Sabiq referi: “Bəzi hakimlər VAR-a “mən necə istəyirəm, elə də edirəm” düşüncəsi ilə yanaşır…”

2022-12-24 19:48:00

Sabiq referi: “Bəzi hakimlər VAR-a “mən necə istəyirəm, elə də edirəm” düşüncəsi ilə yanaşır…”

Azərbaycan Premyer Liqasında ilin son turu keçirilir. Bu da mövsümün yarısının geridə qalması anlamındadır. 2022/2023 mövsünün başlanğıcından bəri ölkə çempionatında bir sıra yeniliklər gördük ki, onlardan VAR sistemini xüsusi vurğulamaq olar. Bununla yanaşı Hakimlər Komitəsində dəyişiklik baş verdi. Bununla yanaşı Azərbaycan Premyer Liqasında oyunları idarə edəcək hakimlərin yenilənmiş siyahısı da açıqlandı. Sabiq hakim Zahid Musayev ölkə futbolunda hakimliyin son durumunu, o cümlədən VAR sistemini və Hakimlər Komitəsinin işini dəyərləndirib.

 

O, Qaynarinfo-ya müsahibəsində ölkə futbolunda hakim səhvləri ilə diqqət çəkən epizodlara da toxunub:

 

- Azərbaycan Premyer Liqasında qış fasiləsinə yaxınlaşırıq. Futbolumuzda hakimliyin hazırkı durumunu necə dəyərləndirirsiniz?

 

- Ümumilikdə normaldır. Bəzi səhvlər var ki, onları düzəltmək lazımdır. Bəzi epizodları müzakirə edirlər, amma yanaşma düzgün deyil. Yəqin ki, "Turan Tovuz”la "Kəpəz”in oyunundakı hadisəni bildiniz…

 

- Son vaxtların ən çox müzakirə edilən epizodu oldu. Onu necə dəyərləndirirsiniz?

 

- Çox insalar onu başqa cür dəyərləndirir. Hamı bilir ki oyunun 17 qaydası var. 12-ci oyun qaydası cərimə vərbəst zərbələrə aiddir. Ehtiyatsız, düşüncəsiz hərəkəti və ya fiziki güc işlətməyi qiymətləndirmək bölməsində yazılır ki, rəqibi ayaqla vurduqda və ya vurmağa cəhd 12-ci oyun qaydasının pozulmasıdır. Yəni, intizamsız davranışdır. Bu, bir punkt. İkinci və üçüncü punktlarda yazılıb ki, rəqibin üzərinə hoppanmaq və hücum etmək. Yəni hər üç punkt pozulub. Bunun isə sərbəst zərbəyə aidiyyatı yoxdur. 13-cü oyun qaydası, cərimə və sərbəst zərbələr punktuna baxaq. Yazılır ki, 7 punktdan biri pozularsa qeyri-idman hərəkəti sayılır. Burda isə bir neçə punkt pozulub. Yəni başqa cür analiz etmək olmaz. Konkret olaraq həmin epizodda penalti və sarı vərəqə göstərilməli idi. Qırmızı vərəqə qərarı bir qədər ağır olardı. Bunu qaydalar deyir, mən yox. Hər iki bölgə Azərbaycan futbolunun "qaymaq” rayonlarıdır. Şəxsi prizmadan yanaşmıram. "Turan Tovuz”a, "Şamaxı”ya və digər klublara qarşı da belə qayda pozuntusu olarsa eyni qərar verilməlidir. Bu qayda pozuntusu cərimə meydançasından kənarda olsaydı, istənilən hakim qeydə alardı və oyunu dayandırardı. Futbolçunun belə mübarizə aparmaq səlahiyyəti yoxdur. 

 

- Düşünürsünüz ki, futbolçu bilərəkdən rəqibinə qarşı o şəkildə kobud oynamışdı?

 

- Bəli, bilərəkdən kobudluq etmişdi. Çünki top havada idi və o, başla da oynaya bilərdi. Həmin ana qədər başqa bir qayda pozuntusu vardı və onu da itirdilər. Hava mübarizəsində "Kəpəz”in oyunçusu dirsəklə rəqibini vurmuşdu. Eynən dünya çempionatındakı İngiltərə - Fransa matçındakı kimi. Hakim VAR-a baxandan sonra qayda pozuntusunu qeydə alır, ikinci dəfə penalti təyin edir. Ancaq Harri Keyn vura bilmir. Eyni qayda pozuntusudur. Havada olan oyunçuya kiçik toxunuş kifayətdir ki, qayda pozuntusu sayılsın.

 

- Ümumiyyətlə VAR sistemi Azərbaycanda özünü doğruldur?

 

- Tam olaraq xeyr. Şəxsi fikrimdir, VAR sistemi tətbiq olunandan oyunlarda ləngimələr var. VAxt itirirlər. Futbolçu sürətlə getdiyi zaman, oyunu dayandırıb VAR-a baxırlar. Həmin saniyələr ərzində hansısa komandanın üstünlüyünü əlindən ala bilərlər. VAR yaxşı sistemdir. Lakin elə mütəxəssislər seçməlidirlər ki, epizodları düzgün dəyərləndirsinlər. Hakimi epizoda baxmağa dəvət edirlərsə, deməli, şübhə var. Lakin bəzi hakimlər VAR-a "mən necə istəyirəm, elə də edirəm” düşüncəsi ilə yanaşır və sistemin köməyinə ehtiyac duymadığını fikirləşir. Bu da düzgün deyil. Heç kim məsələyə şəxsi yanaşa bilməz. Görürəm ki, bəzi hakimlərdə "mənəm mənəmlik” var. Bu insanları düzgün istiqamətə yönəltmir. VAR-dan tam razı deyiləm. Oyunlar vaxtı VAR-a baxan hakimlər də qətiyyətli olmalıdır. 

 

- AFFA 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında idarəçilik edəcək hakimlərin siyahısını açıqladı. Bu siayhı ilə bağlı düşüncələriniz necədir? Məsələn siyahıya layiq olmayan hakimlər var?

 

 

 

- Qarşımıza nə qədər ki, düzgün iş prinsipi qoymamışıq, bunlar olacaq. Həmişə görmüşük, yeni komitə sədri gələndə, daha çox onlara yaxın olan hakimlər normativlər verirdi, oyunlara təyinat alırdı. İndi də baxıram ki, kim daha çox komitəyə yaxındırsa eyni hal müəyyən mənada təkrarlanır. Lakin əvvəlki dönəmlərə nisbətən indi normativləri, imtahanları yaxşı verən hakimləri az da olsa önə çəkirlər. Bu məsələdə bir qədər irəliləyiş var. Komitə daha çox oyun təcrübəsi olan hakimləri önə çəkməlidir. Komitənin işinin faydası olması üçün bundan istifadə edilməlidir.

 

- Hakimlər Komitəsinin yeni rəhbərliyinin işini necə qiymətləndirirsiniz? Yetərincə ədalətlidirlər?

 

- Fritz Ştuxlik yarıtmaz fəaliyyəti ilə Azərbaycan hakimliyini məhv etdi. Yeni rəhbərliyin işində tam olmasa da nisbətən ədalətlilik görünür. Yeni sədr türkdür. Bir şeyi də vurğulayım ki, yeni sədrin işi əsasən Azərbaycanda VAR sistemini tətbiq etməklə bağlıdır. O, Hakimlər Komitəsinin sədri kimi səlahiyyəti ancaq Azərbaycanda alıb. Belə görürəm ki, rəhbər strukturda sırf sədr kimi fəaliyyət göstərmək onun iş prinsipi deyil. O VAR-ı Azərbaycanda yaradıb, nəzarət və tətbiq edir. Səmimi deyirəm, Hakimlər Komitəsinə azərbaycanlı, doğru sədr lazımdır. Hansı ki, şəxsi ambisiyalarını önə çəkməli deyil, komitənin işini irəli aparmalıdır. 

 

- Bu il Premyer Liqada yeni adlar da gördük. Maraqlıdır, yenilərdə hansı çatışmazlıqlar nəzərə çarpır?

 

- Təcrübə çatmır. Epizodları dəyərləndirə bilmirlər. Gənc hakimləri birdən-birə belə oyunlarda ortaya atıb "yandırmaq” olmaz. Oyun praktikaları çox azdır. Bunu artırmaq lazımdır. Daha çox oyun idarə etməli, gərginlikdə olmalıdırlar ki, "yetişsinlər”. 12-14 yaşlı uşaqların oyunlarını idarə etmiş hakimləri birdən-birə Premyer Liqaya göndərmək, əsas oyunlara təyin edib sonra da ictimaiyyətin qınağına çevirmək düzgün deyil. Onların hazırlaığına əmin olduqdan sonra məsuliyyətli oyunlara göndərmək lazımdır. Burda klubların haqları məsələsi var. Heç kimin ixtiyarı yoxdur ki, klubların haqqına girsin. Kim güclüdür, o da qalib gəlməlidir. 

 

- Sizcə Əliyar Ağayevin Çempionlar Liqasına təyinatı gecikmiş idi?

 

- Bəli, gecikmiş idi. Onun qarşısını alan şəxs də Fritz Ştuxlik oldu. 

 

Səbuhi Həsənov


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142893