SABUNÇU SEL SULARINA QƏRQ OLDU... – Sakinlər rəsmi qurumlardan şikayətçidir / VİDEO
Sabunçu Rayonunun 9-cu mədən ərazisində yaşayan Məhərrəmov Eldar Heydər oğlu “Hürriyyət”in redaksiyasına bu günkü leysandan sonra orada yaranan mənzərəni əks etdirən video görüntülər yollayıb. Gördüyünüz kimi, sel-su evlərə dolub. Məyus olan insanlar evlərini çirkab sulardan təmizləməyə çalışır.
Eldar bəyin dediyinə görə, hər dəfə Bakıya yağış, qar yağanda sözügedən ərazidə eyni problemlər yaşanır. Artıq havalar soyuyur, qarşıdan qış gəlir, bundan sonra sakinlərin vəziyyəti daha da ağırlaşacaq. Burada yaşayan insanların əksəriyyəti bir tikə çörək pulunu min bir əziyyətlə qazanır. Bununla belə, öz şəxsi vəsaitləri hesabına əraziyə kanalizasiya çəkdiriblər. Amma buruqların tullantıları kanalizasiya sistemini yararsız hala salıb.
Qeyd edək ki, 1901-1904-cü illərdə Nobel qardaşları tərəfindən inşa edilən, uzun illər boyu heç bir təmir işləri aparılmadığından yaşayış üçün tam yararsız vəziyyətə düşən sözügedən yaşayış binalarının sakinləri dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə şikayət ediblər. Amma bu günə qədər heç bir nəticə yoxdur.
9-cu mədən ərazisində yaşayan bir qrup narazı sakin adından redaksiyamıza müraciət edən Eldar Məhərrəmov deyir ki, “müharibənin yeni bitdiyini, azad edilmiş torpaqlarda quruculuq işləri aparıldığını anlayırıq, o üzdən öz problemlərimizi özümüz həll etməyə çalışırıq. Amma vəziyyət həqiqətən dözülməz həddə çatıb. Gördüyünüz bu rus əsilli zəhmətkeş qadın əsgər anasıdır. Yeganə oğlu Vətən Müharibəsinin ilk günündən döyüşlərdə fəal iştirak edib, üç medalla təltif olunub. Müharibədən sağ-salamat dönsə də, hələ ki, iş tapa bilmir, atası isə işəmuzd fəhlədir. Heç insafmıdır ki, övladı vətənin bütövlüyü uğrunda həyatını riskə atan bir ailə belə dözülməz şəraitdə yaşasın?!”
Eldar Məhərrəmov 9-cu mədən sakinləri adından aidiyyatı qurumlara səslənərək, ya kanalizasiya sisteminin yararlı vəziyyətə gətirilməsini, ya da yaşayış üçün daha əlverişli bir əraziyə köçürülmələrini xahiş edir.
Runa
Hurriyyet.az
P.S. Doğrusu, 21-ci əsrdə, Azərbaycan kimi zəngin yeraltı və yerüstü sərvətləri olan bir ölkənin paytaxtında insanların bu cür dözülməz şəraitdə yaşaması həm təəccüblü, həm də son dərəcə məyusedicidir.
Ümid edirik ki, sakinlərin harayına hay verən, dərdinə əlac edən tapılacaq.