Saat:17:25
Haqqımızda

Sabiq nazir müavininin QULluğu... - VAZEH BƏHRAMOĞLU YAZIR

2021-11-30 13:56:00

Sabiq nazir müavininin QULluğu...  - VAZEH BƏHRAMOĞLU YAZIR

Yaxud İsmayıl İsmayılov nədən başını dik tutmur?

Dünən ölkə başçısının imzaladığı müvafiq sərəncamla İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov tutduqları postdan - gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər. Daha sonra İsmayıl İsmayılov qaynarinfo-ya açıqlamasında sərəncamın onun üçün gözlənilməz olduğunu bildirməklə yanaşı, sosial şəbəkələrdə geniş müzakirəyə, daha doğrusu məsxərəyə səbəb olan fikir səsləndirib. Belə ki, 15 il nazir müavini postunda olduğunu vurğulayan İsmayıl İsmayılov "Mən ömrümün sonunadək prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram", deyə qeyd edib. Bundan başqa, heç nəyin əbədi olmadığını xatırladan sabiq nazir müavini bundan sonra elimi işlərlə məşğul olacağını bildirib.

Sözün açığı, "Mən ömrümün sonunadək prezidentimizin quluyam" kəlməsini hansısa sadə, dünya görüşü və elmi biliyi olmayan vətəndaş işlətsəydi, onu başa düşmək olardı. Çünki adam ölkə başçısına olan sevgi, hörmət və sadəqətini daha düzgün cümlə ilə ifadə etməkdə çətinlik çəkir, yaxud ümumiyyətlə bacarmır. Lakin 15 il gənclər və idman nazirinin müavini kimi yüksək postda təmsil olunmuş birinin bu cümləni işlətməsi heç cür qəbul edilən deyil. Odur ki, İsmayıl İsmayılov da vəzifədən kənarlaşdırılan digər nazir və ya nazir müavinləri kimi "Allah cənab prezidentin canını sağ eləsin. Neçə illər mənə etimad göstərdi. İndi məsləhət oldu ki, vəzifədən gedim. Bu, prezidentin səlahiyyətində olan məsələdir və müzakirə olunmur", "Harada olmağımızdan asılı olmayaraq, əlimizdən gələni xalqımız üçün etməli, prezidentin tapşırdığı vəzifələri icra etməliyik. Mən də hər zaman prezidentin tapşırığını yerinə yetirmişəm" və ya "Cənab prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur" deməklə kifayətlənsəydi daha məqsədəuyğun olardı. Çünki bu zaman heç kim onun barəsində artıq-əskik danışmaz, sözügedən ifadəsi sosial şəbəkələrdə məsxərə obyektinə çevrilməzdi.

Görünür, gənclər və idman nazirinin sabiq müavininin xəbəri yoxdur ki, ölkə başçısı İlham Əliyev özü dəfələrlə çıxışlarında "Məmur xalqın qulluqçusu olmalıdır, xalqın ən birinci qulluqçusu da mənəm", - deyə vəzifə sahiblərinə irad tutub. Təxminən, bunabənzər açıqlama ilə qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxış edib. Belə ki, o, "Qula qul olmayın – istər prezident olsun, istər baş nazir, istərsə də pul ataları. Məqam, vəzifə sahiblərinin önündə əyilməyin. Bilin ki, ruzinin sahibi Allahdır", - deyə qeyd edib. İsmayıl İsmayılovun diqqətinə çatdırmaq istərdim ki, həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan bununla hər bir məmurun başlıca vəzifəsinin xalqa qulluq etmək olduğunu xatırladıb, eyni zamanda vətəndaşların daim hər kəsin önündə dik durmasını, yəni qul təfəkküründən uzaq olmasını məsləhət görüb. İsmayıl İsmayılov isə "Mən ömrümün sonunadək prezidentimizin quluyam", deməklə 15 il boyunca xalqa qulluqdan uzaq olduğunu təsdiq etmiş olub.

Bu arada, dik durmaqdan söz düşmüşkən, qeyd etməliyəm ki, ölkə əhalisinin böyük bir qismi başını aşağı salmağa meyl edir. Yolda, sərnişinnəqliyyatda diqqət yetirin, çoxluq başını aşağı salıb gedir. Bilirsiniz niyə? Ona görə ki, onları uşaq yaşlarında valideynləri məhz bu cür tərbiyə edib. Məsələn, İsmayılın 6 yaşı tamam olub və o, məktəbə hazırlaşır. Anası deyir: Bala, başını aşağı sal, dərsinlə məşğul ol və heç kimlə işin olmasın. Və ya 18 yaşlı Nazim hərbi xidmətə yollanır. Bu zaman övladını hərbi hissəyə yola salan ata "Oğul, başını aşağı sal xidmətini elə. Çalış evə sağ-salamat qayıt", deyə Nazimə öyüd-nəsihət verir. Özünüz fikirləşin, bu cür tərbiyə olunan şəxs gələcəkdə hüququnu tələb etmək iqtidarında ola bilərmi? Ümumiyyətlə, ondan hansısa bir cəsarətli addım gözləmək olarmı? Təbii ki, xeyir. Rayon yerində olanlar bilməmiş deyil ki, heyvanlar arasında başı aşağı gəzmək ancaq qoyun və uzunqulaqlara məxsus xüsusiyyətdir. Mərdlik və igidlik rəmzi sayılan at və canavar, həmçinin heyvanların şahı olan aslan, hətta tülkü də başı yuxarı gəzir. Bu sözlərimlə əsla və əsla kimisə təhqir etmək fikrim yoxdur. Sadəcə, reallıqdan çıxış edərək, mövcud vəziyyəti başa salmağa çalışıram. Odur ki, inciməyə dəyməz, sadəcə başınızı dik tutun, yetər!

Əbəs yerə deməyiblər ki, pivənin yaxşısı köpüyündən, qozun yaxşısı qabığından, qarpızın yaxşısı zolağından, insanın yaxşısı isə üzündən və sözündən tanınır. İsmayıl İsmayılovun məlum sözü isə onun  haqqında heç də yaxşı təəsürat yaratmır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR