrdən istifadə edilirsə onun sertifikasiyası olmalıdır. Eyni zamanda, alov şounu təşkil edən şəxsin bu sahəyə dair bilik və bacarığı olmalıdır. Onu da deyim ki, alov şouları yalnız açıq məkanlarda təşkil olunmalıdır. Qapalı məkanda belə bir şou təşkil olunacaqsa mütləq aidiyyəti üzrə qurumların rəyi alınmalıdır”.

Elçin Bayramlı: “Azərbaycan toyları psixotron, fiziki-bioloji terror yuvasıdır”

Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycan toyları psixotron, fiziki-bioloji terror yuvasıdır: "Dünyada ən biabırçı toy mərasimi hazırda bizdədir, çünki burada nə milli, nə də bəşəri dəyərlər qalıb. Hər cür israfçılıq, görməmişlik, harınlıq burada birləşir. Toy zalındakı dəhşətli hay-həşir, süfrədə ağla gələn-gəlməyən bütün nemətlərin düzülərək israf olunması və s. Üstəlik, bu cür toylar yeni qurulan ailələrə də zərər vurur. Onların bir çoxu borc-xərcə düşür və toya gələn qonaqlar da Azərbaycan üçün böyük bir məbləğ sayılan pulu itirmiş sayılırlar, çünki o pul həmin ailəyə yox, hansısa biznes sahiblərinə çatır. Belə toyun artıq heç bir müsbət tərəfi yoxdur. Bu problemi artıq maarifləndirmə tədbirləri ilə həll etmək mümkün deyil. Biz bunu artıq 20-30 ildir görürük, ancaq inzibati metodlarla mümkündür ki, bu da insan hüquqları pozuntusu adlanır. Ən azından sadə toy mərasimlərinin keçirilməsi üçün müəyyən bir çərçivə qoyulmalıdır və ən əsası, cəmiyyətə nümunə olacaq şəxslər, yəni intellektuallar, ziyalılar, məmurlar, deputatlar, nazirlər nümunə göstərməlidir. İlk növbədə onlar milli adət-ənənələrimizə əsaslanan sadə və normal toy keçirməlidirlər. Hesab edirəm ki, bu məsələ dövlət səviyyəsində müzakirə olunmalıdır, parlamentdə müəyyən tövsiyələr verilməlidir, bəzi məsələlərdə inzibati qadağa qoyulmalıdır. Məsələn, səs terroruna qadağa qoymaq olar. Mən şəxsən toylara gedəndə zalda otura bilmirəm, çünki orada dəhşətli dərəcədə yüksək desibeldə olan səsdən beyin hüceyrələri məhv olur. Bu artıq dəhşətli bir işgəncədir. Bundan başqa, içəridə böyük fişənglər yandırılır, zəhərli hava salona dolur, içəridəkilər zəhərlənir. İnsanlara təbliğ olunmalıdır ki, gəlin paltarının qiyməti 5000 olmaya da bilər, bunun ailə xoşbəxtliyinə heç bir dəxli yoxdur. Kütlə özbaşına heç vaxt nəyisə düzəltmir. Bir çox ölkələrdə belə dəbdəbəli, təntənəli, milyonların, qızılların göyə səpildiyi toy mərasimləri qadağandır. Xüsusilə də məmurlara, biznesmenlərə dövlət tərəfindən imkan verilmir. Bu kimi məsələlər kompleks şəkildə yuxarı təbəqələrdən gəlməli və aşağılara da qəbul etdirilməlidir. Əks halda bu artıq toy yox, sadəcə görməmişlik yarışıdır".

Eyyub Hüseynov: “İnsanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, insanların düşüncəsi dəyişmədikcə şadlıq sarayları da əcaib hərəkətlərini davam etdirəcək. İnsanlar şadlıq sarayına növbəyə durduqca onlar öz istədiklərini edəcək: “Ümumiyyətlə, şadlıq saraylarının iş mexanizmi də israfçılığa səbəb olur. Restoranlarda səs tembri, kondisionerin işləməsi, ofisiantların hərəkətləri hamısı ona yönəlib ki, insanlar tez durub getsin. Onlar toy edənin istəklərinin əksinə olaraq, öz hazırladıqları menyu və kalkulyasiya təqdim edirlər. Deyirlər, qəbul edirsən et, etmirsən, etmə. Bunların aradan qaldırılması üçün maarifləndirmə işi aparılmalıdır. İnsanlar açıq hava, palatka toylarına keçməlidir. Belə olduqda biznes üslubu da dəyişəcək”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183828