Saat:09:58
Haqqımızda

Sabunçuda yoxsulluq içində yaşayan ailənin aqibəti necə olacaq? - İKİ QURUMDAN AÇIQLAMA

2021-12-07 15:46:00

Sabunçuda yoxsulluq içində yaşayan ailənin aqibəti necə olacaq? - İKİ QURUMDAN AÇIQLAMA

Sabunçu rayonu, Emir Bağırov küçəsində yaşayan Şayirə Mürsəlova "Hürriyyət"ə olan müraciətindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən araşdırma aparılıb.

Şikayətçi müraciət edərək, həyat yoldaşı Şakir İsgəndərovun əlil olmasına baxmayaraq pensiya ala bilmədiyini deyir. Hazırda yoxsulluq içində yaşayan ailə nə sosial müavinət, nə də pensiya ala bilir.

Sabunçu sakinin "Hürriyyət"ə olan müraciətini yenidən təqdim edirik:

"Gürcüstan vətəndaşıyam. Hazırda ailəmlə Azərbaycanda yaşayıram. Yoldaşım Astara rayonundandır. Dörd azyaşlı övladım var. Həyat yoldaşım İsgəndərov Rahim Şakir oğlu belindən əlildir. O dərnəgül xəstəxanasında yatıb. Uşaq vaxtı xəstəxanadan çıxarkən kağız almayıb. Valideynləri də rəhmətə gedib. İndi həmin xəstəxananı dəyişiblər. Deyirlər ki, kağız olmadan pensiya verə bilmərik.

Özüm də dializ və talasemiya xəstəsiyəm. Eyni zamanda, üç yaşlı övladım da talasemiya daşıyıcısıdır. Bir otaqlı olan taxtadan olan tikilidə məskunlaşmışıq. Nə sosial yardım, nə də pensiya ala bilmirik. Dəfələrlə aidiyyatı orqanlara müraciət etmişik. Amma müraciətimi cavabsız qalır. Çox pis vəziyyətdə yaşayırıq. Həyat yoldaşımın savadı olmadığından dəmir-plasmas qablar yığıb satır. Digər tərəfdən yoldaşımın iş yeri olmadığına görə biz sosial müavinət də vermirlər".

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətindən "Hürriyyət"ə deyilib ki, əlilliyin qiymətləndirilməsi üçün vətəndaş ilk növbədə yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir:

"İskəndərov Rahim Şakir oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı indiyədək heç bir rəsmi müraciəti qeydə alınmayıb. Nəzərinizə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi üçün vətəndaş ilk növbədə yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməlidir. Həmin səhiyyə müəsisəsi tərəfindən vətəndaşın diaqnozu ilə bağlı məlumatlar, ağırlaşmalar, köməkçi diaqnostik müayinələr, ixtisaslaşmış həkim rəyləri və digər tibbi məlumatlar əsasında forma 88 (göndəriş) tərtib edilib, rəsmiləşdirilərək elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Altisisteminə göndərilməlidir. Nazirliyin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həmin göndərişə əsasən, vətəndaş-ekspert ünsiyyəti olmadan şəxsin əlilliyi ilə bağlı müvafiq qərar verilə bilər. Vətəndaşın həyat yoldaşının da əlilliyi ilə bağlı heç bir müraciəti yoxdur, baxmayaraq ki, dializ və talassemiya xəstəsi olduğunu iddia edir. Digər tərəfdən övladının talassemiya daşıyıcısı olduğunu bildirir. Qanunvericiliyə əsasən, talassemiya daşıyıcılığı əlilliyə əsas vermir".

Digər bir qurum DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi də sözügedən ailə ilə bağlı araşdırma aparıb. DOST Agentliyi ailə ilə əlaqə saxlanılacağını deyib:

"DOST mərkəzində ona bu və ya digər sosial dəstək instrumentindən yararlanmaq üçün mövcud qaydalar, qanunvericiliyin tələbləri, prosedurlar haqqında məlumat veriləcək və əgər bu şərtlərə uyğundursa vətəndaşa bundan yararlanmaq üçün dəstək göstəriləcək".

Qeyd edək ki, ailə acınaqlı vəziyyətdə yaşayır. Onu da vurğulayaq ki, ailənin dörd azyaşlı övladı var. Onlardan üçü məktəbə getməli olduğu halda, təhsildən yayınıblar.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR